“Regionda sülhün təmin olunması üçün...” Siyasət

“Regionda sülhün təmin olunması üçün...”

Tamerlan Qarayev:"Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır"

"İndoneziya Azərbaycanı təkcə ikitərəfli xüsusi münasibətlərə görə deyil, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən dəstəkləyir".

"İnternasional.republika.co.id" saytının verdiyi xəbərə görə, bunu Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev Cakartada təşkil edilən mətbuat konfransında çıxış edərkən bildirib.
İndoneziya vətəndaşlarının Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri bilməsinin vacibliyini vurğulayan səfir bu mənada Azərbaycanın İndoneziyanın dəstəyinə ehtiyacı olduğunu qeyd edib.
"Azərbaycanın region üzərində suverenliyi BMT və beynəlxalq ictimaiyyət tərəfindən tanındığı üçün Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Qoy insanlar orada sülh içində yaşasınlar".
T. Qarayev Azərbaycanın regiondakı xalqlarla heç bir probleminin olmadığını deyib: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Biz regionda dinlər və müxtəlif xalqlar arasında müharibə istəmirik. Regionda sülhün təmin olunması üçün Ermənistan silahlı qüvvələri 20 ildən çox işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır".



Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?


Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. İclasın gündəliyinə 8 məsələ daxil edilib.

İclasda Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılacaq. İclasın gündəliyinə Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi, "Sosial sığorta haqqında" qanun layihəsi, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi daxil edilib.