XİN rəhbərlərinin birgə mətbuat konfransı Siyasət

XİN rəhbərlərinin birgə mətbuat konfransı

Elmar Məmmədyarov: "Azərbaycan və Gürcüstan bərabər turizm məsələsində iş qura bilər
Mixail Canelidze: "Ölkələrimiz arasında nümunəvi əlaqələr mövcuddur"

"Azərbaycanla Gürcüstan arasında dərin strateji tərəfdaşlıq mövcuddur". Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, enerji sahəsində əməkdaşlıq dərin və genişdir: "Biz enerjidən başqa nəqliyyat məsələlərinə də toxunduq. Gürcüstanda olanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti sahəsinə getmişdik. Bu dəhliz çox önəmlidir, Azərbaycan və Gürcüstanın milli maraqlarına uyğundur. Layihə iki ölkə iqtisadiyyatının güclənməsinə və əməkdaşlığa təkan verəcək".
Nazir qeyd edib ki, görüşdə sərhəd xəttinin delimitasiyası və turizm sahəsində əməkdaşlığa da toxunulub: "Azərbaycan və Gürcüstan bərabər turizm məsələsində iş qura bilər. Delimitasiya ilə bağlı bu yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Sərhəd xəttinin uzunluğu 480 km-dir, ondan km-i 314 km razılaşdırılıb. Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik. Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməyin hüquqi bazasını müzakirə etdik. 11 sənəd barədə danışıqlar gedir. Onlardan 2-si, 3-ü razılaşdırılıb. Bu yaxınlarda Azərbaycanla Gürcüstan arasındakı müştərək komissiyanın görüşü də keçirilməlidir".
"Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir", deyən Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki son vəziyyət barədə həmkarına məlumat verib: "Həmkarım isə Cənubi Osetiya və Abxaziya məsələləri barədə məni məlumatlandırdı. Azərbaycan tərəfi hər görüşdə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə edir, mövqeyini bildirir. Mövqeyimiz isə ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır".
"Ölkələrimiz arasında nümunəvi əlaqələr mövcuddur". Bunu isə birgə keçirilən mətbat konfransında Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib.
O bildirib ki, tərəflər arasında yüksək səviyyəli səfərlər çox əhəmiyyətlidir: "Ötən il Azərbaycan prezidentinin Gürcüstana səfəri əlaqələri gücləndirib, bizim prezidentin də yüksək səviyyəli görüşlər çərçivəsində Azərbaycana səfəri planlaşdırılır".
M. Canelidze əməkdaşlığın ən vacib sahələrindən birinin enerji sahəsi olduğunu qeyd edib: "Bizim ölkədə son illər qaza tələbat artıb. Azərbaycan da strateji tərəfdaş kimi nəql etdiyi təbii qazın həcmini artırmağa razılıq verdi, müvafiq saziş imzalandı. Enerji haqqında danışanda qeyd etməliyik ki, bu il Bakı-Supsa layihəsinin 20 illiyidir. Bu layihə bir neçə strateji layihənin əsasını təşkil edib".
Nazir Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində də əlamətdar hadisələrin baş verdiyini bildirib: "Biz bu layihə çərçivəsində də uğurlu əməkdaşlıq edəcəyik. Həmçinin bu əməkdaşlıq nəqliyyat sahəsində də inkişaf edəcək. Bakı-Tbilisi-Qars layihəsi əlavə imkanlar yaradacaq. Bu əməkdaşlığın nəticəsi olaraq yeni yol açılacaq. Bu isə region, ölkələr və özəl sektor üçün faydalı təcrübə olacaq. Biz regionun beynəlxalq səviyyədə təşviq olunması sahəsində də əməkdaşlığı davam etdirəcək, ölkələrimizin imicini daha gücləndirmiş olacağıq".
M. Canelidze qeyd edib ki, gömrük qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir: "Bu, nəqliyyat koridorunda vacib şərtdir. Dövlətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıqlar da başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bir sıra sənədlər imzalanmalıdır. Ümid edirik ki, komissiyanın iclasında bu sənədlər imzalanacaq".
Azərbaycanın GUAM-dakı fəaliyyətinə dəstək verməyə hazır olduqlarını bildirən qonaq ölkələrimizin biri-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb: "Dost və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verməliyik. Delimitasiya məsələsi də artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq".