“Kərimli hər bir cəbhəçiyə etdiyinə görə cavab verməlidir” Siyasət

“Kərimli hər bir cəbhəçiyə etdiyinə görə cavab verməlidir”

Razi Nurullayev: "Uğursuz siyasətçinin Azərbaycan siyasətində yeri olmamalıdır"

Əli Kərimlinin sədri olduğu AXCP qanadı Razi Nurullayevin sədri olduğu digər qanadın sənədlərinin də Ədliyyə Nazirliyi tərəfindən geri qaytarıldığını elan ediblər. Lakin narazılar bu xəbəri təkzib ediblər.
Alternativ AXCP-nin funksioneri Rafiq Daşdəmirli deyib ki, Ədliyyə Nazirliyi Etimad Qurultayının nəticələri ilə bağlı təqdim etdiyi sənədləri geri qaytarmayıb. Onun sözlərinə görə, AXCP Etimad Qurultayının oktyabrın 18-də keçirilən qurultayın nəticələrinin dövlət reyesterinə daxil edilməsi üçün edilən müraciət geri qaytarılmayıb və məsələyə Ədliyyə Nazirliyində baxılır.
Əli Kərimlinin sədri olduğu AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə müraciətlərinin geri qaytarılması və məsələnin araşdırılması üçün yaxın vaxtlarda məhkəməyə müraciət edəcəklərini deyib.
Alternativ AXCP sədri Razi Nurullayev bəyan edib ki, AXCP daxilində aylardır davam edən proseslər sona doğru gedir: "Ədliyyə Nazirliyi noyabrın 13-də Əli Kərimli düşərgəsinin qurultay sənədlərini geri qaytarıb. Bu, mənim rəhbərlik etdiyim AXCP-nin tamhüquqlu qurum kimi tanınması ehtimallarını gücləndirir. Ədliyyə Nazirliyinin bu qərarı partiyanın gələcəyinə böyük ümidlər yaradır. Əli Kərimli AXCP sədri olan zamanlarda partiyanın nizamnaməsini dəfələrlə pozub. Qurultayın keçirilməsini bir neçə il ləngidib. Rayon konfranslarını saxta cəbhəçilərlə keçirib. Ədliyyə Nazirliyi bunları nəzərə aldı. Əli Kərimli məni ittiham edib. Adam nə deməlidir? Deməlidir ki, Razi Nurullayevi AXCP kimi tanıyıram, o, son 20 ildə ən böyük qurultay keçirdi, insanların gözündə ümid işartıları yaratdı? Kərimli hər zaman intriqalar yaratmaq, dedi-qodu gəzdirməklə məşğul olur. Onun istefamla bağlı dediklərinin də heç bir əsası yoxdur. Məni qanunsuz şəkildə Əli Kərimli partiyadan getməyə məcbur etmək istədi. Sonrakı mərhələlərdə bunlar da məhkəmə müstəvisinə çıxacaq. Kərimli hər bir cəbhəçiyə etdiyinə, onları getməyə məcbur etdiyinə görə cavab verməlidir. Uğursuz siyasətçinin Azərbaycan siyasətində yeri olmamalıdır. Özü normal, cəbhəçilər isə ağır şəraitdə yaşayıb. Yenə də AXCP sədrliyinə iddia edir. Hansı haqla? Heç bir halda cəmiyyət adına müsbət dəyişikliklər gətirməyib. Bu baxımdan onun əlindən AXCP adını almağa məcbur idik. Onun dəyərlərdən danışmağa haqqı yoxdur. AXCP-də sədr 4 ildən bir seçilir. Kərimli sədrlik müddətini çoxdan başa vurmuşdu. Mətbuata müraciət edirəm ki, indiyə qədər məni Razi Nurullayevin başçılıq etdiyi AXCP sədri kimi təqdim etmisiniz, bundan sonra Əli Kərimlini də belə təqdim edin. Çünki o, AXCP-nin hüquqi təmsilçisi deyil".
Əldə etdiyimiz məlumata görə, AXCP-nin Əli Kərimli qanadı öz adını dəyişmək məsələsini də gündəmdə saxlayır. Bu haqda AXCP-yə yaxın şəxslər bildirir. Əli Kərimli Ədliyyə Nazirliyinin müvafiq cavabından sonra Feysbukda qeyd edib ki, AXCP sədri deyil, vətəndaş Əli Kərimli kimi müxalifət mövqeyini paylaşır, əgər partiyanın adı dəyişəcəksə, bu, onların mövqeyinin dəyişəcəyi anlamına gələ bilməz.
Çoxları hesab edir ki, bu yanaşma ilə Əli Kərimli tərəfdarlarını həm də psixoloji olaraq AXCP adından imtinaya da hazırlayır. Görünən budur ki, əgər Ədliyyə Nazirliyi Razi Nurullayevin sədri olduğu təşkilatı AXCP olaraq tanısa, bu zaman cəbhənin Əli Kərimli qanadı başqa ad barəsində düşünməli olacaq. İndilikdə ən münasib ad olaraq Yurd Partiyası nəzərdə tutulur.