Türkiyə-Azərbaycan münasibətləri yüksək zirvəyə çatıb - TƏHLİL Siyasət

Türkiyə-Azərbaycan münasibətləri yüksək zirvəyə çatıb - TƏHLİL

Mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər. Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışındakı çıxışı yerli sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycan arasında yüksək zirvəyə çatmış münasibətlər inkişaf etməkdə davam edir.

“Ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına hər iki dövlət liderlərinin rolu misildizdir. Vurğulamaq lazımdır ki, Azərbaycan hər bir uğurunda Türkiyəni, Türkiyə isə hər bir uğurunda Azərbaycanı yanında görmək istəyir. Hər iki ölkədə əhəmiyyətli layihələr baş tutanda bu ölkə rəhbərləri həmin tədbirlərdə iştirak edirlər.

Misal üçün, 2021-ci il 26 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Hava Limanının açılışında iştirak etməsi, indi isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə hava limanının açılışında iştirak etməsi bir daha onu göstərir ki, hər iki qardaş ölkənin əhəmiyyətli layihələrdə də bir-birinin yanında olması kimi gözəl bir tendensiya yaranıb”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə cəlb olunan şirkətlər içərisində də ən çox yer alan məhz Türkiyə şirkətləridir.

“Hava limanını inşa edən Türkiyə şirkəti də Qarabağda bərpa işlərində iştirak edən şirkətlərdən biridir. Bu, bir daha onu göstərir ki, qardaş Türkiyə xalqı azad edilmiş ərazilərin çiçəklənən diyara çevrilməsində öz töhfəsini əzmlə yerinə yetirir. Türkiyə ilə Azərbaycan arasında bu yüksək münasibətlər hər iki ölkənin inkişafına töhfə verməklə yanaşı, türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir, hətta mən deyərdim ki, bir lokomotiv rolu oynayacaq”, - deyə deputat əlavə edib.

S.Hüseynova qeyd edib ki, dünyada qardaş xalqlar çoxdur, amma bu qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ deyil. Ancaq Azərbaycan və Türkiyə bu məsələdə dünya üçün bir nümunədir. Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir nümunəsidir.

Milli Məclisin deputatı Cavid Osmanov da Trend-ə bildirib ki, Azərbaycan ilə Türkiyə arasında olan münasibət dünya üçün bir nümunədir.

Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub. “Həm çətin gündə, həm xoş gündə Türkiyə və Azərbaycan bir-birinin yanında olub. Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi bir daha göstərdi iki qardaş ölkə arasında əlaqələr əbədi və sarsılmazdır. Dünyada bir çox qardaş xalqlar olsa da, belə münasibətləri olan dövlətlər mövcud deyil.

Azərbaycan və Türkiyə hər zaman türk dövlətlərinin daha sıx münasibətdə olmasına xidmət edən addımlar atıblar”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad etdi.

“Tarixi Zəfəri ilə yeni reallıqlar yaratmaqla ölkəmiz regionun ən vacib aktorlarından birinə çevrilib. Bunun fonunda Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasına səbəb olub. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb. Eyni zamanda, qardaş Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünyada sözünü deyən ölkələrdən birinə çevrilib. Hazırda hər iki ölkədə bütün sahələrdə inkişaf müşahidə olunur”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları müstəqil və milli maraqlara xidmət edən siyasət yürüdərək öz dövlətlərinin inkişaf etməsinə tövfələrini verirlər. Eyni zamanda, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında olan qardaşlıq münasibəti təkcə iki ölkə arasında deyil, bütün türk dünyasında əlaqələrin inkişaf etməsinə böyük töhfə verib.