“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib”-Nurlan Qələndərli Siyasət

“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib”-Nurlan Qələndərli

“Şuşa Bəyannaməsi regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin Azərbaycan ilə Türkiyənin strateji tərəfdaşlığının zirvəsidir. Bəyannamənin imzalanması ilə iki qardaş ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması müstəsna - tarixi əhəmiyyətə malikdir. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır”. Bu fikirləri xalqcəbhəsi.az saytına açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloq söyləyib ki, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi hər iki ölkənin milli gücünün artırılması, regional təhlükəsizliyin təmin olunması və çoxşaxəli əməkdaşlığın inkişafı baxımından strateji önəm daşıyır: “Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündə - dostluq, qardaşlıq və strateji tərəfdaşlıq zirvəsindədir. Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini - həmrəyliyini təmin edən amillərdir. Şuşa Bəyannaməsi isə Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib”.

Əli Zülfüqaroğlu