“2015-ci ilin əvvəlindən başlayaraq Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aktiv maraq nümayiş etdirdi” Siyasət

“2015-ci ilin əvvəlindən başlayaraq Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aktiv maraq nümayiş etdirdi”

Mübariz Əhmədoğlu: "Merkel Ermənistanı Rusiya ilə birlikdə addım atmaqda günahlandırdı"

"Avropa İttifaqının Riqa sammiti Şərq Tərəfdaşlığı proqramının üzv dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə dəstək verdi. Azərbaycan və Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvüdürlər. Aİ-nin bəzi üzvləri 2015-ci ildə Dağlıq Qarabağ tənzimlənməsində fəallıq nümayiş etdirib". Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu səsləndirib. O, deyib ki, 2014-cü ildə Böyük Britaniyanın Avropa məsələləri üzrə D.Lidinqton Azərbaycan və Ermənistana səfər etdi: "Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirləri pozitiv prizmadan aktiv idilər. Böyük Britaniya Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu mövzusunu rəsmən aktuallaşdıran ilk və hələlik yeganə Avropa ölkəsidir. Ola bilər, məhz bunların təsiri ilə Ermənistanın Böyük Britaniyadakı resursları aktivləşdilər. O vaxtadək Böyük Britaniya açıq şəkildə ermənipərəstlik nümayiş etdirməmişdi. Böyük Britaniya Xarici İşlər Nazirliyinin koordinatorluğu ilə Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyan Böyük Britaniyaya dəvət olundu. "Chatham House"də məruzə ilə çıxış etdi. Böyük Britaniyanın parlamentində görüşlər keçirdi. Bako Saakyanın Böyük Britaniyaya səfəri Dağlıq Qarabağ münaqişəsi ən yüksək statuslu dəvətlər sırasında oldu. Lakin sonradan Böyük Britaniya bu dəvəti ermənilərin Dağlıq Qarabağ tənzimləməsi siyasətinə təsir etmək məqsədi ilə etdikləri barədə anlayış yaratmağa çalışdılar. Qısa müddətli ermənipərəst aktivlikdən sonra Böyük Britaniya Dağlıq Qarabağ tənzimləməsində heç bir aktivlik nümayiş etdirməyib".
Politoloq deyir ki, 2015-ci ilin əvvəlindən başlayaraq Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aktiv maraq nümayiş etdirdi: "Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Ermənistanı Rusiya ilə birlikdə addım atmaqda günahlandırdı. O, ölkəsinin Dağlıq Qarabağ tənzimləməsində vasitəçilik etməyə hazır olduğunu bildirdi. Sonradan Aİ öz təmsilçiliyini Fransadan alıb, Almaniyaya verməkdən imtina etdi. 2015-ci ildə Almaniya Dağlıq Qarabağı Azərbaycanın işğal olunmuş əraziləri adlandırdı. Merkel Aİ-nin Riqa sammitində Şərq Tərəfdaşlığı proqramının üzv dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə dəstək verən sənədi Sərkisyana da imzalatdi. Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik etməyə başladı. 2015-ci ilin sonunda ATƏT-ə sədrlik etməyə başlayan Almaniya həmin ərəfədə Ermənistanın xarici işlər naziri E.Nalbandyanı dəvət etdi. Bern görüşündən sonra baş tutmuş bu görüş göstərir ki, Almaniya Dağlıq Qarabağ tənzimləməsində əsas maneənin Ermənistan tərəfindən olduğunu bilir. Almaniya ən güclü iqtisadiyyata malik, ən dinamik siyasət aparan Avropa dövlətidir. Almaniyanın ATƏT-ə sədrliyi digər dövlətlərin ATƏT-ə sədrliyindən prinsipial fərqlənəcək. Bu, isə özünü ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində göstərə bilər".
Onun fikrincə, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqovlar Ermənistana qarşı" işi üzrə məhkəmə qərarı qəbul etdi: "Bu Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini sübut edən ilk beynəlxalq hüquqi sənəddir: "AŞPA Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə alt komitə yarada bilmədi. Ermənistan rəhbərliyi AŞPA-nın qərar qəbul etmə mexanizmdən və Avropadakı erməni lobbisindən istifadə edərək buna imkan vermədi. Lakin AŞPA bunun çarəsini tapdı: "Dondurulmuş Münaqişələr üzrə Alt Komitə yaratdı". Yeni komitədə millətlərin öz müqəddəratını təyin etmə prinsipi müzakirə mövzusu ola bilməz. Çünki bu komitə təkcə Dağlıq Qarabağ münaqişəsi ilə deyil, həm də Ukrayna, Gürcüstan və Moldova ərazisindəki münaqişələrlə də məşğul olacaqdır. Bu komitədə dominant prinsip ərazi bütövlüyü prinsipi olacaq".
O, deyir ki, AŞPA-nın iki komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etdi: "Qətnamələr Ermənistanın Dağlıq Qarabağ siyasətinin işğalçı mahiyyətini sübut edir. Bu qətnamələrin 2016-cı ilin əvvəlində AŞPA-nın plenar iclasında qəbul ediləcəyi gözlənilir. 2016-cı ildə AŞPA-nın yaratdığı alt komitənin də ciddi fəaliyyətə başlayacağı ilk il olacaqdır.
"Çıraqovlar Ermənistana qarşı" məhkəmə hökmünün icra vaxtı da 2016-cı ilin ortalarına düşəcəkdir.
Ermənilərin Avropa məkanında uğursuzluğa düçar olacaqları gözlənilən idi. Avropalıların ermənilərə dəstəyini azaltmasının üç mənbəyi var:
ı. Ermənilərin saxta və yalan siyasətinin Avropada ifşa olması.
ıı. Ermənistanın 2013-cü il 3-ü sentyabr hadisəsi.
ııı. Azərbaycan Respublikasının apardığı siyasət.
Nəticədə, ermənilərə Avropada sıx bağlı olan kiçik qruplar dəstək verir. Avropanın nüfuzlu, iri strukturları Ermənistana dəstəyi dayandırıb".