Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib - Ərdoğan Siyasət

Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib - Ərdoğan

Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib.

Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.

Məktubunda Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərinə və qardaş Azərbaycan xalqına təbriklərini çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk gündən etibarən böyük xidmətlər göstərib, Azərbaycanın qabaqcıl siyasi partiyası olub və bu gün güclü rəhbərliyiniz altında bütün sahələrdə uğurlar əldə etməyə davam edir”.

Türkiyə Prezidenti diqqətə çatdırıb ki, torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib.

İki ölkə arasındakı müstəsna əlaqələrə söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığın gələcəkdə də davam edəcəyinə tam əminliyini ifadə edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, YAP qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcək.

Qeyd edək ki, məktubu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuş noyabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə oxuyub.