
44 günlük haqq savaşımızda “Təki Vətən sağ olsun!”- deyib özünü odun-alovun içinə atıb tarix yazan qəhrəmanlardan bir də 1 iyun 1993-cü ildə Sabirabadın Ulacalı kəndində dünyaya göz açan şəhid Aqşin Şirvan oğlu Ağayevdir. O, torpaq uğrunda qan tökməklə əbədi olaraq Vətən səmasının parlaq günəşinə dönüb. Məhz buna görə həyat yolu nə qədər qısa olsa da, zaman-zaman şərəfli və örnək sayılar. Həmçinin ölümündən sonra dövlət tərəfindən layiq olduğu “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə medalları onun mərdliyini, doğma yurdunu canından artıq sevdiyinı bildirər. İkinci tərəfdən səpdiyi qəhrəmanlıq toxumları ürəklərdə cücərdikcə, bir daha millətin gözündə ucalacaq.
Aqşin hələ uşaqlıqdan mərd, doğma Azərbaycana sevdalı böyüyüb. Yeniyetmə orta məktəbi bitirəndə insan həyatının dəyərini xalqına, Vətəninə təmənnasız xidmətdə görüb. Yurduna yağı dadanmış bir vaxtda hərbi xidmətdə olmağı əsas şərt sayıb. Odur ki, 2011-ci ildə ordu sıralarına yollanıb, Gəncədə yerləşən hərbi hissədə əyninə şərəfli forma geyinib. Başlıca amalı qələbə ilə evə dönmək olan Aqşin qısa zaman kəsiyində ciddiliyi, düşdüyü şəraitdən baş çıxarması, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməsi sayəsində komandanlığın diqqətini, hörmətini qazanıb. Ona kiçik çavuş rütbəsi verilib, manqa komandiri təyin edilib. Vətən qarşısında oğulluq borcunu vicdanla yerinə yetirməklə bərabər, qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanıb. Amma yağıdan alacağı öcü bir qədər gözləməli olub. 2013-cü ilin yanvar ayında hərbi xidməti uğurla başa vuraraq evə qayıdıb.
Aqşin müxtəlif işlərdə çalışmaqla ailəsinə maddi dəstək olub. Qaldı ki, xəyalı gecə-gündüz cəbhə bölgələrində dolaşıb, Qarabağımızın azadlığı naminə birbaşa səngərə, nankor yağı düşmənlə döyüşə can atıb.
Nəhayət ki, 2020-ci ilin 27 sentyabrı gəlib. 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğalından azad etmək məqamı yetişib. Müharibə xəbərini həssaslıqla qarşılayan Aqşin hərbi komissarlığa müraciət edərək könüllü surətdə cəbhəyə yollanıb.
Qəlbi Vətən eşqi ilə döyünən Aqşin Ağayev 2020-ci ilin 9 oktyabrdan Xüsusi Təyinatlı Qoşunların Həmlə qrupunda kəşfiyyatçı kimi ən qaynar nöqtələrdə gedən döyüşlərə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonunda manqa komandiri olaraq, ağır müharibə meydanlarında mərdliklə vuruşub, igidlik göstərib. Yağının kabusuna çevrilməklə onlara canlı qüvvə və hərbi texnika sıradan ciddi itkilər verib. Həm də cəsarət göstərərək güllə yağışı altında yaralı yoldaşlarını odun-alovun içindən çıxarda bilib.
Adəti üzrə öndə gedən Aqşin Xocavənd uğrunda gedən çətin, qətiyyətli ölüm-dirim savaşında erməni dığalarına daha sağalmaz od qoyub.
Sonra yenidən Füzuliyə qayıdıb, döyüşü davam etdirib. 2020-ci ilin 27 oktyabrı həyatının axırı olub. Növbəti kəşfiyyat tapşırığından geri dönərək canından artıq sevdiyi Vətən yolunda yağı ilə son damla qanına qədər döyüşərək, müqəddəs şəhidlik zirvəsinə ucalıb.
İndi qəhrəman Aqşın bütün Azərbaycan xalqının qürur yeridir. Yarımçıq arzularını cücərdəcək Zümrüd adlı bir qız uşağı bizlərə əmanət qalıb.
Zəfər Orucoğlu