Şuşa Bəyannaməsi- strateji hədəflər, regionun sabitliyi Siyasət

Şuşa Bəyannaməsi- strateji hədəflər, regionun sabitliyi

Bir il öncə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi regiona yönəlmiş görünən və görünməyən təhdidlərin aradan qaldırılmasında mühüm əhəmiyyəti olan tarixi sənəddir. Dünyada belə tendensiya olub ki, imzalanmış sənədlər məkanın adı ilə tarixdə qalır. Bu baxımdan Şuşa Bəyannaməsi həm imzalanma məkanına, həm də strateji hədəflərinə görə, bizim üçün çox qiymətlidir.

Bunu "Xalq Cəbhəsi"nə ekspert Əkrəm Bəydəmirli deyib.

Azərbaycanın II Qarabağ savaşında qazandığı tarixi qələbəsinə kölgə salmaq, erməni separatizmindən məqamı gələndə yararlanmaq istəyən məkrli qüvvələrə və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünə xor baxanlara, bu məlum bəyannamə ciddi mesaj idi. Bir daha çox dəqiq bildirilmişdi ki, regiona təhdidlə yanaşan qüvvələr qarşılarında Türkiyə-Azərbaycan əmədaşlığının yaratdığı möhkəm gücü, hərbi əməkdaşlığı görəcəklər. Gerçəkdən həm əvvəl, həm də son bir ildə iki qardaş ölkənin silahlı qüvvələinin birgə möhtəşəm təlimləri davam edib. Bütün bu addımlar hər hansı dövlətə qarşı deyil, yalnız regionda sabitliyin təmin olunmasına hədəflənmişdi:

"Şuşa Bəyannaməsinin digər bir əhəmiyyəti ondan ibarətdir ki, nəhəng iqtisadi layihələrin gerçəkləşməsi üçün zəruri təminat yaratmaq, bir sıra dövlətləri nəhəng tranzit layihələrin icrasına cəlb etməkdir. Çünki Azərbaycanın təqdim etdiyi iqtisadi əməkdaşlıq modeli regionda sülhün bərqərar olmasında çox effektli mexanizmdir. Təəssüf ki. Rusiyanın dirijorluğu ilə Ermənistanda baş qaldıran revanşist qüvvələr öz ağalarından aldıqları təlimata uyğun hərəkət edirlər. Onların hədəfi Ermənistanı bu layihələrdən uzaq salmaq, gərginliyi daha da artırmaqdır. Lakin düşmən tərəfinin təxribatları effekt verməyəcək. Cənubi Qafqaz regionunda sabitliyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı təxribatlar olcaqsa, əvəzində çox kəskin cavab tədbirlərinin tətbiq olunacağı şübhəsizdir".

Onu da qeyd edək ki, bir çox nəhəng layihələrin, o cümlədən Zəngəzur dəhlizinin reallaşması isə bütün türk dünyası arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Belə əlaqələrdən hər bir ölkə faydalanacaq. Əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi statusunda olan Şuşa Bəyannaməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək:

"Nəhayət Rusiya –Ukrayna müharibəsinin yaratdığı fəlakətlər sindromunda, dünyada at izinin it izinə qarışdığı məqamda Türkiyə və Azərbaycanın ortaya qoyduğu əməkdaşlıq modeli, Şuşa Bəyannaməsi çox ideal variantdır. Biz Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq bu prosesdə öz töhfəmizi verməyə hazırıq".
Cavid