“Azərbaycan NATO-nun missiyasına töhfəsini davam etdirəcək” Siyasət

“Azərbaycan NATO-nun missiyasına töhfəsini davam etdirəcək”

Xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən C. Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyat çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə verdiyi ardıcıl töhfəsinə görə təşəkkürünü ifadə edib.
Elmar Məmmədyarov isə Azərbaycanın NATO ilə etibarlı və davamlı tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirərək, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı, Planlaşdırma və Təhlil Prosesi, Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlar çərçivəsində ikitərəfli əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verməkdə davam edəcəyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin regionda sabitlik və təhlükəsizliyə əsas təhdid olduğunu qeyd edərək, münaqişənin həllinə nail olmaq üçün Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.