Vışeqrad Qrupunun siyasi direktorları XİN-də olublar Siyasət

Vışeqrad Qrupunun siyasi direktorları XİN-də olublar

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Vışeqrad Qrupunun (Çexiya, Polşa, Macarıstan və Slovakiya) siyasi direktorlarından ibarət olan nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı X. Xələfov ikitərəfli əsasda olan görüşlərin davamı kimi Vışeqrad qrupu formatında keçirilən görüşlərin maraqla qarşılandığını nəzərə çatdırıb.
Nazir müavini Vışeqrad Qrupunun Avropa İttifaqı çərçivəsində mühüm rola malik olduğunu qeyd edərək, maraqlı təşəbbüslərlə çıxış etdiyini deyib. Bu xüsusda, Şərq Tərəfdaşlığı təşəbbüsünün də Vışeqrad Qrupuna aid olduğunu xatırladıb.
X. Xələfov bu qrupa daxil olan ölkələrin öz aralarında əməkdaşlıq və dialoq təcrübəsinin Azərbaycan tərəfindən də maraqla izlənildiyini qeyd edərək, Vışeqrad qrupu formatının fərdi əsasda hər bir üzv dövlətlə əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqı bir çox regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik bir qurumdur və bu baxımdan Avropa İttifaqı çərçivəsində Vışeqrad Qrupunun təşəbbüsləri vacib əhəmiyyət kəsb edir.
X. Xələfov Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafından danışaraq, bir sıra dövlətlərlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən X. Xələfov bu əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Vışeqrad Qrupunun nümayəndə heyəti tərəfindən isə qrup çərçivəsində əməkdaşlıq və qarşıda duran layihələr haqqında məlumat verilib. Qrup çərçivəsində əməkdaşlıq və əlaqələndirmənin 25 ilə yaxın dövr ərzində uğurla davam etdirildiyi qeyd olunaraq, əlaqələrin dövlət və hökumət başçıları və işçi qrupları səviyyəsində aparıldığı bildirilib.
Heyət üzvləri Azərbaycanı yaxın tərəfdaş və dost ölkə kimi qəbul etdiklərini deyərək Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan üçün nə dərəcədə həssas və ağrılı olduğunu anladıqlarını, münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Vışeqrad Qrupu ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən qonaqlar ölkəmizdən müsbət təəssüratla ayrıldıqlarını, Azərbaycanın mövqeyini və həssaslıqlarını anladıqlarını və bu mövqeyi Brüsseldə ifadə etmək üçün maksimum səy göstərəcəklərini qeyd ediblər. Avropa İttifaqının bəzi təsisatları tərəfindən Azərbaycanla əlaqədar qəbul edilmiş sənədlərin təəssüf doğurduğunu qeyd edərək, strateji baxımdan mühüm regionda yerləşən Azərbaycanla əlaqələrin inkişafına ümidvar olduqlarını bildiriblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.