Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ Ədəbiyyat

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında dayanıb müsahibimi gözləyəndə fotoqrafımız Rüfətdən soruşdum: “Görəsən, Füzuliyə agah olur ki, bir azdan onun haqqında danışacağıq?”

Rüfət gülümsəyib çiyinlərini çəkdi. Az sonra uzaqdan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru, professor Ataəmi Mirzəyev göründü. Otağına daxil olanda bizi ilk Məhəmməd Füzulinin divardan asılmış müxtəlif portretləri qarşıladı. Ataəmi müəllim pəncərələri taybatay açan kimi azan səsi otağı bürüdü. Onda dəqiq bildim ki, bizdən 500 il əvvəl yaşamış, dünyanı riqqətə gətirən söz sənətkarı Füzuli də bu söhbətimizə şahidlik edəcək.

Ətraflı

– Professor, yay uzunu dincələ bildinizmi?

– Füzulişünasın Füzulinin yubiley ilində dincəlməyi qəliz məsələdir. Görkəmli şairin 530 illiyi münasibətilə böyük monoqrafiya hazırlanır. Dincəlməyə vaxt olmadı.

– Füzulidən danışanda çox vaxt şeirlərinin şərhi ilə bağlı fikirlər səsləndirirlər, suallar da bu məcrada olur. İstəyirəm bu gün onun həyatı ilə bağlı bəzi məqamlara nəzər salaq...

– Düzdür, Füzulinin həyatı ilə bağlı çox az məlumat var. Amma hər halda bəzi məqamlar konkretdir.

– Elə anadan olduğu tarix də tam dəqiq deyil...

– Bəli, Füzulinin anadan olduğu tarix konkret məlum deyil. Fərqli fərziyyələr mövcuddur: 1502, 1494. 1490 deyənlər də var. Hətta bəzi tədqiqatçılar Füzulinin 1480-ci illərdə anadan olduğunu bildirirlər. Qocalması, saçının ağarması, qəddinin bükülməsi ilə bağlı əsərlərində qeydləri var, amma yaşı, doğum tarixi ilə bağlı qeydi yoxdur.

– Füzulinin ailəsinin Azərbaycanın Ərəş mahalından İraqa köçməsi ilə bağlı fikirlər var. Onlar nə dərəcədə özünü doğruldur?

– Bu fikirlərin heç birinin dəqiq elmi əsası yoxdur. Füzuli haqqında məlumatları təzkirələrdən və özünün əsərlərindəki bəzi qeydlərdən əldə edə bilmişik. O məlumatlarda da mübahisəli məqamlar olur.

– Bəs doğum yeri ilə bağlı hansı variantlar var?

– Doğum yeri ilə də bağlı çoxlu fikirlər var; biri deyir Bağdadda, biri deyir Hillədə, biri deyir Kərbəlada, biri deyir Kərkükün Bayat nahiyəsində dünyaya gəlib. Bu fikirləri söyləyən alimlərin müəyyən istinadları olsa da, heç bir fikir tam şəkildə sübuta yetirilməyib.

– Bəs bir alim kimi sizin fikriniz nədir?

– Özüm də tərəddüd içindəyəm. Bir sözü deyəndə fakta əsaslanmaq lazımdır. Füzulinin Kərkükdə doğulması fikri mənə daha real görünür. İraq kərküklərinin dil xüsusiyyətlərinin, Kərkük folklorunun Füzuli yaradıcılığına təsiri çox güclüdür. Hər halda, dəqiq fikir söyləmək də çətindir. Amma onu əminliklə demək mümkündür ki, Füzuli ömrünün müxtəlif mərhələlərində ayrı-ayrı bölgələrdə yaşayıb.

­– Hətta milliyəti ilə bağlı da bəzi fikir ayrılıqları var...

– Bəzi xarici tədqiqatçılar Füzulini türk yox, kürd şairi kimi təqdim edir. Onların xələfləri də özündən əvvəlkilərin səhvini təkrarlayaraq təhrifə yol verirlər. Onun yaradıcılığı azərbaycanlı, türk olduğunu sübuta yetirir. Füzulinin özünü ifadəsi də, həyata yanaşması da türk təfəkkürünə əsaslanır. Məmməd Füzulinin türk olduğunu sübut etməyə çalışmaq lazım deyil.

– Oğlu Fəzli ilə bağlı məlumatlar da qeyri-dəqiqdir?

– Yox, Əhdi Bağdadi Fəzli haqqında dəqiq məlumat verir. O yazır ki, Fəzli Bağdad ədəbi mühitində yetişib, əsərləri ilə tanınır. Füzulinin özünün də “Fəzliyə nəsihət” adlı əsəri var. Fəzlinin bizə gəlib-çatmış şeirləri azdır; üç qəzəl, bir müstəzad-qəzəl, bir qoşma. Fəzlinin sonrakı taleyi ilə bağlı isə heç bir məlumat yoxdur.

– Fəzlidən başqa Füzulinin nəslindən kiminsə varlığı aşkarlanıbmı?

– O barədə heç bir məlumat yoxdur.

– Üç ayrı-ayrı dövlətin hakimiyyəti altında yaşayıb. Hökmdarlara yazdığı mədhiyyələr də məşhurdur. Amma bununla belə niyə həmişə narazı olub?

– Dövrün hökmdarlarına əsərlər ithaf edib, mədhiyyələr yazıb və s. Amma buna baxmayaraq, Füzuli heç vaxt layiqli qiymətini almayıb. Bu mənada Füzuli mədhiyyələrlə yanaşı, daim yaşadığı dövrlərlə bağlı narazılığını bildirib. Bəzən hökmdarlarla görüşmək istəyib, imkan verməyiblər. Bilirsiniz ki, “Leyli və Məcnun” poemasını Sultan Süleyman Qanuniyə ithaf edib. Bunun qarşılığında ona doqquz axça təqaüd kəsilib. Təəssüf ki, heç o təqaüdü də ala bilməyib. O dövrdə ən aşağı maaş otuz-qırx axça olub. Nə qədər şikayət etsə də, məhəl qoyan olmayıb. Füzulidən qat-qat aşağı səviyyəli şairlərə böyük məbləğdə pullar verilib.

– Osmanlının laqeydliyinin səbəbi, sizcə, nə olub?

– Bunun səbəblərindən biri Füzulinin şiə olması ilə bağlı idi. İkincisi, şiəliyin təbliğatçısı, böyük sərkərdə Şah İsmayıl Xətaiyə münasibəti və ona həsr etdiyi “Bəngü-Badə” poeması bu məsələdə xüsusi rol oynayıb. Ən əsası isə, şair heç bir hökmdara yaltaqlıq etməyib.

– Axı mədhiyyələr yazıb...

– Bütün mədhiyyələr yaltaqlıq deyil ki... Onun mədhiyyələrində yaltaqlıq elementləri yoxdur. Hətta mədhiyyələri belə böyük sənət nümunəsidir.

– Füzuli ilə bizi beş əsr ayırır. Texnologiyanın son əsrin hadisəsi olduğunu nəzərə alsaq, onun yaradıcılığının bu qədər sürətlə Şərq aləmində, xüsusən, türk dünyasında yayılmasının, populyarlaşmasının səbəbi nə idi?

– Füzuli yaradıcılığa başladığı dövrlərdən əsərləri geniş yayılıb, qısa zamanda öz mühitini təsir altına alıb. O, lirik qəhrəmanının düşüncələrini çox gözəl və bənzərsiz üslubla ifadə edib. Bu hər bir şairə nəsib olmur. Buna görə də Füzulinin yaradıcılığı olduqca sürətlə yayıldı. Onun müasiri Əhdi Bağdadi və digərlərinin təzkirələrində Füzulinin bütün dövrlərdə müasir olduğu fikri öz əksini tapır. Məsələn, Əlişir Nəvainin dörd divanı var və Füzuli ondan çox bəhrələnib, çoxlu nəzirələr yazıb, qafiyə və rədiflərdən geniş istifadə edib. Hətta özbəklərin özü Füzulini Nəvai qədər sevirlər. Hisslərin ifadəsində sözdən ustalıqla istifadə Füzulidə ən yüksək səviyyədədir.

– Onun məşhurluğunun yeganə səbəbi sənətkarlığında idimi? Yoxsa başqa hansısa tarixi, siyasi, coğrafi şərait bunda rol oynadı?

– Əlyazmaların bu məsələdə rolu böyükdür. Dünya ölkələrinin çoxunda klassiklərimizin əsərlərinin çoxlu sayda əlyazma nüsxəsinə rast gəlinir. O vaxt əlyazmalar insanlar, millətlər, ədəbi mühitlər arasında körpü rolunu oynayıb və geniş yayılıb. Hətta həmin əlyazmaların dəfələrlə katiblər tərəfindən üzü köçürülüb. Sizə deyim ki, Füzulinin əsərləri öz dövründə indiki ilə müqayisədə daha sürətlə yayılırdı. Bu məsələdə tacirlərin və səyyahların da böyük rolu olub. Füzuli özü də məkan baxımından uzaqlarda yaşayan sənətkarların əsərlərini oxuyurdu, onlara nəzirə, təxmis yazırdı. Bu, qarşılıqlı mübadilə idi. Füzulinin əsərlərinin geniş yayılmasının səbəblərindən biri də odur ki, onun yaşadığı Kərbəlaya sonsuz sayda zəvvar axını var idi. Füzulinin əsərləri həm də müxtəlif bölgələrdən gələn zəvvarların sayəsində bu qədər geniş yayılmışdı. Kərbəlaya gələnlər qayıdanda Füzulinin əsərlərinin də üzünü köçürüb özləri ilə aparırdılar.

– Məsələni bir az da konkretləşdirək: Füzulinin məhz Azərbaycan poeziyasına nüfuz etməsi, Azərbaycan oxucusunun, qələm adamlarının onunla kütləvi tanışlığı hansı dövrə təsadüf edir?

– İndiki məkan yanaşması ilə Məhəmməd Füzuli ilə bizi böyük məsafə ayırır. Amma XVI əsrdə o ərazilər Azərbaycanın tərkibi hesab olunurdu. Füzulinin əsərlərinin Azərbaycanda yayılması elə öz dövründən başlayıb. Nəinki Azərbaycanda, bütöv türk dünyasında. Harada türk varsa, orda Füzuli var.

– Füzuli ərəbdilli, farsdilli ədəbiyyat mühitində püxtələşib. Əruz üçün ərəb və fars dili daha əlverişli olub. Onu öz ana dilində yazmağa nə sövq edib?

– Şərqin əksər sənətkarları əsərlərini bir neçə dildə yazıblar. O cümlədən, Füzulinin də Azərbaycan-türk divanı, farsca divanı var. Ərəbcə divanı bizə çatmasa da, bu dildə on bir tam, bir yarımçıq qəsidəsi elmə məlumdur. Füzulinin ədəbi mühitində ərəb dili hakim dil olsa da, özü türk mühitində yaşayırdı. Onun türk dilində yazmasının bir çox səbəbi var. Məsələn, hansısa əsəri yazanda onun yazılma səbəbini göstərir. “Hədisi-ərbəin” adlı tərcümə əsərinin əvvəlində yazır: “...ümumfeyz üçün tərcümeyi-türkü olunur”. Füzuli görür ki, mühitdə yayılan əsərlərin çoxu ərəb və fars dilindədir, türklər o əsərləri başa düşə bilmir. Ona görə bu əsərləri türkcəyə tərcümə edir ki, hamı onlardan feyz ala bilsin... Götürək, “Hədiqətüs-süəda” əsərini. Füzuli izah edir ki, hər il Kərbəla müsibəti ilə bağlı keçirilən təziyə məclislərində ərəb-fars dilində əsərlər oxunurdu, türklər bir kənarda qalmışdılar, oxunanları başa düşmürdülər, ona görə də mən bu əsəri türkcəyə çevirdim.

– Dil təəssübkeşliyindən əlavə, dildən istifadəsi, dil-üslub xüsusiyyətlərinə riayət etməsi, dil barədə təsirlənməsi özünü necə göstərib?

– Əvvəlcə, onu deyim ki, biz Füzulinin divanına Azərbaycan divanı desək də, bu divan “Divani-türki” adı ilə məşhurdur. Füzulinin yazdıqları sırf Azərbaycan ədəbi dilinin qayda-qanunlarına tabedir. Açıq deyək, bəzi görkəmli türkiyəli alimlər bir çox sənətkarın yaradıcılığını araşdıranda onları dil xüsusiyyətləri baxımından, bir növ, özlərinə tərəf çəkirlər. Amma Füzulidə bunu edə bilmirlər. Ona görə də, Füzulinin dilindən bəhs edəndə “azəri türkcəsində yazıb” deyə qeyd edirlər. Füzulinin əsərlərində elə ifadələr var ki, Türkiyə türkcəsində bu sözlərə rast gəlinmir, həmin ifadələr yalnız bizim dil üçün səciyyəvidir. Bu baxımdan, Füzulinin yaradıcılığı Azərbaycan dilinin xüsusiyyətlərini tam şəkildə əks etdirir. XV-XVI əsrlərdə Azərbaycan-türk ədəbiyyatında Nəvainin təsiri çox böyük idi. Kişvəri, Məsihi və digər şairlərimizin yaradıcılığında mövzu ilə yanaşı, dil xüsusiyyətlərində də Nəvainin təsiri özünü göstərir. Hətta, deyərdim, onların əsərlərində özbək dilinin elementləri baş alıb gedir. Füzulinin də yaradıcılığına nəzər salsaq, mövzu, ideya, qafiyə, rədif baxımından Nəvainin təsiri güclüdür. Amma dil baxımından, demək olar ki, təsirlənmə müşahidə olunmur. Füzuli dilimizin saflığını qorumağı bacarıb.

– Füzuli böyük məktəb yaratdı. Onun özündən sonrakılara təsiri böyük oldu. O qədər böyük ki, bu təsirdən çıxa bilməmək poeziyanın probleminə çevrildi...

– Məhəmməd Füzuli çox mütaliəli şair olub. Özünün də bu barədə qeydləri var. Farsca divanının dibaçəsində belə qeyd edir: “Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda başqa şairlərlə uyğun gəldiyini görüb yazdığımı pozmuşam”. O başqa şairlərdən nə qədər təsirlənsə də, öz orijinal istiqamətini tapdı, müəyyən zəmin əsasında formalaşmış yeni bir ədəbiyyat yaratdı və bu ədəbiyyat yenidən başqa bir ədəbiyyatı təsir altına saldı. Cəfər Cabbarlı yazır ki, Füzuli özündən sonra ədəbiyyatı tilsimə saldı, bu tilsimdən çıxmaq heç də asan olmadı. Bəli, Füzulidən sonra hamı füzuliyanə qəzəllər yazmağa başladı. Fars poeziyasının Sədi Şirazi, Hafiz Şirazi kimi söz sənətkarları var idisə, türk lirikasında qəzəlin ən gözəl nümunələrini Füzuli yaratmışdı. Sonradan yetişmiş bütün şairlərdə Füzulidən bir “duz” var. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi bir məqalədə deyilir: “Biz yaradıcılığa başladığımız gündən Füzuli bizimlə olub, indi də bizimlədir. Bütün əsərlərimizdə Füzuli yaradıcılığından bir duz var”. Həqiqətən də, Füzulidən sonra bu günə qədər yetişmiş əksər şairlərdə onun təsiri müşahidə olunur. Füzuliyə sonsuz sayda təxmis, nəzirələr yazılıb. Poeziya Füzulidən sonra uzun müddət təsirdən çıxa bilmədi.

– Mirzə Fətəli Axundzadənin “Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır” fikri bəzən birmənalı qarşılanmır. Sizcə, Axundzadənin bu qənaəti hansı narahatlıqdan irəli gəlirdi?

– Məncə, Mirzə Fətəli Axundzadə Füzulinin dəyərini yaxşı bilirdi. Ancaq onun məqsədi ədəbiyyatı yeni bir məcrada inkişaf etdirmək idi, o, poeziyanın Füzuli təsirindən qurtulub təzə dövrə qədəm qoyması üçün bu cür fikirlər səsləndirmişdi. Bu mənada Axundzadəni düzgün başa düşmək lazımdır.

– Füzulinin təsiri ən çox hansı türk xalqının ədəbiyyatına təsir edib?

– Füzulinin bütün türk dünyasında xüsusi yeri var. Amma Füzuli, əvvəlcə, ən çox Azərbaycan ədəbi mühitinə, sonra isə Türkiyə və özbək ədəbiyyatına geniş nüfuz edib.

– Deyirlər, Füzuli ruhunun şeirdə ən layiqli davamçısı Seyid Əzim Şirvanidir...

– Seyid Əzim xüsusi bir mərhələdir. Ona Füzulinin təsiri çox böyükdür. Amma bununla yanaşı, demək lazımdır ki, Seyid Əzimin də özünəməxsusluğu var.

– Türkcə yazılan “Leyli və Məcnun” poemaları çox olub. Füzulinin “Leyli və Məcnun”unun bu qədər sevilməsinin səbəbi nə idi?

– Nizamidən sonra “Leyli və Məcnun” poeması yazmaq ənənəyə çevrildi. Bu “Leyli və Məcnun”ların əksəriyyəti fars dilində idi. Bununla yanaşı, türkcə də eyniadlı poemalar yazılmağa başlanmışdı. Füzuli “Leyli və Məcnun” poemasının əvvəlində Nizaminin də, Nəvainin də adını çəkmişdi. Amma əsərin yazılma səbəbini öz ənənəsinə uyğun belə ifadə edir:

Leyli-Məcnun əcəmdə çoxdur,

Ətrakdə ol fəsanə yoxdur.

Yəni, “Leyli və Məcnun”u yazmağı ondan mühit istəyib. Çünki bu mövzuda farsca çoxlu əsərlər olsa da, türk dilində yox idi. Ola bilsin, Füzulinin yaşadığı mühit, sadə xalq adamları Həqirinin, Nəvainin türkcə yazdığı “Leyli və Məcnun”a bələd olmayıb. Füzuliyə qədər kifayət qədər “Leyli və Məcnun” poeması yazılmışdı, amma Füzulidən sonra, cəmi, iki-üç eyniadlı poema yazıldı. Füzuli yüksək sənətkarlığı ilə qələmə aldığı “Leyli və Məcnun” əsəri ilə bu ənənəyə bir nöqtə qoydu.

– Füzulinin “Leyli və Məcnun” poemasını digərlərindən nə fərqləndirirdi?

– Anadilli epik şeirimizin zirvəsi Füzulidir. “Leyli və Məcnun” poemasının quruluşunda, tərtibində Füzuli böyük yeniliklər edib. Füzuliyəqədərki epik şeir nümunələrimizdə belə qayda-qanun var idi ki, əsər məsnəvi şəklində yazılmalıdır, onlara digər janrda şeirlər əlavə etmək olmaz. Düzdür, bəzi əsərlərdə bir-iki qəzələ rast gəlinir. Füzulidə isə bu özünü daha qabarıq şəkildə göstərdi. Füzulinin “Leyli və Məcnun”u quruluş baxımından çox orijinaldır. Əsər nəsrlə yazılan dibaçə ilə başlayır və ardınca üç rübai gəlir. Bu quruluş Füzuliyə qədər yox idi. Eyni zamanda, poemalarda fəsillərin başlanğıcı fars dilində bir cümlə ilə verilirdi. Amma Füzulinin “Leyli və Məcnun” poemasında fəsillərin başlığı qoşa qafiyəli nəsr cümlələri ilə ifadə olunub. Bu da bir yenilik idi.

– Müxtəlif illərdə Füzulinin məzarı ilə bağlı məsələ aktuallaşıb. İndi vəziyyət necədir?

– O vaxtlar Füzulinin məzarı üstündə böyük bir məqbərə tikilmişdi. Amma 70-ci illərdə Kərbəlada bərpa-genişləndirmə işləri aparılanda Məhəmməd Füzulinin məzarı plana düşdü və məqbərə söküldü. Əvvəl belə fikirlər var idi ki, Füzulinin sümükləri yolun altında qalıb və s. Amma sonra məlum oldu ki, sümükləri qutuya yığıb bir məsciddə saxlayıblar.

– Bu xəbərlər Azərbaycanda necə qarşılandı?

– Azərbaycan mühiti bundan xəbər tutandan sonra SSRİ adından çoxlu müraciətlər edildi. O müraciətlərin edilməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu oldu. 1970-ci illərdən Kərbəlada Füzuli məqbərəsinin tikilməsi ilə bağlı aparılan danışıqlar və yazışmalar nəticə verməsə də, Ulu Öndər bu sahədəki fəaliyyətini inadla davam etdirdi. Heydər Əliyevin təklifi ilə füzulişünasların beynəlxalq simpoziumlarının keçirilməsinə təşəbbüs edildi və buna uğurla nail olundu. Bu isə məsələnin unudulmadığını, Azərbaycanı daim narahat etdiyini göstərirdi. Heydər Əliyev İraqdan SSRİ-yə gələn müxtəlif səviyyəli nümayəndə heyətləri qarşısında həmin məsələni cəsarətlə qaldıraraq həllinə çalışırdı. O, 1981-ci ildə keçirilən Yazıçılar İttifaqının qurultayında müəyyən nüfuzlu vəzifə sahibi olan şair və yazıçılarımızı belə məsələlərdə mübariz, fədakar və prinsipial olmağa səsləmişdi.

– Bəs bu müraciətlərə cavab nə olurdu?

– Cavab olaraq Bağdadın hakim dairələrindən 1980-ci illərin sonunda Füzulinin qəbrinin bərpasının baş tutacağının mümkünlüyü bildirilirdi. Çətin və gərgin mübarizə öz nəticəsini verdi. Füzulinin qəbri Kərbəlada bərpa olundu. Həmin vaxtlar İraqa gediş-gəlişin çətin olduğundan bu barədə ilk məlumatı 1989-cu ildə Azərbaycanın “Xarici ölkələrlə dostluq və mədəni əlaqə” cəmiyyətinin sədri, Xalq şairi Nəbi Xəzrinin bir müsahibəsindən alırıq. O deyir: “Füzulinin yeni məzarını ilk dəfə 2 fevral, 1989-cu ildə ziyarət etmişəm. İraqda SSRİ günləri keçirmək barədə danışıqlar aparmaq üçün Bağdada getmişdik. Yeni türbəyə sənət nümunəsi demək olar. Görülən iş yüksək qiymətə layiqdir. Deyilənə görə, əvvəlkindən də əzəmətlidir. Bir sözlə, özünə yaraşandır”.

– Hal-hazırda qəbir ovaxtkı vəziyyətdədir?

– Yox, sonradan ona da dəyişiklik ediblər... Deməli, 2023-cü ilin iyulunda Ədəbiyyat İnstitutuna müraciət olunmuşdu ki, bu kitabədəki yazılarla bağlı fikirlərinizi bildirin. Orda yazılırdı ki, Məhəmməd Füzuli əsərlərini türk, ərəb, fars, kürd dilində yazıb. Təsəvvür edin, Füzulinin yaradıcılığında kürdcə bir misra belə yoxdur.

– Azərbaycanlı olduğunun qeyd edilmədiyinə görə müraciət etmədiniz?

– Narazılığımızı bildirdik. Bu söhbət 2023-cü ilin iyul ayında olmuşdu. 2023-cü ilin payızında bizə yenilənmiş versiyanın şəklini yolladılar. Gördük ki, Füzulinin azərbaycanlı (red: orijinalda “azəri” yazılıb) şair olduğu kitabəyə əlavə olunub.

– Nə vaxtsa Füzulinin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi təşəbbüsü olubmu?

– Bununla bağlı Sovet vaxtı söhbətlər gedirdi. Heydər Əliyevin bu məsələyə münasibəti fərqli idi. O deyirdi ki, buna ehtiyac olub-olmamağını zaman göstərəcək.

– Bəs siz bir füzulişünas kimi nə düşünürsünüz?

– Bilirsiniz, təbiəti etibarilə mömin və dindar bir şəxsiyyət olan Füzulinin yaddaşında ta uşaq yaşlarından Kərbəla müsibəti barədə eşitdikləri, öyrəndikləri dərin iz buraxmışdı. Hətta Füzuli bir beytində dünyasını dəyişərkən İmam Hüseynin məqbərəsi yanında torpağa tapşırılmasını bir arzu olaraq dilə gətirmişdi:

Məzarım üzrə qoymun mil, əgər kuyində can versəm,

Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən.

İmam Hüseyn məqbərəsinin kandarında dəfn olunmaq onun vəsiyyəti olub. Biz niyə onun vəsiyyətini pozaq? Füzulinin nəşinin qalıqlarını Azərbaycana gətirsək, ruhu narahat olar. Məncə, buna ehtiyac yoxdur.

– Füzulinin adı gələndə ağsaqqal, qaradinməz, ciddi bir insan obrazı göz önünə gəlir. Adam fikirləşir ki, bəlkə, tam əksinə, zarafatcıl, nikbin bir insan olub. Bu barədə mənbələrdə nəsə varmı?

– Onunla bağlı qəti fikir demək olmur. Bəzi şairlərin xasiyyəti ilə bağlı təzkirələrdə nəsə yazılsa da, Füzulinin xasiyyəti barədə isə heç bir məlumat yoxdur. Zənnimcə, Füzuli ağıryana, ciddi adam olub. Füzuli qəm şairidir...

– Ömrünün sonuna yaxın harda yaşayıb?

– Ömrünün son illəri İmam Hüseyn məqbərəsində çıraqsuz, yəni çıraq yandıran kimi xidmət göstərib.

– Vəfat tarixi dəqiq məlumdurmu?

– Bəli, bu tarix Əhdi Bağdadinin təzkirəsində “Köçdü Füzuli” ifadəsi ilə öz əksini tapıb. Bu ifadəni əbcəd hesabı ilə hesablayanda miladi tarixlə 1556-cı ildə vəfat etdiyi məlum olur. Taun xəstəliyindən dünyasını dəyişib.

– Bu il yanvar ayının 25-də Prezident İlham Əliyev Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Nə işlər görülüb, elmi mühitdə ümumi vəziyyət necədir?

– Sözün düzü, İnstitutun Füzulişünaslıq sektoru olaraq bu Sərəncam xəbəri bizim üçün gözlənilməz olmadı. Prezidentin Sərəncamı bizim fəaliyyətimizə yeni bir istiqamət verdi. Respublika və beynəlxalq konfransların keçirilməsi elm aləmi üçün çox dəyərli hadisə oldu. Söhbətin əvvəlində qeyd etdiyim kimi, hazırda institutda monoqrafiya üzərində işləyirik. Bu ilin payızında nəşri gözlənilir. Füzulinin yubileyi ilə bağlı təkcə Ədəbiyyat İnstitutunda yox, akademiya səviyyəsində böyük işlər görüldü. “Füzuli və Şərq ədəbiyyatı” adlı konfrans keçirildi. Konfrans yüksək səviyyədə təşkil olunmuşdu, dünyanın müxtəlif yerlərindən qonaqlar təşrif buyurmuşdu. Bundan əlavə, Folklor İnstitutu “Füzuli və Şərq folkloru” mövzusunda konfrans keçirdi və maraqlı məruzələr dinlənildi. Bilirsiniz, Füzuli yaradıcılığı çoxqatlıdır. Hər bir adam ordan özünə bir pay götürə bilər. O yazırdı:

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,

Оnda min zövq artıran hər dürlü nemət düzmüşəm.

Süfrəmə hər bir qоnaq gəlsə xəcalət çəkmərəm

Fərqi yоx, ya türk gəlsin, ya ərəb, yaxud əcəm.

Kim gəlir gəlsin aparsın hər nə istər xatiri

Qurtaran nemət deyil süfrəmdən оlmaz heç nə kəm.

Yubileylə bağlı Sərəncam hamının ondan pay götürməsinə geniş şərait yaratdı.

– İndiyə qədər görülən işlər sizi qane edirmi, ya hansısa əskikliklərin olduğunu düşünürsünüz?

– Qane edir. Amma bir məsələ var. Böyük şəxsiyyətlərin doğum günləri, yubileyləri sərəncamdan sərəncama qeyd edilməməlidir. Onların mövludları hər il keçirilməlidir. Dünyada belə nümunələr çoxdur. Çox uzağa getməyək. Məsələn, Özbəkistanda hər il Əlişir Nəvainin doğum günü yüksək səviyyədə qeyd edilir. Füzuli də yubileydən yubileyə yada düşməməlidir. Onun əsərləri 2005-ci ildə Prezidentin Sərəncamı ilə latın qrafikasında çap edilmişdi. Artıq 20 ilə yaxın müddət keçib. Çox istərdim ki, Füzulinin əsərləri yenidən nəfis tərtibatda işıq üzü görsün.

– Müsahibəyə görə minnətdaram, sonuncu dəfə söhbətlərinizi altı il əvvəl – tələbə olarkən universitet auditoriyasında eşitmişdim.

– Minnətdaram, uğurlar!

Ataəmi müəllim söhbətin sonunda Kərkükdəki Füzuli məscidindən gətirilmiş torpağı mənə göstərdi və bir gün birlikdə Füzulinin məzarını ziyarət etmək arzusu ilə sağollaşdıq.