“SEPAH Azərbaycanla gərgin münasibətlər fazasının qalmasında maraqlıdır” Siyasət

“SEPAH Azərbaycanla gərgin münasibətlər fazasının qalmasında maraqlıdır”

“Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum Tehranın Bakıya qarşı mübarizəsinin yeni fazasının ştrixlərini açmağa imkan verir”. Bunu xalqcəbhəsi.az-a siyasi şərhçi Aqşin Kərimov deyib. O, bildirib ki, Azərbaycan tərəfi əvvəllər də belə təhdidlərin olacağı barədə İrana xəbərdarlıq edib, lakin Tehranın çağırışlara məhəl qoymaması onu göstərir ki, o, məqsədli şəkildə səfirlikdə kütləvi qətl planlaşdırıb: “Yayılan videolara baxanda görünür ki, yüksək səviyyədə qorunmalı olan əraziyə əli silahlı şəxsin çox rahatlıqla gəlir. Səfirliyin önündə duran polis əli silahlı şəxsə gen-bol şərait yaradır. Bunun özü bəs edir ki, hadisəni kəşfiyyat planı kimi şərh edəsən, ancaq İranın budəfəki kəşfiyyat üsulu da uğursuz bir əməliyyat kimi yadda qaldı.
Məsələyə münasibət bildirərkən üçüncü qüvvə amilindən çıxış etmək imkanları yaranır. Kimsə iddia edə bilər ki, hadisəni İran deyil, Azərbaycanla Tehranın münasibətlərinin pis vəziyyətdə qalmasını istəyən qüvvələr törədib. Bu hadisənin törədiliyi ilk dəqiqələrdə versiya kimi canlı səslənirdi, lakin sonrakı gedişatlar məsələnin motivindəki kökü molla rejiminə apardı.
İran televiziyaları bir nəfəri öldürüb iki nəfəri yaralayan, ümumiyyətlə isə qarşısına azərbaycanlı diplomatları, onların ailələrini öldürmək məqsədi qoymuş şəxsin fikirlərinə gen-bol yer verdi. İstintaq altında olan birinə bu cür şəraitin yaradılması xeyli təəccüb doğurur. İran öz atdığı qarmağa özü düşdü və bunun acısını daha çox çəkəcək.
Digər yandan da baxaq. Fərz edək ki, hadisəni üçüncü qüvvə törədib, amma bunun özü də İrandakı SEPAH kimi radikal qüvvəyə sərf edir. Çünki SEPAH daim Azərbaycanla gərgin münasibətlər fazasının qalmasında hədsiz maraqlıdır”.