“Ölkəmizi təhdid edən təhlükələr...” Siyasət

“Ölkəmizi təhdid edən təhlükələr...”

Taliyət Əliyev: " Bütün siyasi qüvvələrin həmrəylik göstərməsini şərtləndirir"

"Azərbaycan Demokrat Partiyası xeyli müddətdir ki, qurultayını keçirə bilmir. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Bu səbəblər də hər kəsə bəllidir. Səbəblərdən biri noyabrın 1-də ölkədə parlament seçkilərinin keçirilməsi oldu. İlkin mərhələdə ADP bu seçkilərdə iştirak etməkdə maraqlı idi. Ona görə də partiyanın mərkəzi strukturları, eləcə də rayon təşkilatlarında əsas diqqət seçkilərə yönəlmişdi. Lakin sonradan məlum səbəblərdən ADP seçkilərdə iştirak etməmək barədə qərar verdi. Ona görə də bu müddət ərzində qurultayın keçirilməsi arxa plana keçdi. Hazırda da il yekunlaşmaq üzrədir və artıq ilin sonuna az qalıb. Bu baxımdan bu il Azərbaycan Demokrat Partiyasının qurultayının keçirilməsi məsələsi real görünmür". Bunu ADP sədrinin müavini Taliyət Əliyev deyib. O, bildirib ki, "Qarabağ" bloku ölkədə ən uzunömürlü siyasi birlik oldu: "Parlament seçkilərindən öncə biz blokun fəaliyyətinin seçkilərin sonuna kimi dayandırılması ilə bağlı qərar vermişik. Seçkidən sonra isə hələ ki, blokun fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir təşəbbüs yoxdur. Hesab edirəm ki, yaxın vaxtlarda bu məsələ aydınlaşacaq və müvafiq qərar veriləcək. Partiya olaraq həmişə əməkdaşlığa maraqlı olmuşuq. Azərbaycan Demokrat Partiyası olaraq bundan sonra da siyasi maraqlarımız üst-üstə düşən partiyalar ilə əməkdaşlığa hazırıq. Birmənalı olaraq nəzərə alınmalıdır ki, dünyada və regionda baş verən hadisələri və bu hadisələr fonunda ölkəmizi təhdid edən təhlükələr ölkədəki bütün siyasi qüvvələrin xalqımızın və dövlətimizin maraqları naminə həmrəylik göstərməsini şərtləndirir. Azərbaycan Demokrat Partiyası olaraq hesab edirik ki, bu baxımdan müxalif siyasi qüvvələrin indiki zamanda bu istiqamətdə çalışması və fəaliyyət göstərməsi daha məqbul olardı".