BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycan Hökumətinin şəhərsalma ilə bağlı gördüyü işləri təqdir edib Siyasət

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycan Hökumətinin şəhərsalma ilə bağlı gördüyü işləri təqdir edib

Füzulidəki Hava Limanı, Ağdamdakı bu gözəl konfrans məkanı, Azərbaycan Respublikasının Hökumətinin şəhərsalma ilə bağlı postmünaqişə dövründə gördüyü işlər təqdirəlayiqdir. Siz öz vətəndaşlarınız üçün çox parlaq bir gələcək qurursunuz.

Trend xəbər verir ki, bu fikirləri BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif söyləyib.

“Əsas məsələ heç kəsi və heç bir məkanı inkişafdan geridə qoymamaqdır. Münaqişələr dünyada milyonlarla insanı yoxsulluq həddinə qədər gətirib çıxarır. 2021-ci ildə 81 milyon insan öz evindən məhz zorakılıq, təhlükə, eləcə də iqlim dəyişikliyi ucbatından didərgin düşüb”, - deyə Maimuna Mohd Şərif qeyd edib.