Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı yeni sənədin təsdiqi gözlənilir İqtisadiyyat

Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı yeni sənədin təsdiqi gözlənilir

Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı yeni sənədin təsdiqi gözlənilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda çərşənbə günü keçirilən tədbirdə bildirib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdırılmasının təmin edilməsi üçün həmin bölgənin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi başlıca məqsəddir.

Hazırda bu məqsədlə beynəlxalq təşkilatlarla, tərəfdaşlarla, xüsusilə də BMT-nin qurumları ilə əməkdaşlıq davam edir:

"Növbəti addımlarda isə işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktura uyğun olaraq ağıllı şəhər və ağıllı kənd konsepsiyaları daxil olmaqla yaşıl enerji zonalarının tətbiqi nəzərdə tutulub. Bu da 2021-2025-ci illərdə sosial iqtisadi inkişaf strategiyası ilə bağlı layihədə nəzərə alınıb. Dayanıqlı inkişafa nail olmaqda əməkdaşlığımızın rolu böyükdür.

2030-cu ilin gündəliyindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iqtisadi, sosial və ekoloji potensialının daha da gücləndirilməsi üçün beynəlxalq investorların iqlim dəyişiklikləri ilə mübarizədə donor təşkilatların cəlbi, beynəlxalq təşkilatlarla ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrin genişləndirilməsi, özəl və dövlət şirkətlərinin prosesə qoşulması, özəl sektor tərəfdaşlığının yüksək səviyyəyə qaldırması vacibdir, ən qabaqcıl dünya praktikası da bunu təsdiqləyir.

Bu məqam inkişaf maliyyələşdirilməsi üçün üçüncü beynəlxalq konfransda qəbul edilmiş gündəlikdə öz əksini tapıb. Yaxın vaxtlarda bununla bağlı yeni təkmilləşdirilmiş qanunvericiliyi dövlət başçısına təqdim etmək niyyətindəyik. Bu sənədin hökümətdə razılaşdırma prosesi başa çatır".