“Heç bir terror bizi hədəflərimizdən yayındıra bilməyəcək” Siyasət

“Heç bir terror bizi hədəflərimizdən yayındıra bilməyəcək”

BAXCP millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsdlə bağlı bəyanat yayıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) martın 29-da Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən sui-qəsdi qətiyyətlə pisləyib, bu qanlı cinayətin sifarişçilərinin və icraçılarının tez bir zamanda aşkarlanaraq ədalət məhkəməsi qarşısına çıxarılacağına ümid etdiyini bildirib.

BAXCP-nin baş verən qanlı terrorla bağlı yaydığı bəyanatda deyilir:

“BAXCP hesab edir ki, Milli Azadlıq Hərəkatının, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mücadilənin öncüllərindən olan, Milli Məclisin deputatı, BQP sədri Fazil Mustafa təsadüfən hədəf seçilməyib və ona atılan güllələr, əslində parlamentarizmə, söz azadlığına, dünyəvi dövlətçiliyə qarşı həyata keçirilən sui-qəsddir. Məqsəd Azərbaycanın Konstitusiya quruluşunu müdafiə edən, ölkəmizi öz maraqlarının, saxta və zəhərli ideyalogiyalarının girovuna çevirmək, Azərbaycanı məğlub və məzlum durumda görmək istəyən qüvvələrə qarşı prinsipial mövqe sərgiləyən, fərqli düşüncəyə sahib insanları qorxutmaq, cəmiyyətimizdə xof və qütbləşmə yaratmaq, milli iradəmizi qırmaqdır.

Bu mənfur cinayəti törədənlər fikrə fikirlə cavab verməyə qabiliyyəti çatmayan qorxaq və zalımlardır.

BAXCP millət vəkilinə qarşı həyata keçirilən sui-qəsdi Azərbaycan xalqının lənətlədiyini, gerçəkləşdirilən cinayətin ictimai rəydə hiddət yaratdığını, kütləvi etiraza səbəb olduğunu, hədəfinə çatmadığını bildirir.

BAXCP dünya azərbaycanlılarını, Türk və İslam dünyasını və bütövlükdə sivil dünyanı terroru dəstəkləyən, himayə edən, bu alçaq və rəzil mübarizə üsulunu öz çirkin niyyətlərinə çatmaq üçün vasitə seçən siyasi rejimlərə və ekstimist cərəyanlara qarşı vahid mövqedən çıxış etməyə çağırır.

BAXCP bəyan edir ki, heç bir sui-qəsd və terror Azərbaycan xalqını və dövlətini öz hədəflərindən yayındıra bilməyəcək, Konstitusiya quruluşumuza, birliyimizə və ərazi bütövlüyümüzə qarşı həyata keçirilən bütün iyrənc siyasətlər milli məfkurəmizin qarşısında diz çökəcəkdir.

Yaşasın Azərbaycan Respublikası!

Yaşasın Bütöv Azərbaycan!