AXC-nin “Pavlik Morozovu” Siyasət

AXC-nin “Pavlik Morozovu”

Əli Kərimlinin adı çəkiləndə onu yaxından tanıyanların gözünün önünə Sovet ideologiyasının qəhrəmana çevirdiyi Pavlik Morozovun obrazı gəlir…
Peşəkar donosçu olan Əli Kərimlinin bu "ixtisasa" hələ komsomol olduğu dönəmlərdən, bəlkə də prototipi Pavlik Morozov kimi pioner qalstuku daşıdığı vaxtlardan yiyələndiyi şübhə doğurmur. Satqınlıq onun obrazının mahiyyətini təşkil edir, yerdə qalan isə danos qəbuledicilərinin müxtəlif dönəmlərdə bu obraza əlavə etdikləri cizgilərdən başqa bir şey deyil.
Əli Kərimli hələ komsomol vaxtından satqınlıqla məşğul olduğu barədə çoxsaylı faktlar var.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Əli Kərimlinin Rusiyanın agenti olmasına dair ciddi əsaslarının olduğunu deyir: "Tələbə olduğum zaman Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli "Şmit" zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20 yanvarda SSRİ ordusunun Bakıya daxil olmasını qorumalı, şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. 20 yanvarın səhəri gün biz tələbə yoldaşlarımızla maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur. Yanvarın 21-də Əli Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, 20 yanvarda harada idin. Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsi "Krasnaya Zvezda" qəzetində çap olunmuşdu. Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi. Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub, Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri olub.
Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev avtomobillə köşkləri gəzib "Krasnaya Zvezda" qəzetini yığırdı ki, qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun mətbuat orqanında çap edilib. O da dedi ki, gecə onu rus əsgərləri tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə saxlayıblar. Əli Kərimli də düşünüb ki, üzərini axtarsalar, Müdafiə Komitəsinin vəsiqəsi çıxa bilər. Bu səbəbdən ayaq yoluna getmək istədiyini deyib və orada vəsiqəni cibindən çıxararaq corabına qoyub. Dedi ki, əsgərlərin göstərişi ilə əllərini göyə qaldırıb dururlarmış, bu zaman düşünüb ki, üzərini axtarsalar, corabına baxa, vəsiqəni əldə edə bilərlər. Ona görə də əllərini yorulduğunu hiss etdirmək üçün aşağı salır, taqətsiz olduğunu göstərir. Əsgərin diqqəti yayınandan sonra vəsiqəsini corabından çıxararaq divardan küçəyə tullayır. Vəsiqəni isə rus əsgərləri taparaq komendaturaya verir. Bu, absurd əsaslandırma idi. Yaxşı, əgər onun dediyi kimi idisə, nədən sonra onu axtarmadılar, barəsində cinayət işi qaldırılmadı və həbs edilmədi?
İkincisi, BDU-nun 90 illiyi ilə bağlı kitab buraxılıb və siz orada fotoları görə bilərsiniz. Əli Kərimli universitet üzrə komsomolun büro katibi idi. KQB-nin də universitetdə şöbəsi var idi. Əli Kərimli Mirabbas Qasımovun adamı idi. Mirabbas müəllim rektor idi və Mütəllibova yaxın idi. Universitetdə komsomolun katibinin xalq hərəkatına qoşulması təsadüfi deyildi. Biz bunu sonradan təhlil edəndə belə nəticəyə gəldik".
Qüdrət Həsənquliyevin açıqladığı başqa bir fakt isə Əli Kərimlinin AXC-yə necə və kimlər tərəfindən göndərildiyini sübuta yetirir: "1990-cı ildə Bakıda komendant saatı tətbiq edildi və 1 il davam etdi. 1991-ci il aprelin 27-də biz BDU-nun AXC təşkilatının idarə heyəti olaraq qərara aldıq ki, Azərbaycanın işğalı günü kimi aprelin 27-ni qeyd edək. Universitet rəhbərliyi buna qəti etiraz etdi. Orada Mirabbas Qasımovun iki yaxın adamı- Əli Kərimli və Cəmil Həsənli idi. Hamı bilirdi ki, Kərimli onun kabinetində olur. Həmin qərarımıza görə Əli Kərimli bizə dedi ki, siz təxribatla məşğulsunuz, ölkədə sabitliyi pozmaq istəyirsiniz. Biz də buna məəttəl qaldıq. Normalda komendant saatını pozmaq lazım idi. Həmin iclasda 9 nəfər məni müdafiə etdi, Cəmil Həsənli daxil olmaqla 6 nəfər Əli Kərimlini müdafiə etdi. İdarə heyətinin üzvlərindən Paşa bəy, Rauf Qarayev, Sevil xanım var idi. Tapıb soruşa bilərsiniz. Biz aprelin 27-də aksiya təşkil etdik, polis zorakılıq etdi.
Bir gün Qəzənfər Əhmədov mənə dedi ki, Əli Kərimli AXC sıralarından istefa edir və ərizəsini mənə verib. Mən də soruşdum ki, o, növbəti iclasa gələcək, ya yox? Qəzənfər bəy də dedi ki, bilmirəm. Aprelin 27-də tədbirdən sonra, mən yüz faiz əminəm ki, ona tapşırıq verilmişdi ki, AXC-yə qayıt. Əli Kərimli heç nə olmamış kimi gəlib idarə heyətinin iclasında oturdu. Mən gördüm ki, iclasda əyləşib, onu hərəkətinə görə danladım. Hətta İbrahim Vəliyev ona dedi ki, sizin bu hərəkətinizin bir adı var — fərarilik. Hamının gözü qarşısında mən onun AXC-dən istefa ərizəsini cırdım, dedim ki, belə qəbul edək ki, sən bunu yazmamısan, biz də görməmişik. Beləcə, Əli Kərimli fəaliyyətini davam etdirdi.
Mən indi bu prosesləri təhlil edəndə görürəm ki, o, istefa ərizəsi yazandan sonra iclasa elə-belə gəlməyib. Onu universitet rəhbərliyi təkrar təşkilata göndərmişdi. Hansı ki, 27 aprel tədbiri ilə bağlı bizi şəxsən rəhbərlik qəbul etdi, hədə-qorxu gəldi ki, tədbir olsa, sizi universitetdən qovacağıq. Ona görə deyirəm ki, Əli Kərimlinin sovet vaxtından KQB-yə işləməsi ilə bağlı ciddi əsaslar var. Bu günə qədər mətbuatda dəfələrlə məsələ qaldırılıb ki, onun vəsiqəsinin "Krasno Zvezda" qəzetində çap olunması necə baş verə bilərdi, ancaq Əli Kərimli bu məsələyə aydınlıq gətirmir. Çünki bilir ki, mətbuat bunu araşdıracaq".