“ABŞ ATƏT-ə seçkiləri izləməyə cəmi 2 dəfə izn verib” Siyasət

“ABŞ ATƏT-ə seçkiləri izləməyə cəmi 2 dəfə izn verib”

Sahib Alıyev: "O boyda Amerikada seçkinin gedişini cəmi 47 nəfər izləyirdi"

"ABŞ Dövlət Departamentinin noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisiylə bağlı yaydığı açıqlama yumşaq desək gülüş doğurur".
Bu sözlər millət vəkili, telejurnalist Sahib Alıyevə aiddir.

O, bildirib ki, başında erməni yanlısı Con Kerrinin dayandığı Departament seçkinin nəticələrini şübhə altına qoyan heç bir arqument gətirə bilməsə də və bu üzdən "Azərbaycan hökuməti və xalqı ilə güclü, sabit, demokratik və firavan gələcək qurmaq istiqmətində işləməyə sadiq qalıdıqlarını" vurğulamalı olsa da, iradsız da qalmayıb. Ən böyük iradları da bununla bağlıdır ki, Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərə lazımi sayda müşahidəçi göndərməsinə imkan verməyib.
Millət vəkilinə görə, Amerika Birləşmiş Ştatları gərək bu haqda ümumiyyətlə danışmasın: "Birinci ona görə ki, indiyə kimi bu ölkə həmin ATƏT-ə orada keçirilən seçkiləri izləməyə cəmisi 2 dəfə izn verib. 2008-ci və 2012-ci illərdə.
2008-ci ildə Amerikada keçirilən seçkini izləmək üçün ora ATƏT-in 100 daimi mühahidəçisinin gəlməsi planlaşdırılsa da, maliyyə ixtisarları və bir sıra Avropa dövlətlərinin öz təmsilçilərini göndərmək istəməməsi və yaxud da nəzərdə tutulandan az göndərmələri nəticəsində onlar cəmi 47 nəfər oldular. Yəni o boyda Amerikada seçkinin gedişini cəmi 47 nəfər izləyirdi, ona da əgər izləmək demək mümkündürsə. Çünki ABŞ-ın 50 şatatından 46-da burada keçirilən seçkiləri beynalxalq müşahdəçilərin izləməsi qadağandır. Belədə həmin ştatlarda seçkinin gedişi izlənilsə belə bu, formal xarakter daşıyır. Və yenə də Amerika qanunlarına görə orada seçkinin gedişini müstəqil müşahidəçilər də izləyə bilməzlər, onlar ancaq hansısa bir partiyanın üzvləri olmalıdırlar.
İkinci dəfə, yəni 2012-ci ildə ATƏT həmin Amerikaya seçkinin gedişini izləmək üçün cəmi 44 müşahidəçi göndərdi. Onda isə Texasın baş prokuroru Qreq Abbot beynalxalq müşahidəçiləri seçki məntəqəsinin cəmisi 30 mertliyinə gələ biləcəklərini, ayaqlarını bundan bir santimetr qabağa atacaqları halda isə həbs olunacaqlarını bildirdi. Bəli, bu dərəcədə açıq və net bir şəkildə. Ona görə ki, az öncə vurğuladığımız kimi Texas qarışıq Amerikanın 50 ştatından 46-da seçkinin gedişini beynəlxalq müşahidəçilərinin izləməsinə imkan verilmir. Halbuki, bu, ATƏT-in 1990-cı ildə təsdiqldiyi Kopenhagen anlaşmasına ziddir. Hər bir ATƏT üzvü kimi Birləşmiş Ştatlar da beynəlxalq müşahidəçilərin orada keçirilən seçkilərin gedişini izləmələrinə izn verməlidir.
İndi siz deyin, belə bir ölkənin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda seçkinin gedişini izləməməsini ən böyük nöqsan kimi qabartmasına haqqı çatırmı? Özü də bilə-bilə ki, biz bundan imtina etməmişik. Seçkini izləməkdən imtina edən elə həmən Amerikanın ATƏT-dəki səfiri Daniel Bayerin diktəsilə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu olub. Səbəb də budur ki, nədən biz bura onlar istədiyi kimi 400 deyl də, nisbətən az müşahidəçinin gəlməsini istəmişik.
Maraqlıdır, seçicisinin sayı Ameikadakından təqribən 40 dəfə az olan Azərbaycana nədən ora göndəriləndən 10 dəfə çox müşahidəçi göndərilməsi planlaşdırılırdı? Və burada məqsəd doğrudanmı seçkinin necə keçdiyini izləmək idi? Qərbdəki bəlli strukturların Dağlıq Qarabağ məsələsində tutduqları yanaşma bu sualın ritorikliyini göstərir.
Hə, az qala unutmuşdum, Amerika Dövlət Departamentinin əsas iradlarından biri də budur ki, "əsas müxalifət partiyaları seçkidən kənarda qalınb". Onları kim kənarda saxlayıb. Həmən ""əsas müxalifət partiyaları"ından olan Müsvata kim dedi ki, seçkiyə 3-4 gün qalmış ona qatılmaqdan imtina et. İçi həmin Müsavat qarışıq "əsas müxalifət partiyaları"nın seçkiyə niyə qatılmadıqlarını guya amerikadakılar bilmirlər. Çünki seçilməyəcəklərini anlayırdılar. Elektoratları yoxdur.
Amerikadakılar bilmirmi, Müsavatın, eləcə də digər "əsas müxalifət partiyaları"nın seçkiyə qatılmamaları məhz bununla bağlı idi. Prinsipial müsavatçı kimi tanınan Elbəyi Həsənli də yazmamışdımı ki, onun partiyadaşları elə bilirdi iqtidar onlara mandat paylayacaq, amma bunun belə olmadığını gördükdə seçkiyə 3-4 gün qalmış haray-həşir salmağa başladılar.
Əlbəttə, Dövlət Departamentində əyləşənlər bu reallığı bizdən heç də pis bilmirlər. Azərbaycandakı secki onları ona görə narazı salır ki, istədikləri olmur, yəni "əsas müxalifət partiyası" adlandırdıqlarına bir zamanlar buradakı səfirlərinin tələb etdiyi kimi parlamentdə 25 yer verilmir. 25 yer verilsə, onda seçkilər tam Amerika standartlarına və marağına cavab vermiş olacaq. Ancaq bu, Azərbaycan xalqının marağına cavab veririmi? Vermir. Əsas da budur, əgər biz müstəqil ölkəyiksə, seçimi də bu xalq öz maraqlarına cavab verən şəkildə etməlidir, kiminsə diqtəsilə yox!"