“Pulyuyan Ruben”i BBC-də necə yuyub sərdilər... Siyasət

“Pulyuyan Ruben”i BBC-də necə yuyub sərdilər...

“Pulyuyan Ruben” ləqəbli Vardanyan BBC-nin “Hard Talk” proqramının aparıcısı Stiven Sakurun suallarına cavabında, əslində çirkli pulların, ona bu missiyanı həvalə edənlərin “toxunulmazlıq çətiri” altında yuyulmasından başqa bir işə yaramadığını bir daha sübuta yetirdi. Amma bu dəfə Vardanyan gerçəkliklə üz-üzə qaldığı, himayə olunmadığı üçün hətta “cəmaşirxana sahibi” kimi də özünü doğrulda bilmədi. Necə deyərlər, Stiven Sakur “Pulyuyan Ruben”i xışmalayıb yudu da, çırpıb sərdi də...

Öncə qeyd edim ki, Sakurla Vardanyan arasında müqayisə aparmaq fikrindən çox uzağam. Yəni bu mümkün də deyil... Təsəvvür edin, elə bil özünü çoxbilmiş sayan xırda dələduz minlərlə eyni motivli cinayət faktını sübuta yetirmiş təcrübəli müstəntiqin qarşısında oturub suallardan yayınmağa çalışır və hər dəfə nəinki özünün, hətta ətrafındakıların da “altını batırır”.

Vardanyan bir yandan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın müddəlarına əməl olunmasının vacibliyindən söz açır və daha sonra özü də daxil olmaqla separatçı qondarma rejim tərəfindən sözügedən bəyanatın tələblərinə riayət edilidiyini deyir və daha sonra bildirir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan ermənilərin “arsax” adlandırdıqları mövcud olmayan təsisat və Ermənistan ayrı-ayrı dövlətlərdir. Bütün digər məqamları, Azərbaycan torpaqlarının, o cümlədən ermənilərin yaşadığı Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu, bu müddət ərzində aparılan bütün danışıqlarda Ermənistanın tərəf kimi iştirak etdiyini və təbii ki, Azərbaycan ordusunun qələbəsindən sonra kapitulasiya sənədinə məhz Ermənistanın imza atdığını, separatçıların hələ də rəsmi olaraq Ermənistanın büdcəsindən maliyyələşdiyini və daha neçə-neçə faktı bir kənara qoyuram... Maraqlıdır, özünü “müstəqil dövlət”in nümayəndəsi kimi tədim edən Ruben Vardanyan, görəsən hansı məntiqlə və statusla üçtərəfli bəyanatın müddəalarına əməl etdiklərini deyir. Axı bu bəyanatın heç bir yerində “arsax”, marsax-sarsaxdan söz açılmır. Bu qondarma, tarixin arxivinə gömülmüş rejimin hansısa özü kimi qondarma təmsilçisinin heç “it dəftərində” də imzası nədir, adı belə yoxdur. Maraqlıdır, bu... “adam” deyək, özü nə danışdığının fərqindədir?

Qeyd edim ki, söhbət ərzində Stiven Sakur bir neçə dəfə Vardanyana Kremlin layihəsi olduğunu xatırlatsa da “Pulyuyan Ruben” bunun əksini sübuta yetirməyə çalışmır, sadəcə klassik erməni nağıllarını sağa-sola səpələməklə konkret suallardan yayınmağa çalışır. Rubenə onun Moskvadan göndərildiyini, Kremlin layihəsi olduğunu deyirlər, adam Avropa Parlamentinin qətnaməsindən söz açır. Vardanyanın müxtəlif rakurslardan Rusiyanın Ukraynaya müdaxiləsinə münasibətini öyrənmək istəyirlər, o isə sullardan bir neçə dəfə yayındıqdan sonra bu məsələ haqqında susmağa üstünlük verdiyini deyir....

Sitat:

Stiven Sakur: Mənə elə gəlir ki, sizin yeganə real variantınız budur - ya Azərbaycanla siyasi razılığa gəlirsiniz, ya da Qarabağın erməni icması vəziyyətin həmişə sabit olmayacağına qərar verib çıxıb gedir. Nə baş verəcək, siyasət yoxsa çıxıb getmək?

Ruben Vardanyan: Əvvəlcə mənə sözümü başa çatdırım. Avropa Parlamenti “yolun açılması” ilə bağlı Azərbaycana sərt tələb ünvanladı. ...Maraqlıdır ki, təkcə Rusiya deyil, Fransa, Avropa Parlamenti, ABŞ bu məsələdə həmrəydilər...

Bu da Rubenin cavabı... Göründüyü kimi, Vardanyan nəinki sualdan yayınır, hətta utanmadan Şuşa-Xankəndi yolundakı vəziyyətlə bağlı Rusiyanın Fransa, Avropa Parlamenti və ABŞ-la həmrəy olduğunu da bildirir. Halbuki Rusiya heç vaxt yolun bağlı olduğunu deməyib. Çünki belə bir fakt yoxdur. Yol bağlı deyil və Rusiya sülhməramlıları həmin ərazidə olduqları üçün bu həqiqəti inkar edə bilmirlər.

Rubenin özünüinkarı isə təkcə Sakurun sualından yayınmaqla yekunlaşmır. Rusiya, Fransa, ABŞ və Avropa Parlamentinin həmrəyliyindən ağız dolusu söz açan Vardanyan bir neçə sualdan sonra deyir ki, əgər onun cavabı Rusiyanın, Fransanın, yaxud ABŞ-ın mövqeyindən ifadə olunarsa, o zaman bu onların beynəlxalq dəstək almalarına mane ola bilər. Yəni sözügedən ölkələr həmrəy-filan deyillər, beynəlxalq hüquq, ədalət anlayışları üçün isə Ruben kimilər qafası üçün deyil.

P.S. Zənnimcə, müsahibədə ən çox diqqət çəkən məqam Sakurun Vardanyana Azərbaycanın mövqeyi ilə tamamilə üst-üstə düşən yeganə çıxış yolunu, həm də imperativ bir şəkildə xatırlatmasıdır: Ya siyasi razılığa gəlin, ya da çıxıb gedin.

Belə... Başqa seçim, sadəcə yoxdur!

Elçin Mirzəbəyli