Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu Ədəbiyyat

Azərbaycan Səfəvi dövlətinin etnik mənsubiyyəti, quruluşu

Hakimiyyətin həyata keçirilməsində Türk-Qızılbaş əsilzadələrinin rolu


3-cü yazı

1504-cü ildə Firuzkuh qalası ələ keçirildikdən sonra Firuzkuh, Dəmavənd, Xar, Simnan hakimi Kiya Hüseyn Çelavi və Sultan Muradın sığındıqları Osta qalası və Yəzdi fəth etdilər. Şah fəth etdiyi bu bölgələri sərhədləri hüduduna daxil edib şəhər və qalalara türk hərbi əyanlarından hakimlər təyin etdi. Yəzdin idarəsini Hüseyn bəy Lələ Şamlıya verdi. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi. İsmayıl Əlvənd Mirzə və Sultan Murad üzərində qələbə çalıb, Azərbaycanda hakimiyyətə keçdikdən sonra, müharibələrlə tutduğu ölkələrə bir qayda olaraq Qızılbaş türk el və ymaqlarını köçürdüb yerləşdirərək fəth olunan torpaqlarda dövlətin
hərbi-siyasi dayaqlarını da yaradırdı.
Bu barədə Əbdi bəy Şirazi yazır: "Şiraz (Fars) vilayətini Zülqədər Keçəl bəy Hacılar (adı) ilə məşhur olan İlyas bəyə verdilər. O tarixdən Şiraz Zülqədər tayfasına mənsub oldu… Bu il (1508) Diyarbəkr vilayəti tayfanın (Ustaclı) nəsilbənəsil əmiri olan Xanməhəmməd Ustaclıya verildi" ( I Şah İsmayıl 1508-ci ildə Zülqədər hərbi səfərindən geri qayıdarkən Bayandurların Diyarbəkrdəki valisi Əmir bəy Mosullu onu qarşılamış və qiymətli hədiyyələr təqdim edib. Diyarbəkr Səfəvi torpağına qatılıb və ora Xanməhəmməd Ustaclı hakim təyin edilib. (Yəhya bin Əbdüllətif Qəzvini. Lübbət-təvarix, s.405-Z.B.)).
Xorasan üstündə Səfəvi-Şeybani çəkişmələrində Şeybani xan I Şah İsmayıla "…Tərəkəmə (Türkman-Z.B.) Ağqoyunlulara qohumluğuna arxalanaraq, hakimiyyət iddiasına düşmək, bəlkə o zaman mümkün olardı ki, mənim tək yeddi iqlim padşahı meydanda olmasın" deyə yazdığı sonuncu məktuba cavab olaraq Qızılbaş ordusu Xorasana daxil olur. Mərv yaxınlığında Mahmudi kəndində (1510) döyüşdə Qızılbaş ordusu qələbə çaldı. Səfəvi ordusu Xorasan, Bədəxşan, Qəndəhar, Kabili tutdu. Türküstan da faktiki olaraq onlardan asılılığı qəbul etdi. Bu qələbələrdən sonra I Şah İsmayıl h. 917 (1510-1511)- ci ildə Sovucbulaq və Rey hakimi Zülqədər Abdal bəy Dədəni Mərvə, Bayram bəy Qaramanlını isə Bəlx, Əndixod, Şibirgan və Garcistana, Zeynal xan Şamlını Rey və Sovucbulağa hakim təyin edir. Bayram bəy Qaramanlı 1512-ci ildə özbəklərlə savaşda öldürülür. Zülqədər Abdal bəy Dədə də özbəklərin Məhəmməd Teymur xanın başçılığı altında 1513-1514-cü illərdə Xorasana hücumu zamanı Mərvin müdafiəsini təşkil edə bilmədiyinə və şəhərdən qaçdığına görə vəzifədən azad edilir. Özbəklərin hücumlarının qarşısı alındıqdan sonra 1513-1514-cü illərdə Zeynal xan Şamlı Herata, Div sultan ayamalı Əli bəy Rumlu Bəlx və onun ətrafına, Ağqoyunlu dövrünün böyük əmirlərindən olmuş Gülabi bəy bin Əmir bəy Mosullunun oğlu Əmir xan Mosullu Qayeyə, İlyas bəy Ayqut oğlu isə Reyə hakim təyin edilib. Əbdi Şirazinin yazdıqlarından açıq-aşkar görünür ki, I Şah İsmayılın fəth olunmuş ölkələrdə Türk-Qızılbaş ellərinin yerləşdirilməsi tədbirləri onun hakimiyyətinin sonuna qədər davam edib. Müəllif 1515-ci il hadisələrindən bəhs edərkən yazır: "Qayenin hakimi Əmir xan Mosullu ali taxtın ayağına gəlib, Xorasanın vəziyyətini və özbəklərin hücumunu ərz etdi. Bu zaman Div sultan Bəlxdən dərgaha gəldi və həmin əhvalatı (Şah İsmayılın) qulağına çatdırdı. Buna görə də Xorasanın idarəsini Amu Dərya çayının kənarından İraqın (İranın) Simnanına qədər… Təhmasibə (Təhmasib Mirzə) həvalə etdi. …Şahzadə Təhmasibin lələliyini Əmir xan Mosulluya verdilər…".
Təhmasib Mirzə Xorasan valisi, lələsi Əmir xan Mosullu isə Herata hakim təyin edilir. Bu vaxtdan etibarən bir qayda olaraq Xorasana valinin şahzadələrdən qoyulması və onun lələsinin isə Herat hakimi statusu daşıması ənənəyə çevrilir. Təhmasib Mirzədən sonra h. 928 (1522)-ci ildə Herata Sam Mirzə vali göndərilmişdi. Şamlı Durmuş xan isə Sam Mirzənin lələsi, həm də Herat hakimi olmuşdu. Şahın fərmanına (1522) əsasən Xorasan vilayəti Simnandan Amu-Dərya çayına qədər Sam Mirzəyə verilir, Herata hakim isə onun lələsi Durmuş xan Şamlı təyin edilir. H. 929 (1522-1523)-cu ildə Zeynal xan Şamlı Astrabada, Zeynəddin sultan Şamlı Nişapura, Əhməd bəy Əfşar da Fəraha hakim göndərilmişdi. 1503-1510-cu illərdə İraqi-Əcəm, Fars, Gilan, Mazandaran, İraqi-Ərəb və bütün Xorasan fəth edildi. Azərbaycan Səfəvi dövlətinin şərqdə sərhədi Amu-Dərya çayına çatdı. I şah İsmayıl fəth etdiyi bir çox ölkələrdə, xüsusən də Gilanda məhəlli sülalələrin ciddi müqaviməti ilə qarşılaşmışdı. Rəşt valisi Əmir Hüsaməddin əvvəlki imtiyazının itirməsi ilə hesablaşmır, müstəqilliyini bərpa etməyə çalışırdı. I Şah İsmayıl valinin bu cəhdlərinin qarşısını almaq üçün 1507-ci ildə Rəştə qoşun göndərdi. Qızılbaş ordusunun qarşısında tab gətirməyəcəyini hiss edən Əmir Hüsaməddin Əmir Nəcmini qiymətli hədiyyələrlə Şahın hüzuruna göndərdi. Şah Əmir Nəcminin xahişini nəzərə alaraq Əmir Hüsaməddini əfv edir. Bu zaman Lahicanda da qiyam baş vermişdi ki, nəticədə Lahican hakimi Karkiyə Mirzə Əli və Ranqu hakimi Karkiyə sultan Həsən öldürülmüşdü. Qızılbaş ordusu qiyamın qarşısını alıb, günahkarları cəzalandırdı. Ranquya Karkiyə Sultan Həsənin oğlu Sultan Əhməd hakim təyin edildi. Artıq Mazandaran və onun ətraf bölgələrindəki məhəlli hakimlər də vali statusu ilə Təbrizə tabe idilər. 1517-ci ildə Mazandaran valisi Ağa Məhəmməddə separatizm meyli baş verdiyinə görə I Şah İsmayıl Durmuş xan Şamlının başçılığı altında bir bölük qızılbaş əsgərini Mazandarana göndərir. Durmuş xan Şamlı Mazandarana daxil olduqda Ağa Məhəmməd müqavimət göstərməyin mənasız olduğunu görüb tabe olur.
Bu hadisədən sonra, 1517-1521-ci illərdə Sarı valisi Mir Əbdülkərim, Hezarcərib hakimi Seyid Hüseyn, Rüstəmdar hakimləri Məlik Kavus və Məlik Bəhmən Durmuş xana hədiyyələr göndərib Təbriz hökumətinə tabe olduqlarını, sədaqətlə xidmət edəcəklərini bəyan etdilər. Ancaq Mazandaran hakimi Ağa Məhəmməd öhdəsinə götürdüyü 3 min tümən vergini nəinki ödədi, əksinə, yenə mərkəzə tabe olmadı. Şah Ağa Məhəmmədi tutduğu vəzifədən azad etdi və onun yerinə, Mazandarana da Mir Əbdülkərim təyin edildi. O, ildə 7 min tümən vergi ödəməli idi. I Şah İsmayıl bu bölgələrin məhəlli hakimlərinin mərkəzdənqaçma istəklərinin güclü olmasını nəzərə alıb onların hüquqlarını azaltdı. Bu zaman Zeynal xan Şamılının Mazandaran və Rüstəmdara hakim təyin edilməsi burada mərkəzi hakimiyyətin nəzarətinin artırılması ilə səciyyəvi olsa da, yerli sülalələrin sahibkarlıq hüquqlarına toxunulmamışdı. Rəştdə atası Əmir Hüsaməddinin vəfatından sonra hakimiyyətə keçmiş Əmir Dibac bu vəziyyətdən istifadə edib, yenə də mərkəzə tabe olmaqdan imtina edib. Durmuş xan və Zeynal xanın başçılığı altında Qızılbaş-Türk ordusu Gilana daxil olduqda Əmir Dibac Sultaniyəyə gəlmiş və günahlarının bağışlanmasını xahiş etmişdi. Şah onu babalarının vaxtı ilə Şahlığa sədaqətlə xidmət etmələrini nəzərə alıb bağışladı. Əmir Dibac ona verilmiş fərmana əsasən idarə etdiyi vilayətin gəlirindən beş min tümən hədiyyə verəcəyi və hər ildə də dövlət xəzinəsinə təyin olunmuş miqdarda xəracı vaxtında ödəyəcəyi barədə öhdəliyi üzərinə götürdükdən sonra Rəştə qayıtmağa icazə almışdı. Şah İsmayıl tərəfindən Müzəffər sultan ayaması alan Əmir Dibac 1534-cü ildə Səfəvilərə xəyanət edərək Sultan Süleymanla əlaqə yaratdığına görə ələ keçirilib edam olunur.
Böyük təhlükələrlə qarşılaşan I İsmayıl Azərbaycanı yenidən birləşdirib bir çox qonşu ölkələri də tutaraq güclü bir imperatorluq qura bildi. Eyni zamanda, bu imperatorluğun ərazisində yaşayan xalqları ortaq siyasi və ideoloji əqidə birliyinə qovuşdurdu. Olduqca cəsur, intizamlı, təşkilatçı və təhsilli bir hökmdar olan I Şah İsmayıl getdikcə uğurlar əldə edib türk tayfa əsilzadələrini mərkəzi, həm də yerli idarələrdə yerləşdirib, onlara geniş səlahiyyətlər verdi. İmperatorluqda türklərin maraqlarına uyğun sabit daxili siyasət kursu ənənəvi olaraq sosial dayaqlar yaratmaq siyasəti ilə müəyyənləşirdi. Türk-Qızılbaş tayfalarından Ustaclılar Əcəm İraqında, Kirmanda, Şamlılar Xorasanda, Təkəlilər İsfahanda, Həmədan və Əcəm İraqında, Zülqədərlər Farsda, Türkman (Mosullular) Bağdadda yerləşdirilib işğal olunmuş bölgələrdə davamlı dayaqlar yaradıldı. Adlarını qeyd etdiyimiz türk tayfa rəislərinə bu vilayətlərdə tiyul və vəzifələr verildi.
Oruc bəy Bayat əsərində 32 türk oymaq, tayfa və elin adını çəkərək dövlətin bütün vəzifələrinin də onların əlində olduğunu göstərib. Onun adlarını qeyd etdiyi bu 32 oymaq, tayfa və el arasında əhalisinin sayına görə ən iriləri Ustaclı, Şamlı, Əfşar, Türkman, Qacar, Zülqədər, Təkəli və Bayat idi. Oruc bəyin verdiyi məlumatlardan aydın olur ki, XVI əsrin sonu - XVII əsrin başlanğıcında yuxarıda qeyd edilən bu tayfalar dövlət quruluşunda siyasi nüfuz və güclərini qoruyub saxlayıb. Əslində bu türk elləri, oymaqları əvvəl Qaraqoyunlu və Ağqoyunluların, sonra isə Səfəvilərin əsas hərbi-siyasi dayağı olublar. Bu türk tayfaları haqqında İ.D.Mikluxo-Maklay yazır: "Qızılbaş adını alan tayfalar dil və soyca Qaraqoyunlu və Ağqoyunlu dövlətini yaradan Azərabycan tayfaları ilə qohum idilər. XV əsrdən başlayaraq tədricən Azərbaycan və İranın böyük hissəsinə sahib oldular". O, sözünə davam edərək yazır ki, Səfəvilər hələ Şeyx Səfiəddin (1252-1334) dövründən həmin türkdilli tayfalar arasında özlərinə müridlər toplayıb gələcəkdə hakimiyyəti ələ almaq üçün çalışmış və yalnız İsmayıl öz sələfələrinin arzusunu yerinə yetirmişdi. Bir fərqlə ki, Səfəvilərdən Şeyx Heydər (1447-1460) qarşısına təkcə Azərbaycanı birləşdirmək məqsədini qoyduğu halda, İsmayılın qızğın mürid və tərəfdarlarının məqsədləri daha böyük olub.
O. Əfəndiyevin yazdığı kimi, Əlvənd Mirzənin üzərində qələbə İsmayılı Azərbaycanın hökmdarı etdisə, Muradın qoşunlarının qızılbaşlar tərəfindən darmadağın edilməsi isə Farsın və İraqi-Əcəmin bir hissəsinin qızılbaşların əlinə keçməsinə gətirib çıxarıb. Şah Təhmasibin (1524-1576) hakimiyyətinin ilk illərində Türk-Qızılbaş əsilzadələrindən Əli sultan Zülqədər Fars, Qaraca sultan Təkəli Həmədan, Burun sultan Təkəli Məşhədi – müqəddəs, Zeynal xan Şamlı Astrabad, Cəgirgə sultan Şamlı Səbzəvar hakimi idilər. İsfahan vilayətinin hakimliyi Cuhə sultan Təkəliyə verilmişdi.

(Ardı var)

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor