
İƏT Baş katibi: "İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır"
Əhməd Davudoğlu: "Azərbaycanın işğal altındakı torpaqları məsələsində müştərək mövqe nümayiş etdirməliyik"
"Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir".
Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında İƏT Baş katibi İyad Madani deyib. Baş katib bildirib ki, işğal illərdir, davam edir: "BMTTəhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir".
İslam ölkələrinin ərazi bütövlüyünün qorunmasının vacibliyini diqqətə çatdıran İyad Madani deyib ki, İƏT-in təsir gücünün və etibarının artırılması üçün üzv ölkələrin məruz qaldığı haqsızlıqların aradan qalxmasına çalışılmalıdır: "Bu çərçivədə Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində İƏT-in Təmas qrupunun yaradılmasını qərarlaşdırmışıq. Təmas qrupunun yaradılmasıyla bağlı maddənin İƏT-nin İstanbul Zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsi gözlənilir".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz çıxışında islamın sülh dini olduğunu deyib. Türkiyə prezidentinin qənaətinə görə, ixtilafları deyil, bağlılıqları gücləndirmək lazımdır: "Çünki yaşanan toqquşmalardan zərər görən sadəcə, müsəlmanlardır, İslam ölkələridir. Dostları çoxaltmaq, düşmənləri azaltmalıyıq. Bugünki zirvənin xüsusən bütün müsəlmanların birliyi, bərabərliyi yolunda bir milad, dönüş nöqtəsi olmasını Allahdan diləyirəm".
Ərdoğan bildirib ki, hazırda İŞİD, "Boko Haram", "əş Şahab" qruplaşmalarının İraq, Suriya, Liviya, Afrika və dünyanın digər ərazilərində törətdiyi terror aktlarından ən çox müsəlmanlar əziyyət çəkir: "Bu terror təşkilatlarının əsas zülmü müsəlmanlaradır. Dünyanın hər yerində insanlara qarşı törədilən aktları pisləşmişik".
Rəcəb Tayyib Ərdoğan Qərb ölkələri tərəfindən terror hadisələrinə ikili yanaşma sərgiləndiyini söyləyib: "Parisdə, Brüsseldə baş verən terrordan danışdılar. Ancaq Ankara, İstanbul, Lahorda törədilmiş terror aktlarından bəhs etmədilər. Bu terror aktlarında yüzlərlə insan öldü. Fərqi yoxdur, bir insan da ölsə, bütün insanlığın ölümüdür. Lakin Paris, Brüsseldəki terrordan danışanlar niyə İstanbul, Ankara, Lahordakı terroru demir? Bu ikili yanaşma bizi üzür. Terror təşkilatlarının hamısına qarşı eyni formada mübarizə aparmaq lazımdır. Buradan bir daha dünya ictimaiyyətini terror təşkilatlarına münasibətlərini gözdən keçirməyə çağırıram".
Türkiyə prezidenti İƏT ölkələri arasında terrora qarşı əməkdaşlığı möhkəmləndirməyin vacibliyini də diqqətə çatdırıb: "Türkiyə bu sahədə işlərin təşkilatlandırılmasının tərəfdarıdır. Eyni formada Səudiyyə Ərəbistanının başçılığı ilə qurulan İslam İttifaqını dəstəkləyirik. İslam aləmində baş verən böhranlara başqa güclərin müdaxiləsini gözləmək əvəzinə, bu problemləri özümüz həll etməliyik. Onlar müdaxilə edəndə neft üçün müdaxilə edirlər".
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə sammit iştirakçılarına müraciət ünvanlayıb və bildirib ki, Azərbaycanın işğal altındakı torpaqları məsələsində müştərək mövqe nümayiş etdirməliyik.
Əhməd Davudoğlu Fələstin torpaqlarının işğaldan azad edilməsinin islam ölkələrinin əsas problemlərindən biri olduğunu söyləyib: "Bu günlərdə yenidən gündəmə gələn Azərbaycanın işğal altındakı torpaqları məsələsində də, Krımın Rusiya tərəfindən işğalı məsələsində də əsrlər boyu islam torpaqları olmuş o torpaqların yenidən azadlıq əldə etmələri üçün müştərək mövqe nümayiş etdirməliyik".
Baş nazir İƏT üzvü olan ölkələrin bəhs edilən problemlər barədə bundan sonra daha fəal mövqe nümayiş etdirəcəklərinə inandığını vurğulayıb.