“Ermənistan işğalçıdır və mövcud vəziyyət artıq davam edə bilməz” Müsahibə

“Ermənistan işğalçıdır və mövcud vəziyyət artıq davam edə bilməz”

Türkiyəli politoloq Hasan Oktay: "Qarabağ Ermənistanın belində böyük bir iqtisadi yükdür"

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma "DQR" rejiminin tanınması məsələsinə baxaraq, bununla bağlı irəli sürülən qanun layihəsini parlamentə göndərib. Ekspertlər İrəvanın bunu daha çox şantaj kimi ortaya atdığını düşünür. Lakin "dördgünlük müharibə"dən sonra yaranmış situasiyada bu məsələnin gündəmə gəlməsi maraqlıdır.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində bu məsələni şərh edib.

- Ermənistan Qarabağın tanınması məsələsini niyə indi gündəmə gətirir?
- Aprel ayının əvvəlində baş verən silahlı toqquşma Ermənistan üzərində böyük bir şok yaratdı. Qarabağ XXI yüzillikdə dövlətlər qanununa görə artıq bu şəkildə statussuz qala bilməz. Ermənistan işğalçıdır və mövcud vəziyyət artıq davam edə bilməz. Qarabağ Ermənistanın belində böyük bir iqtisadi yükdür. Ermənistanın öz iqtisadiyyatı hər il bir az da çökür. Apreldə baş verən gözlənilməz müharibə erməni xalqını münaqişədən bezdirməklə yanaşı, həm də oyandırdı. İrəvan küçələrində Rusiya əleyhinə aksiyalar keçirildi. Rusiya baş verənləri izləyir və Ermənistan hakimiyyəti üzərində təzyiqlərini artırır. Ermənistan hakimiyyətinin də vəziyyətdən çıxmaq, xalqın diqqətini vətənpərvərliyə yönəldərək, etirazları səngitmək üçün bəzi addımlar atacağı gözlənilən idi. Müxalifət deputatları olan Zaruhi Postanyan və Qrant Baqratyan tərəfindən Qarabağın müstəqilliyinin tanınması ilə bağlı irəli sürülən qanun layihəsi iki maddədən ibarətdir: Ermənistan "DQR"-in müstəqilliyini tanıyır, adıçəkilən qanun layihəsi bir gün sonra tətbiq olunur. Bu layihəni müxalifət deputatları irəli sürsə də, erməni hökumətinin maraqlarına uyğundur. Çünki bütün diqqətlər bura yönəlib. Ermənistan Qarabağı tanıma blefi ilə Azərbaycanı bir neçə gün narahat etməyi planlaşdırır.
- Necə düşünürsünüz, bu qanun layihəsi qəbul ediləcəkmi?
- Ermənistan xarici işlər nazirinin müavini Köçəryan bir jurnalistin "Ermənistan hökuməti 5 mayda Qarabağın tanınması məsələsini dəstəkləyəcəkmi" sualını cavablandırarkən, "əslində hökumətin gündəmində qanun layihəsini səsverməyə qoymaq yox, onun dəyərləndirilməsi var" deyə cavab vermişdi. Köçəryan yeni müharibə başlayacağı təqdirdə, "DQR"-in müstəqilliyinin tanınmasının gündəmə gələcəyini açıqladı. Bu açıqlama Ermənistan hökumətinin Azərbaycanı dayandırmaq üçün tanınma məsələsinin müzakirəsini uzadacağını göstərir. Yəni Ermənistan parlamenti "DQR"-in tanınması məsələsinin müzakirəsini uzadaraq, Azərbaycanın ərazilərini azad etmək addımlarını əngəlləməyə çalışacaq. Fikrimcə, bu Azərbaycana qarşı şantaj addımıdır.
- Bir çox ekspert bu qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, müharibənin başlayacağını düşünür. Aprel döyüşlərindən sonra Ermənistanın buna gedəcəyi gözləniləndimi?

- Ermənistan məhz Azərbaycanla müharibədən çəkindiyi üçün belə bir təhdid ünsürünü formalaşdıraraq, bunu "kozır" kimi istifadə etmək istəyir. Buna paralel olaraq, erməni tərəfi vaxt udaraq, mümkün müharibəyə də hazırlaşacaq. Xüsusilə Rusiyanın açıq dəstəyini alaraq, fərqli siyasət yürüdəcək. Azərbaycan bu iki təhdid qarşısında, yəni Qarabağın tanınması riski ilə Rusiyanın Ermənistan lehinə bölgədə dövriyyəyə girməsi ehtimalına qarşı diplomatik fəaliyyətini gücləndirməlidir. Ermənistan həm tanınma məsələsindən, həm də Rusiya kartından istifadə edərək, Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etmək ehtimalını zəiflədir. Burada önəmli olan Ermənistanın müharibəyə hazır olması yox, Azərbaycanın bu həmlələrə qarşı nə edəcəyidir.
- Belə görünür ki, Qarabağda müharibə başlaması ehtimalı var.
- Qarabağda müharibə başlaması ehtimalı zəif görünsə də, müharibənin qəfil alovlanması ehtimalı yüksəkdir. Ermənistan müharibədən çəkindiyi üçün zaman qazanmaq istəyir. Hər keçən zaman isə Azərbaycanın əleyhinə işləyir. Azərbaycan müharibə ehtimalını gündəmə tutaraq, əsas addımlarını diplomatiyaya yönəltməlidir. Qarabağda müharibə regiona yayıla, böyük ehtimalla Rusiya torpaqlarına da sıçraya bilər. Qərb də Rusiyanı çökdürmək üçün hər bəhanəni dəyərləndirir. Qarabağ müharibəsi bunun üçün yaxşı bəhanə ola bilər. Əgər belə bir strategiyaya alət olacaqsa, Qarabağ müharibəsi bölgəyə sülh yox, qarışıqlıq gətirir. Ona görə də müharibədən çox, diplomatiyanın xeyri var. Ermənistan düşdüyü iqtisadi çətinlikdən çıxmaq üçün Qarabağdan vaz keçə bilər. Çünki Ermənistan iqtisadiyyatı Qarabağı saxlamağa çatmır.