Baş nazirin müavini Nikolay Patskeviçlə görüşüb Siyasət

Baş nazirin müavini Nikolay Patskeviçlə görüşüb

Dünən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yermolayeviç Patskeviçi qəbul edib.
Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Baş nazirin müavini bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb, İsmayıllı rayonu ərazisindəki məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin rayonda Belarusun təşkilatı tərəfindən inşa edilən 45 ailəlik yeni yaşayış qəsəbəsinin, 96 şagird yerlik məktəbin, tibb məntəqəsinin tikintisi və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Səfirə fəaliyyət müddəti ərzində əvvəlki görüşlərini minnətdarlıqla xatırladan Ə.Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rəsmi Minskin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Qəbulda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.