İran hakimiyyəti Azərbaycan dilinin güclənməsindən qorxur - Cənubi azərbaycanlı ekspertlər Siyasət

İran hakimiyyəti Azərbaycan dilinin güclənməsindən qorxur - Cənubi azərbaycanlı ekspertlər

İranda erməni məktəbləri olsa da, Azərbaycan dilində bircə dənə də olsa məktəb yoxdur. Azərbaycan dilinin sıxışdırılması nəticəsində İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu da özlüyündə İranda

Məsələ ilə bağlı Trend Cənubi Azərbaycandan olan araşdırmaçı ekspertlərin rəyini öyrənib.

Trend-ə açıqlamasında araşdırmaçı yazar Rza Talebi qeyd edib ki, İranda Ana dili konseptində fars dili ilə rəqabət apara bilən yeganə dil Azərbaycan dilidir. Ona da icazə verilmir. İranın qorxusu Azərbaycan dilinin güclənməsidir.

R.Talebinin sözlərinə görə, Azərbaycan dilinin inkişafı ilə bərabər insanlar arasında, tələbələr arasında yenidən öz kimliyinə geri dönüş yaranmağa başlayıb.

Ekspert qeyd edib ki, İranda ermənilər həm dil, həm də etnik baxımdan azlıq təşkil edir. Lakin onlara İran hakimiyyəti tərəfindən yetərincə dəstək göstərilir. Buna qarşılıq olaraq erməni azlığı da hakimiyyəti dəstəkləyir. Bu proses uzun illərdir bu formada davam edir.

Araşdırmaçı yazar bildirib ki, 1-ci Qarabağ müharibəsindən keçən müddət ərzində Cənubi Azərbaycanda milli hərəkat özünə gələ bildi və ikinci Qarabağ müharibəsindən sonra bu hərəkatın gücü daha da artdı:

“Milli hərəkatın güclənməsi ilə İran hakimiyyəti Cənubi Azərbaycanda azərbaycanlılara qarşı güc tətbiq etməyə və hədə-qorxu gəlməyə başladı. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə guya öz gücünü nümayiş etdirmək istədi. Lakin texnikalar və hərbi vasitələr İranın daha da aciz olduğunu göstərdi. Çünki quru qoşunları və onların tabeliyində olan hərbi müdafiə sistemlərinin əksəriyyəti Rusiyanın İrana verdiyi köhnə avadanlıqlardır. Bu hərbi avadanlıqların bənzərləri 2-ci Qarabağ savaşında Azərbaycan tərəfindən məhv edildi.

İndiki dönəmdə İranda davam edən etirazlara diqqət yetirdikdə cənubi azərbaycanlıların etiraz aksiyalarında daha güclü şəkildə iştirak etmədiklərini görürük. Bu da onların sosial və ictimai mahiyyətinə bağlıdır. Çünki Cənubi Azərbaycan toplumu daha çox mədəni və liberal toplumdur və onların tələbi başqadır”, - deyə o qeyd edib.

R.Talebinin sözlərinə görə, İranda sosial-ictimai faktorlardan biri azərbaycanlı-türk faktorudur. Bu faktor hazırda daha da güclənib"

"Cənubi Azərbaycanın yanında iki qonşu türk dövlətinin (Azərbaycan və Türkiyə) mövcudluğu faktoru sayəsində uzunmüddətli strategiyalarda və İranda baş verən dəyişikliklərdə azərbaycanlılarda özünə inam yaranacaq. Çünki iki güclü qonşu dövlət həm diaspor şəklində onlara dəstək verə, həm də dil, din və etnik olaraq onlara köməklik göstərə bilər. Praktiki addımların atılması İranda yaşayan azərbaycanlılarda özünə inamın yaranması və artmasına daha da təkan verəcək.

Ümid edirik ki, yaxın gələcəkdə qardaş ölkələr tərəfindən azərbaycanlıların maarifləndirilməsi, diaspor fəaliyyəti çərçivəsində onların gücləndirilməsi, Azərbaycanda ölkədən kənar azərbaycanlı tələbələrin universitetlərdə təhsili istiqamətində addımlar atılacaq”, - deyə o qeyd edib.

R.Talebi bildirib ki, İranda uzun illərdir media fəaliyyəti çərçivəsində müxtəlif kampaniyalar aparılır: "İranda fars kimliyini daha çox qabardan qəzetlər, jurnallar, “Səhər” televiziyası kimi dövlətə bağlı bəzi televiziyalar əlaqələri və münasibətləri normallaşdırmaqdan daha çox missionerlik işi ilə məşğul olmağa, Azərbaycanda din, xüsusilə də məzhəb çərçivəsində təsir göstərməyə çalışıb. Lakin onlar heç vaxt görməyib ki, Azərbaycanda dinin mədəni və ənənəvi bir kimliyi vardır. Bu səbəbdən İran bu istiqamətdə heç bir uğur əldə edə bilmədi. Halbuki İran illər boyu mədəni bağları olan ölkələrlə məntiqli şəkildə yaxınlaşa bilsəydi, hazırda daha etibarlı bir durumda olardı", - iarnlı ekspert vurğulayb.

Siyasətçi Məhəmməd Hüseyn Yəhyayi isə Trend-ə açıqlamasında qeyd edib ki, İran hakimiyyəti həm şah dövründə, həm də İslam Respublikası dövründə azərbaycanlıların öz ana dilində təhsil almasına müxtəlif formalarda qarşı olub:

“Tehran şəhəri ən çox azərbaycanlının yaşadığı şəhərlər sırasındadır. Bu şəhərin 10-12 milyon əhalisi var və minimum 40-45%-ini azərbaycanlılar təşkil edir. Lakin nəinki Tehran, hətta Azərbaycan bölgəsində yaşayan azərbaycanlılar da öz ana dilində təhsildən məhrumdurlar. Bir millətin milyonlarla nümayəndəsinin yaşadığı ölkədə həmin millətin dili rəsmi dil olaraq tanınmalıdır. Belə olmadığı təqdirdə, bu insan haqlarına hörmətsizlikdir, BMT-nin əsasnaməsinə hörmətsizlikdir. Çox təəssüflər olsun ki, İran İslam Respublikası hələ də buna biganə yanaşır”, - deyə o qeyd edib.

Yəhyahi bildirib ki, İranda fars dilinin tam şəkildə tətbiq olunmasına baxmayaraq, azərbaycanlılar evlərdə də olsa, öz dillərini qorumağa çalışırlar. Hətta Təbriz şəhərində insanların fars dilində danışması müsbət qarşılanmır. Texnologiyanın inkişaf etməsi ilə son dövrlərdə İranda azərbaycanlılar texnoloji imkanlardan faydalanaraq öz dillərini inkişaf etdirirlər. Sonda nə olursa olsun, azərbaycanlılar öz hüquqlarını əldə edəcəklər. Çünki bu istiqamətdə hərtərəfli səylər göstərilir. Uşaqların hüquqları ilə əlaqədar UNICEF-ə, mədəniyyət üçün UNESKO-ya hər zaman müraciət olunur".

Onun sözlərinə görə, İran Azərbaycanda istənilən inkişaf prosesinə qısqanclıqla yanaşır. "Buna misal olaraq illərlə öncə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsini göstərmək olar. Həmin vaxtı İran Azərbaycana qarşı güclü mənfi təbliğat yaymaqla məşğul idi. Çünki İran Azərbaycanın inkişafını özü üçün maneə hesab edirlər.

Bir çox hallarda İran rəsmiləri iddia edirlər ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən idi. Halbuki həmin dövrdə Azərbaycanın müstəqilliyinə qarşı təbliğat aparan əsas ölkələrdən biri elə İran idi. Gülüstan və Türkmənçay müqavilələri ilə guya Azərbaycanın İrana aid olduğunu iddia edir və Azərbaycanın İrana birləşdirilməsindən danışırdılar. Bunun üçün də İran daxilində müxtəlif istiqamətlərdə təbliğat apararaq "sizin əsas vətəniniz, əsas diliniz, əsas kökünüz İran və fars dilidir" deyirlər. Məqsəd də azərbaycanlıları öz kimliyindən uzaqlaşdırmaqdır”, - deyə o qeyd edib.

Ekspert İranın Azərbaycanla sərhəddə hərbi təlimlərini də şərh edib:

“İranla Azərbaycan arasında hər hansı hərbi münaqişənin yaşanmasını mümkün hesab etmirəm. SEPAH-ın əsas dayaqlarını təşkil edənlər isfahanlılar və xorasanlılar olsa da, ordunun əsas dayaqları azərbaycanlılardır. Bu baxımdan, fikrimcə, İran Azərbaycana qarşı heç vaxt hərbi münaqişəyə girməz, girə bilməz və girməyəcək”, - deyə o əlavə edib.