“Müəllimlərlə bağlı problemlərimiz var” Müsahibə

“Müəllimlərlə bağlı problemlərimiz var”

Rektor Cəfər Cəfərov: "Gələcəyin müəllimi bu gün məktəblərdə dərslərin həyata keçirildiyi formada və mövcud proqram əsasında hazırlanmalıdır"

"ADPU yataqxanalarından qaçqın və məcburi köçkünlərin köçürülməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni rektoru Cəfər Cəfərovun APA-ya müsahibəsini təqdim edirik.

- Cəfər müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti yeni tədris ilinə necə hazırlaşır? Universitetin Bakıxanov prospektində yerləşən filialı hansı əraziyə köçürülüb və Azərbaycan Müəllimlər İnstitutunun bu ali məktəbə birləşdirilməsindən sonra nə kimi işlər görüləcək?
- Yeni tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universiteti dərslər Bakıda yerləşən 4 binada keçiləcək. I korpus 4 binadan ibarət olan mərkəzi bina, II korpus keçmiş Azərbaycan Müəllimlər İnstitutunun binası, III korpus keçmiş 152 nömrəli məktəbin binası, IV korpus isə Keçmiş Balıqçılıq Texnikumun binasında yerləşir.
Bundan başqa, universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci var. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə yeni tədris ilindən 7 nömrəli məktəb universitetin baza məktəbi olaraq fəaliyyət göstərəcək. Nazirin əmrində ADPU-nun və 7 nömrəli tam orta məktəbin rəhbərliyinin birlikdə həyata keçirilməsi nəzərdə tutulan pedaqoji eksperimentləri və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini əhatə edən fəaliyyət planını hazırlayıb yerinə yetirilməsini təmin etmələri, əmrlə əlaqədar müəssisələrin nizamnamələrində müvafiq dəyişikliklər aparmaları, görülmüş işlər barədə hesabatlar hazırlayıb nazirliyin rəhbərliyinə təqdim etmələri və digər məqamlar əksini tapıb.
- Yeni rektor təyinatınızdan sonra ali məktəbdə hansı kadr və struktur islahatları aparılıb?
- İki ali məktəbin birləşməsindən sonra ixtisarların olması təbiidir. Müəllim pedaqoji heyətində bir o qədər problem yoxdur, amma inzibati heyətlə bağlı təkrarlanan strukturlar var ki, onların yerləşdirilməsi çətinlikləri var. Bununla bağlı problemin həll olunmasına çalışırıq. İnsanlar narahatdır və onlara izah olunur ki, yavaş-yavaş hər şey həll olunacaq. Çünki qısa vaxtda birləşmə nəticəsində hamını yerləşdirmək çətinliyi var. Amma gücümüz çatan dərəcədə həll etməyə çalışırıq. Hətta inzibati işçilərə ixtisaslarına uyğun olaraq dərslər təklif olunur. ADPU-nun rəhbər şəxsləri də artıq öz dərs yüklərindən imtina edərək inzibati heyətə təklif edir ki, onlar işsiz qalmasın. Ancaq paralel olaraq struktur islahatları getməlidir və bu da aparılacaq. Hələ ciddi şəkildə bu işə başlamamışıq.
Bu gün üçün ən əsas məsələ birləşmə prosesini tam başa çatdırmaq və mühüm məsələləri həll etməkdir. Sözsüz ki, sonradan qiymətləndirmə aparılacaq, açıq dərslərlə müəllimlərin keyfiyyəti, intizamının yüksəlməsi istiqamətində işlər olacaq, tədrisin keyfiyyətinin artırılması üçün keyfiyyətli müəllimlərin cəlb olunmasına çalışacağıq.
Hazırda ali məktəbdə təmir işlər aparılır. Təmir işlərinin bir hissəsi artıq yekunlaşıb, digərləri isə növbəti tədris ilinə qalacaq.
- Bu il ali məktəbə tələbələrin qəbulolma faizi necə olub? İki universitetin birləşdirilməsindən sonra ixtisaslara qəbulda hansısa yeniliklər edilibmi?
- ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbulolma faizi 97,18 faiz olub. Cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulolma faizi 92,42 faiz təşkil edib. Bu göstəriciyə görə ADPU universitetlər arasında III yeri tutub. 2016-2017-ci il tədris ilində ali təhsilin bakalavriat səviyyəsində universitetin Azərbaycan bölməsinə 2090, rus bölməsinə isə 230 tələbə olmaqla bütövlükdə 2320 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Dövlət sifarişi əsasında 1258, ödənişli əsaslarla isə 896 nəfər qəbul olunub. ADPU-nun 5 filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 tələbə qəbul edilib. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya 18 ixtisas və 19 ixtisaslaşma üzrə 403 tələbə qəbul olunub. Onlardan 164-ü dövlət sifarişi əsasında, 239-u isə ödənişli əsaslarla təhsil alacaq.
Yeniliklərə əsasən, bu il ADPU-ya "Fizika müəllimliyi", "İnformatika müəllimliyi", "Coğrafiya müəllimliyi", "Korreksiyaedici təlim", "Məktəbəqədər təlim və tərbiyə", "Təhsildə sosial-psixoloji xidmət", "Kimya və biologiya müəllimliyi", "Təsviri incəsənət müəllimliyi", "Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi" (qızlar üçün fiziki tərbiyə) ixtisasları üzrə ilk dəfə rus bölməsinə tələbə qəbulu aparılıb. Əvvəlki illərdə rus bölməsinə yalnız "Tarix müəllimliyi", "Riyaziyyat müəllimliyi", "İbtidai sinif müəllimliyi" və "Biologiya müəllimliyi" ixtisasları üzrə tələbə qəbulu keçirilirdi. Bu il isə rus bölməsinə 13 ixtisas üzrə tələbə qəbulu aparılıb və 140 nəfər daxil olub. Bu da əvvəlki illərlə müqayisədə faiz göstəricisinə görə müsbət göstəricidir. Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 117 nəfərdir.
Daha bir yenilik, bu il ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılması olacaq. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektivliyi təmin etməkdir.
- Ali məktəb tələbələrini yataqxana ilə təmin etmək mümkün olacaqmı?
- Hazırda ADPU-nun 6 yataqxanası var ki, onlardan 5-də məcburi köçkünlər məskunlaşıb. Orada təxminən 3 minə yaxın insan yaşayır. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinə məktub hazırlanıb. Bu yataqxanalarda yaşayan insanlar müvafiq olaraq digər ərazilərə köçürülərsə, orada 3 min tələbənin yerləşdirilməsi həllini tapa bilər. Hazırda ali məktəbdə filiallarla, kolleclə birlikdə 20 min tələbənin təhsil aldığını nəzərə alsaq, onların müəyyən hissəsinin problemi həll olunar.
Qalan 1 yataqxanada isə yerlərin sayı az olduğundan onların ədalətli bölünməsi böyük problemdir. Hazırda onun meyarları üzərində işləyirik. Hər halda fakültələrə kvotalar verilərək və onların çərçivəsində fakültənin tələbə təşkilatları, ictimai təşkilatlarının iştirakı ilə uyğun namizədlər təyin olunaraq orada yerləşdiriləcək. Amma bu məsələ çıxış yolu deyil və çox az tələbəni əhatə edəcək.
- Bu gün Azərbaycan təhsilində tədris kurrikuluma əsasən aparılır. Pedaqoji Universitetdə müəllim hazırlayan pedaqoji heyət kurrikulum barədə məlumatlıdırmı?
- Bu gün müəllimlərlə bağlı (dərs keçmək və tədris prosesi) problemlərimiz var. Bunu inkar etmirik. Şübhəsiz ki, məktəb və ali məktəb proqramlarının yaxınlaşdırılması əsas məsələlərdən biridir. Orta məktəbin baza məktəbi kimi müəyyənləşdirilməsinin bir səbəbi də nəzəriyyə, praktika keçilən dərslərin sınaqdan keçirilməsidir. Gələcəyin müəllimi bu gün məktəblərdə dərslərin həyata keçirildiyi formada və mövcud proqram əsasında hazırlanmalıdır. Təhsilin məzmunu ilə bağlı görüləsi xeyli iş var.

- Son illər Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə namizədlərin yaxşı nəticə göstərməməsi onların ali məktəbdə aldıqları təhsilin zəif olması ilə əlaqələndirilir. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Bəli, bu məsələ var. Azərbaycanda müəllim peşəsinə hörmətin qaytarılması, hazırlığın yüksəldilməsi üçün Təhsil Nazirliyi və ölkə prezidenti tərəfindən tədbirlər həyata keçirilir. Hazırda görülən işlər həmin tədbirlər çərçivəsindədir. Lakin bu məsələ çox qısa vaxtda nəticə verən məsələ deyil.