Abad şəhərlər, yeni iş yerləri, xüsusi güzəştlər – Böyük Qayıdışa dair I Dövlət Proqramının hədəfləri Siyasət

Abad şəhərlər, yeni iş yerləri, xüsusi güzəştlər – Böyük Qayıdışa dair I Dövlət Proqramının hədəfləri

Prezident İlham Əliyevin Böyük Qayıdışa dair imzaladığı I Dövlət Proqramında sürətli inkişaf və əhalinin dayanıqlı məskunlaşması ilə bağlı bir çox mühüm məqamlar yer alıb.

I Dövlət Proqramının icrası 2026-ci ilədək həyata keçirilməlidir.

Proqramda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün hədəf göstəricilər müəyyən edilib:

1. İnfrastruktur
2.İqtisadiyyatın yenidən qurulması
3.Sosial inkişaf
4.Ətraf mühitin balanslı inkişafı

1. İnfrastrukturlayihələri çərçivəsində ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi və təhlükəsizliyin təmin olunması həyata keçiriləcək:

● 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin davam etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə illik planlar hazırlanacaq;

● 2026-cı ilin sonunda Qarabağda 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur. 2020-2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 57,6 min ha ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə isə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır;

● Proqrama əsasən, Dövlət sərhədinin müdafiəsi məqsədilə yeni yaradılan hərbi hissələrin (sərhəd bölmələrinin) maddi-texniki təminatının gücləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin yaradılması və fəaliyyətinin təşkili, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarında və digər ərazilərdə dövlət sərhədindən buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulur;

● İnzibati ərazi vahidlərində “Təhlükəsiz şəhər” xidmətinin təşkili, mərkəzi və yerli icra hakimiyyəti, habelə məhkəmə hakimiyyəti, o cümlədən prokurorluq orqanlarının inzibati binalarının və zərurət olduqda, xidməti yaşayış binalarının tikintisi və.sair bu kimi mühüm infrastruktur layihələrin həyata keçirilməsi planlaşdırılır.

- Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsi:

● Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınmalıdır;

● Hər bir rayon üzrə yaşayış məntəqələrinin salınacağı ərazilərin və ona dəstək infrastrukturlarının (yerüstü və yeraltı ehtiyatlar, əlavə sahələr), xüsusi mühafizə olunan təbiət ərazilərinin sərhədləri göstərilməklə xəritələri hazırlancaq.

- Nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulması:

● 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılıb. Həmçinin qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturun formalaşdırılmasına start verilib;

● 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır. Bundan başqa, Ağdam ‒ Ağdərə qaz kəmərinin və QTM-in tikintisi, Yevlax‒Naxçıvan magistral qaz kəməri hissəsinin 720 mm-lik borularla yenidən qurulması, həmçininin azad olunmuş rayonların daxilindəki böyük yaşayış məntəqlələrinə qaz kəmərlərinin çəkilməsi, şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin qurulması nəzərdə tutulur;

● 2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi həyata keçiriləcək. Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır;

● Ərazilərdə enerjidən istifadə zamanı güzəştli tariflərinin tətbiqinə dair təkliflər hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.

2. İqtisadiyyatın yenidən qurulması çərçivəsində yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması həyata keçiriləcək:

● İşğaldan azad olunmuş ərazilərdə resursların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi üçün vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunması, fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur;

● Ərazilərdə fəaliyyət göstərən biznesmenlərə Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi, yerli və xarici investisiyanın cəlb edilməsi üçün tədbirlər görülməsi və yatırılan investisiyaların sığortalanması mexanizminin yaradılması planlaşdırılır.

- Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi:

● Kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması nəticəsində yeni istehsal, emal və xidmət sahələri üzrə müəssisələrin yaradılması və iş yerlərinin açılması həmin ərazilərin bərpasına və sosial-iqtisadi inkişafına töhfə verəcək;

● Yerli və xarici investisiyanın cəlb edilməsi üçün tədbirlər görülməsi və yatırılan investisiyaların sığortalanması mexanizminin yaradılması nəzərdə tutulur;

● Ərazilərdə xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin tətbiq olunacağı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin maliyyə resurslarına çıxışı imkanlarının genişləndirilməsi, cəlb edilmiş resursların maya dəyərinin azaldılması nəzərdə tutulur;

● Xarici ölkələrdəki ticarət nümayəndələri vasitəsilə regionun imkanları barədə marketinq tədbirlərinin keçirilməsi və müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi həyata keçiriləcək;

- Yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması:

● Dövlət Proqramında yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək, kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması nəzərdə tutulur;

● Kənd təsərrüfatı təyinatlı təbii biçənək, kəndətrafı örüş, yay və qış otlaqlarında iri miqyaslı geobotoniki tədqiqat işlərinin aparılması və xəritələşdirməsi, kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək torpaq sahələrinin müəyyən edilməsi və xəritələşdirilməsinin aparılması planlaşdırılır.

- Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması:

● Artıq heyvandarlıq təsərrüfatının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərin təhlükəsiz zonalarına köçürülməsi ilə bağlı məsələlər icra olunub;

● Kəlbəcər və Laçın rayonlarının yay otlaqlarına heyvanların dislokasiya edilməsi üçün portal modulu yaradılıb. Portaldan 300000 xırdabuynuzlu və 60000 arı ailəsi qeydiyyatdan keçirilib. Həmin təsərrüfatların köç etməsi üçün müvafiq tədbirlər görülüb;

● Proqrama əsasən, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırılacaq;

● Suvarılan torpaqların suvarma suyu ilə təminatı və su ehtiyatları ilə bağlı formalaşdırılan məlumatların (sənədlərin) Elektron Su Təsərrüfatı İnformasiya Sisteminə (ESTİS) davamlı inteqrasiyası, mövcud su və suvarılan torpaqlar barədə məlumat bazasının formalaşdırılması, su və suvarılan torpaqlar barədə məlumat bazasının təkmilləşdirilməsi nəzərdə tutulur;

● Torpaq islahatlarının aparılması ilə bağlı təkliflər verilməsi planlaşdırılır;

● Əkin (şum), səpin, biçin və yığım texnikasının, digər kənd təsərrüfatı təyinatlı maşın və avadanlığın güzəştli alışının dəstəklənməsi

nəzərdə tutulur.

- Məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi:

● 2020-ci ildə təqdim olunan torpaq balansı məlumatlarına əsasən işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpasından sonra 200 min hektardan çox torpaq sahəsinin əkin üçün istifadə ediləcəyi proqnozlaşdırılır ki, bunun da təqribən 9 min ha həyətyanı sahələrdir.

- Yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə cəlb olunması:

● Proqrama əsasən, təbii ehtiyatların və sosial-iqtisadi potensialın təsərrüfat dövriyyəsinə cəlb edilməsi planlaşdırılır.

- Ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail olunması:

● Dövlət Proqramına əsasən, ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası çərçivəsində müasir nəqliyyat-yol infrastrukturunun qurulması zamanı bölgənin tranzit potensialından effektiv istifadə olunacaq. Əhalinin ehtiyacları və bu infrastrukturun işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına mümkün təsirləri nəzərə alınacaq.

- Turizm sektorunun inkişafı:

● Dövlət Proqramında turizm resurslarının qiymətləndirilməsi, turizm əhəmiyyətli rayonlar üzrə turizm inkişaf konsepsiyalarının hazırlanması, turizm əhəmiyyətli ərazilərdə (yerlərdə) turizm əlaqəli infrastrukturun yaradılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Eyni zamanda, turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcək;

3.Sosial inkişaf proqramları çərçivəsində dayanıqlı inkişafın təmin olunması və yaşayış üçün rahat şərait yaradılması nəzərdə tutulur:

● Dövlət Proqramında qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi, idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir. İlk növbədə, məcburi köçkünlər arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir. Bildirilir ki, əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır;

● Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatı həyata keçiriləcək;

● Müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın, yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi nəzərdə tutulur;

● 2025-ci ilədək 10 270, 2026-cı ilədək isə 34 500 ailənin köçürülməsi planlaşdırılır.

- Əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi:

● Proqrama əsasən, iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramlarının təşkili, geri qayıdan əhali arasında ixtisasartırma təhsilinin tətbiqinə dair layihələrin hazırlanması nəzərdə tutulur;

● Dövlət Proqramı çərçivəsində 1000 nəfərin qısamüddətli ixtisasartırma, 5000 nəfərin isə qısamüddətli təlim proqramlarına cəlb edilməsi, ixtisaslı mütəxəssislərin ərazilərdə əmək fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, ixtisaslı mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi üzrə layihələrin həyata keçirilməsi, ərazilərdə əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması planlaşdırılır;

● Geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda maliyyə institutlarının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görüləcək;

● Gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi nəzərdə tutulur.

- Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması:

● Qəsəbə və kəndlərdə ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin tikintisi və tibbi xidmətin təşkili planlaşdırılır;

● Proqramda qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, onların əlçatanlığının təmin edilməsi nəzərdə tutulur;

- Ölkədə mənzil fondunun həcminin artırılması:

● Yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi planlaşdırılır.

- Əhalinin məşğulluq imkanlarının artırılması:

● Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır;

● İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin (səhiyyə, sosial müdafiə, mədəniyyət və idman, məktəblər və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkili) yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.

- Sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi:

● Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa şəhərində DOST Mərkəzinin filiallarının yaradılması nəzərdə tutulur;

● Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində yaşayış məntəqələrində müxtəlif dövlət xidmətlərinə (“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin ediləcəkdir.

4. Ətraf mühitin balanslı inkişaf etdirilməsi çərçivəsində ətraf mühitin mühafizəsinin təmin olunması nəzərdə tutulur:

● Ərazilərin iqtisadi-coğrafi potensialından səmərəli istifadə olunmaqla ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə müasir şəhərsalma prinsipləri əsasında bölgənin inkişaf etdirilməsi istiqamətində tədbirlər görüləcək;

● Proqramda bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulub;

● Bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması, Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli, Ağdam, Tərtər, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları üzrə 9 poliqon ərazisinin müəyyən edilməsi planlaşdırılır.

- Təbii ehtiyatlardan effektiv istifadə:

● Dövlət Proqramında “Qarabağın təbii ehtiyatlar atlası”nın hazırlanması, təbii ehtiyatların siyahılaşdırılması, təbii ehtiyatların ilkin elektron xəritəsinin hazırlanması və atlasın tərtib edilməsi, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, mövcud sahələrin genişləndirilməsi və ya statuslarının dəyişdirilməsi, Bəsitçay Dövlət Təbiət Qoruğunda infrastrukturun yaradılması nəzərtə tutulur.

- Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi:

● Proqramda bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması, günəş və külək elektrik stansiyalarının tikilməsi, yararsız hala salınmış kiçik su elektrik stansiyalarının (KSES) bərpası nəzərdə tutulub.

- “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqi:

● I Dövlət Proqramı çərçivəsində Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması planlaşdırılır;

● Məskunlaşma zamanı enerji səmərəliliyinin təmin edilməsi istiqamətində təkliflər hazırlanması, bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə inteqrasiyası üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur;

● Enerji istehlak edən və enerji istehlakına təsir edən cihazların, avadanlığın və materialların seçimi zamanı enerji səmərəliliyinin nəzərə alınması üçün təkliflər hazırlanması, küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi, tikinti qurğularında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsi ilə bağlı layihələr həyata keçiriləcək.

Qeyd edək ki, bu yazıda I Dövlət Proqramı çərçivəsində icrası nəzərdə tutulan işlərin bir hissəsi təqdim olunub.

Xüsusi vurğulanmalıdır ki, sözügedən Dövlət Proqramı yalnız Qarabağ və Şərqi Zəngəzuru əhatə edəcək. Bu baxımdan, Proqramın miqyası bir çox dünya dövlətlərində bütövlükdə ölkə miqyasında qəbul edilən inkişaf proqramlarından qat-qat genişmiqyasıdır.

Həmçinin əsas diqqətçəkən məqamlardan biri Azərbaycanın Proqramda yer alan layihələri öz daxili imkanları hesabına həyata keçirməsidir.

Ümumilikdə Böyük Qayıdışa dair l Dövlət Proqramı Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsindən sonra söylədiyi “Biz Qarabağı dirçəldəcəyik” şüarının əməldə təsdiqidir.