“Belə qərarlar sadəcə Türkiyəni sıxışdırmaq məqsədi daşıyır” Müsahibə

“Belə qərarlar sadəcə Türkiyəni sıxışdırmaq məqsədi daşıyır”

Çağatay Balcı: "Soyqırıma qiymət vermək istəyirlərsə, Xocalı dəhşətlərinə baxsınlar"

Beynəlxalq Strateji Münasibətlər İnstitutunun analitiki Çağatay Balcı "Xalq Cəbhəsi"nə müsahibəsində Türkiyənin parlament seçkilərinə hazırlaşdığına və bu prosesi əngəlləməyə çalışan qüvvələr və hətta terror təşkilatlarından söz açıb. Həmin müsahibəni təqdim edirik:

- İranın Qərblə nüvə məsələsində razılığa getməsi Türkiyənin hansı maraqlarına cavab verə bilər?
- İran ilə Qərb arasında bu razılıq öncə beynəlxalq sülh və sabitlik baxımından müsbət bir addımdır. Bu razılaşmanın Türkiyənin maraqlarına təsirinə gəlincə, deyə bilərəm ki, burada iki ehtimal önə çıxır. Birincisi, bu razılaşma Qərb ilə əlaqələri inkişaf etdirməyə hazırlaşan İranın Türkiyə ilə də münasibətlərinin istiləşməsinə təsir edəcək. Bundan başqa Qərb-İran-Türkiyə əməkdaşlığının da müzakirə mövzusu olması ehtimalı var. İran, son dövrdə İŞİD-lə mübarizədə, eləcə də nüvə məsələsində Qərb ilə reallaşdırdığı əməkdaşlıqdan istifadə edib ABŞ-la münasibətlərini tənzimləyə bilər. Lakin bu həm də İrana imkan qazandırar ki, bölgədə Türkiyəyə qarşı üstünlük mövqeyini ortaya qoysun.
- Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib ki, Türkiyənin nümayəndə heyəti bundan sonra Ukrayna üzərindən Krıma səfər edə bilməz. Necə fikirləşirsiz, Türkiyə Rusiyanı bu məsələdə xəbərdarlıqlarına əhəmiyyət verməlidirmi?
- Türkiyə dünyanın hər hansı bir coğrafyasında ortaya çıxan qarşıdurmaların sülh, sabitlik və ərazi bütövlüyünün qorunması prinsipləri çərçivəsində həllini istəyir. Krım mövzusunda da bu perspektivdən baxmaqdadır. Krımın da Türkiyəyə tarixi və mədəni bağları hər kəsə bəllidir və Türkiyə bu bağları qorumaq məcburiyyətindədir. Lakin bu regionda Türkiyə heç bir zaman qarşıdurma tərəfi kimi çıxış da etməz. Amma qarşıdurmanı yatıra biləcək mövqedən çıxış edə bilər. Əgər hər iki tərəf Türkiyənin vasitəçiliyini qəbul edərsə, rəsmi Ankara tərəflər arasında sülh yaratma prosesində onlara kömək edə bilər. Eyni zamanda Türkiyəyə qarşı təhlükə gözlənilərsə, o zaman Ankara heç bir dövlətdən çəkinmədən təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atar.
- PKK-nın Ağrının Diyadin bölgəsində qan tökməsi yeni terror hadisələrindən xəbər verirmi? Bundan əvvəl Öcalan silahdaşlarına silahı yerə qoyması tapşırığını vermişdi. PKK-nın aktivləşməsinə səbəb nədir?
- PKK ilə yaşanan son qarşıdurmalar seçki prosesi ilə birlikdə qiymətləndirilməlidir. Bayaq da vurğuladım ki, Türkiyədə seçki prosesini pozmaq istəyən qüvvələr var. Bu qüvvələrin əksəriyyəti PKK və ya digər təşkilatlar vasitəsilə bu planı həyata keçirmək niyyətindədir. Ağrıda yaşanan hadisə də bunun bir nümunəsidir.
- Türkiyədə "İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi" (DHKP-C) terror təşkilatının fəaliyyəti narahatlıq doğurur və rəsmi Ankara o təşkilatın zərərsizləşdirməsinə başlayıb. Bu nə təşkilatıdır belə, Türkiyə üçün təhlükəlidirmi?
- DHKP-C xüsusilə son illərdə Türkiyədə fəallaşan terrorun əhəmiyyətli qollarından biridir. Sol terror təşkilatıdır. 90-cı illərdən bu günə qədər bir çox terror aktı törədib, indinin özündə də törətməkdədir. Xüsusilə gəncləri öz çirkin əməllərinə cəlb etməyə hazırlaşır. Bu qrup 2013-cü ildə Türkiyədə yaşanan Gəzi Parkı hadisələrində aktiv iştirak edib və bu hadisələrdən sonra da yenə vəziyyəti gərginləşdirən təxribatlar törətməyə çalışır. Başda Almaniya, Suriya və Yunanıstan olmaq üzrə bir çox dövlətlərin kəşfiyyat qurumları ilə əlaqəsi var. Onu da qeyd edim ki, Əsəd rejimi də Suriya xalqının azadlığı üçün çalışan Türkiyəyə qarşı fəaliyyət göstərən DHKP- C-yə dəstək verir. DHKP-C Suriyadan aldığı dəstəkdən ruhlanaraq, Türkiyəyə qarşı terror və təbliğat fəaliyyətləri həyata keçirir.
- Papanın ardınca, Avropa Parlamenti də qondarma erməni soyqırımını tanıyan layihəni qəbul etdi. Türkiyə bu mövzuda hansı addımları atmalı, hansı siyasət yürütməlidir ki, sözdə erməni soyqırımına dəstək azalsın?
- Erməni soyqırımı məsələsində Türkiyə öz üzərinə düşəni etməkdədir. Tarixi həqiqətlərin ortaya çıxması üçün bir komisiya yaradılması təklifinə ermənilər etiraz edirlər, buna razılıq vermirlər. Əsasən Ermənistan və onun xaricdəki güclü diasporası bu məsələnin həll edilməsini istəmir. Çünki bu qondarma erməni soyqırımı mövzusundan Ermənistan və erməni diasporası Türkiyəyə qarşı təbliğat kimi istifadə edir. Avropa Parlamentinin qərarına gəlincə isə, bu qərar Türkiyənin bu məsələyə olan münasibətindən doğub. Yəni Avropa heç bir tarixi və hüququ həqiqəti olmayan belə bir qərara gəlirsə, Türkiyə də bu qərardan heç bir şəkildə əndişələnməyəcək. Çünki bu qərar, tarixi gerçəklərin ortaya çıxarılmasını qarşıya məqsəd qoyan qərar deyil. Belə qərarlar sadəcə Türkiyəni sıxışdırmaq məqsədi daşıyır. Dunya Avropanın söylədiyi ilə qərarlaşmayıb, Avropa soyqırım deyirsə biz demirik. Soyqırıma qiymət vermək istəyirlərsə, Xocalı dəhşətlərinə baxsınlar. Türkiyə isə tarixi faktlara əsaslanaraq ermənilərin bu iddialarını alt-üst etməkdədir.
- Türkiyədəki ermənilər ölkədə qondarma soyqırımın 100 illiyinə necə hazırlaşırlar və rəsmi Ankara bu planı necə əngəlləyə bilər?
- Türkiyədəki bəzi erməni qrupları da bu "tarixi hadisəyə" hazırlaşırlar. Onlara bəzi sol təşkilatlar da dəstək verir, lakin bu planlarının iflasa uğrayacağına əminəm. Türkiyə ermənilərin bu planlarının qarşısını yalnız gerçəkləri üzə çıxarmaqla alır. Türkiyə söz və mətbuat azadlığına, insan hüquqlarına dəyər verən dövlətdir. Ona görə də, ermənilər təkcə Türkiyədə deyil, bütün dünyada belə hay-həşir salırlar. Ankara onların ittihamlarını, planlarını tarixi faktlarla iflasa uğradır.
- Türkiyənin Yaxın və Orta Şərqdəki siyasəti onun beynəlxalq nüfuzuna hansı müsbət və mənfi təsir göstərir?
- Türkiyənin, AK Partiya ilə birlikdə başlayan aktiv xarici siyasət kursu hələ də davam etməkdədir. Bu kurs çərçivəsində qonşularla sıfır problem və bütün dövlətlərlə əməkdaşlıq prinsipləri ön plana çıxıb. Amma "Ərəb baharı"nın ortaya çıxması bütün tarazlıqları dəyişdirib. Türkiyənin siyasətində hər hansı bir dəyişiklik yoxdur. Amma Türkiyənin dörd bir yanında, Ukraynada, Suriyada, İraqda yaşanan qarşıdurmalar və problemlər da təbii olaraq Türkiyəyə təsir etməkdədir. Aydın məsələdir ki, mənfi təsirlər var, amma Türkiyə bu qarşıdurmaların bitməsi, sülh və sabitliyin bölgədə hakim olması üçün hər cür səy göstərir.
- Suriya məsələsi çox uzandı, Liviya, Misir, İraq, Əfqanıstandan fərqli olaraq. Bunun səbəbini necə izah edərdiniz?
- Bunun ən əsas səbəbi odur ki, Suriya məsələsində bir sıra dövlətlər açıq mövqe nümayiş etdirdilər. Bir tərəfdə Qərb ölkələri, digər tərəfdə Rusiya-İran-Çin bloku. Liviya və Misirdə belə bir vəziyyət ortaya çıxmadı. Suriya məsələsində Qərb və Rusiya-Çin-İran blokları arasında mövqelər üst-üstə düşmür. Ona görə də buradakı xaos və daxili münaqişə hələ də həllini tapa bilmir.
- Yəməndən sonra Türkiyəni də məzhəb qarşıdurmasına cəlb edə bilərlərmi və bu istiqamətdə hansı güclər maraqlıdır? Türkiyədə belə bir təhlükəyə zəmin varmı?
- Türkiyədə keçmişdən bəri məzhəb qarşıdurması yaratmaq cəhdləri olub. Bu cəhdlərin oyunçuları bəzi xarici dövlətlər və bu dövlətlərə bağlı olaraq çalışan DHKP/C kimi terror təşkilatlardır. Türkiyədə geniş miqyasda bir məzhəb qarşıdurmasına zəmin yoxdur, sadəcə hardasa buna mənasız cəhdlər ola bilər.