Prezident İlham Əliyev ADA Universitetindəki beynəlxalq konfransda dünya ictimiyyətinə mühüm mesajlar verib - Rauf Əliyev Siyasət

Prezident İlham Əliyev ADA Universitetindəki beynəlxalq konfransda dünya ictimiyyətinə mühüm mesajlar verib - Rauf Əliyev

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı dünya ictimiyyətinə mühüm mesajlar verib. Cənab Prezident çıxışında və xarici ekspertləri maraqlandıran suallara cavab verərkən 44 günlük Vətən müharibəsindən sonra geosiyasi vəziyyət, Zəngəzur dəhlizi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaş münasibətləri, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh naminə göstərdiyi səylər, Fransanın ermənipərəst, qərəzli mövqeyi, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslər və digər mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı fikirlərini bildirmişdir. Dövlət başçısının səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış növbəti addımlardan biri oldu. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, “Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və siyasətimizin proqnozlaşdırılması mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir”.

Beynəlxalq konfransda Prezident İlham Əliyevin növbəti dəfə yeni reallıqlara aydınlıq gətirməsi, ölkəmizin öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa hazır olması da onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir.

Prezident İlham Əliyev Praqa görüşündən az sonra Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində Azərbayca qarşı əsassız ittihamlarla çıxış etməsini, bundan bir qədər sonra bu ölkənin Senatı tərəfindən Azərbaycan barəsində heç bir əsası olmayan qətnamənin qəbul olunmasını və Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdini qəbuledilməz hesab edib. Sözsüz ki, bütün bunlardan sonra Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, həmin ölkənin rəhbərliyinin günahıdır. Azərbaycan Prezidenti dekabrın 7-də Brüsseldə Ermənistanla keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını və rəsmi Bakının digər variantları nəzərdən keçirəcəyini bildirib. Ermənistanın baş naziri Paşinyanın həmin görüşdə E.Makronun iştirak etməsi şərtini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir.Prezident konfrasdakı çıxışında vurğulayıb ki, “Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”. Bu konfrans bir daha göstərdi ki, Vətən müharibəsindən sonra Azərbaycanın ortaya qoyduğu prinsipal mövqe dəyişməzdir, bölgənin inkişafı isə yalnız burada yerləşən ölkələrin sülh şəraitində yaşamasından keçir.

Cənab Prezidentin çıxışında İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı, eləcə də bu gün İranda Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu. Bu gün İranda yaşayan 40 milyona yaxın azərbaycanlıların bir dənə də olsun məktəbləri yoxdur. Burada azərbaycanlılar Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində məktəb açmalarına hər cür şərait yaradıblar. Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə, o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir. Prezident cənab İlham Əliyev bir daha Azərbaycan dövlətinin güclü və qüdrətli bir ölkə, Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin konfransdakı çıxışı və suallara cavabları ilə bu günümüz və gələcəyimiz üçün mühüm əhəmiyyətə malik olan bir sıra məqamlara yenidən və ətraflı şəkildə aydınlıq gətirildi. Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin bu çıxışı da postmünaqişə dövrünün reallıqlarının, gələcəklə bağlı hədəflərin və onlara nail olmağın yollarının nümayişi və bu çıxışı ilə dünya ictimiyyətinə mühüm mesajlar vermiş oldu.

Milli Məclisin deputatı

Rauf Əliyev