“Müsavat Qadınlar Birliyinə seçki alternativsiz keçdi” Siyasət

“Müsavat Qadınlar Birliyinə seçki alternativsiz keçdi”

Ellada Məmmədli: "Alternativsiz seçki isə yalnız rəhbərliyin göstərişi ilə olur"


Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Bu barədə Hərəkatın sədr müavini Ellada Məmmədli məlumat verib. E.Məmmədli qeyd edib ki, qərara görə, ADR parlament seçkilərində heç bir namizəd irəli sürməyəcək...
O, vaxtilə sədri olduğu Müsavat Qadınlar Birliyinin fəaliyyətinə də toxunub: "Bu gün rəhbərlikdə vəzifə tutan şəxslər yalnız özünü başqan elan edən Arif Hacılının diktəsi ilə oturub-dururlar. Birmənalı olaraq onun dedikləri icra olunur. Müsavat Qadınlar Birliyinə seçki də alternativsiz keçdi. Alternativsiz seçki isə yalnız rəhbərliyin göstərişi ilə olur".
E.Məmmədli ADR-çilərin Müsavatın 2014-cü ildə keçirilən VIII qurultayının nəticələrinin ləğvi ilə əlaqədar Ədliyyə Nazirliyinə edilən müraciəti də şərh edib: "Bizim müraciətimizlə Razi Nurullayevin müraciətini eyniləşdirmək doğru deyil. Razi bəyin möhür ifadəsi ilə bizim etirazımız tamam başqa şeydir. Müsavat qurultayının keçirilməsindən bu günə qədər düz 11 ay keçib. Bu müddət ərzində bacardığımız qədər Arif Hacılı və İsa Qəmbərin qanunsuzluqlarına qarşı öz mübarizəmizi davam etdirdik. Gah bizə narazılar, gah Qubad İbadoğlu tərəfdarları dedilər, indi də ADR-çilər deyirlər. Müsavat Partiyası qanunsuz olaraq insanları partiyadan çıxarır. Bizim davamızın əsas məqsədi o idi ki, VIII qurultay öz işini başa çatdırmayıb, sərbəst məclis üzvləri saxta yolla seçilib, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının seçkisi qurultayda elan olunmayıb. Arif Hacılıya qarşı fikirlər işlədən insanlar partiyadan xaric edildi. Qurultaya etiraz əlaməti olaraq çox adam partiyadan istefa verdi. Dünənədək həyatının 24-25 ilini siyasətə həsr etmiş adamlar partiyadan qovulduqda və istefa verəndə məcburiyyət qarşısında qalıb hərəkat yaratmalı oldu".
Onun sözlərinə görə, Müsavatın VIII qurultayı Arif Hacılının saxta seçkisi ilə yadda qaldı: "Bütün qanunsuzluqları faktlarla Müsavat rəhbərliyinə çatdırmışdıq. Arif Hacılı başda olmaqla Divan, Məclis, MNTK-ya etirazımızı bildirdik. Hər birindən "yox" cavabı aldıq. Arif Hacılı və Hacıbəyli qardaşları bizə cavab verdi ki, Ədliyyə Nazirliyi VIII qurultayın protokolunu təsdiq edib. Arif Hacılı dedi ki, mənim başqanlığımı Ədliyyə Nazirliyi təsdiqləyib. Ondan sonra nə istədi elədi, hamımızı partiyadan çıxardı. Çıxarılanlar Müsavatdan rəsmi sənəd ala bilmədilər ki, məhkəməyə müraciət edib özlərini müdafiə etsinlər. Axı partiyadan çıxarılanlar Nizamnamədən kənar şəkildə bir nəfərin istəyi ilə xaric olunub. Müsavat rəhbərliyinin qarşısına VIII qurultayda saxtalaşdırma ilə əlaqədar faktları qoysaq da, cavab vermədilər və bizi əlləri ilə kənara itələdilər. Sonda çıxış yolunu Ədliyyə Nazirliyinə müraciətdə gördük".
ADR sədrinin müavini əlavə edib ki, müraciətdə Müsavatın VIII qurultayının başa çatmaması, qurultayda baş verən saxtakarlıqlar qeyd olunub: "Seçilmiş qurumların qeyri-legitimliyini Nizamnamə bəndlərinə əsaslanaraq faktlarla göstərmişik. Video materiallar əsasında hüquqi sənəd hazırlamışıq. Konkret olaraq bildirmişik ki, Müsavat rəhbərliyi tərəfindən VIII qurultayla bağlı verilən protokol düzgün tərtib olunmayıb, xahiş edirik bu, araşdırılsın və nəticələr ləğv olunsun". Qeyd edək ki, dünən Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ədliyyə Nazirliyinə çağırılıb. Partiyanın başqanı Arif Hacılı bu barədə özünün Facebook səhifəsində bildirib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğv olunması ilə əlaqədar Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının şikayətini araşdırır. Xatırladaq ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını elan edib.