Anlaması asan, nail olunması çətin məsələ... Siyasət

Anlaması asan, nail olunması çətin məsələ...

Katerina Yuşşenko: "İnsan haqları konsepsiyasında qeyd edildiyi kimi bu haqlar bizə Allah tərəfindən bəxş olunub"

Bakıda IV Qlobal Forum çərçivəsində "İnsan hüquqları və gender məsələləri ilə bağlı artan məlumatlılığın qlobal təbliği" mövzusunda panel keçirilib.
İclası açan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko bildirib ki, insan haqları anlaması asan, lakin nail olunması çətin məsələdir. O qeyd edib ki, insan haqlarını bir anlayış kimi müəyyən etmək çətindir.
"İnsan haqları ideyası əsrlər boyu bizə gəlib çatıb. İnsan haqları konsepsiyasında qeyd edildiyi kimi bu haqlar bizə Allah tərəfindən bəxş olunub, eqalitar (bərabər) xarakter daşıyır və sadəcə insan olduğumuz üçün verilib. Çox insan hesab edir ki, insan haqlarına bu cür münasibət hansısa mədəniyyətə əsaslanır və ancaq Qərbdə tətbiq oluna bilər. Lakin insan haqları konsepsiyası 1990-cı ildə İslam aləmi tərəfindən qəbul edilmiş Qahirə bəyannaməsində əksini tapmışdı. Belə ki, sənəddə bütün insanların irqindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq bərabər olduğu vurğulanmışdı".
Katerina Yuşşenko qeyd edib ki, bu sahədə çoxlu sayda sənəd qəbul edilməsə də, hələ də problemlər qalmaqdadır.
Belarusun sabiq prezidenti Stanislav Şuşkeviç isə bildirib ki, Belarus qadın hüquqları ilə bağlı sənədlərin hamısını imzalayıb. Onun sözlərinə görə, tarixən Belarusda qadınlara münasibət həmişə yaxşı olub: "Qadınlara hörmət olan, lakin qadınların siyasi həyata qarışmadığı bir ölkədə yaşayıram. Saxta seçkilərdə yalnız bir qadın iştirak edib".
Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın çıxışı qadınların ictimai-siyasi həyata inteqrasiyası ilə bağlı olub. Madaqaskarın sabiq baş naziri Jan Ömər Beriziki isə ölkəsində qadınların sosial ayrı-seçkiliyə məruz qaldığını, qızların təhsildən yayındıqlarını və erkən nikahlara məcbur edildiyini bildirib.
Liviyanın Avropa İttifaqındakı səfiri Farida Allaghi isə deyib ki, Liviyada inqilabı başlayan elə qadınlar olub.