“Yay aylarında müharibənin yenidən başlaması ehtimalı yüksəkdir” Siyasət

“Yay aylarında müharibənin yenidən başlaması ehtimalı yüksəkdir”

Elxan Şahinoğlu: "Bu arada Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olan bir neçə hadisəni göstərmək olar"

Cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalır. Böyük toqquşmalar olmasa da, ermənilər tərəfindən atəşkəs rejimi müntəzəm olaraq pozulur. Bu arada Ermənistanın danışıqlar prosesindən yayınmaq cəhdləri də onu sübut edir ki, Dağlıq Qarabağda yenidən aktiv hərbi əməliyyatlar qaçılmaz görünür. Bu ərəfədə yay aylarında Qarabağda yeni müharibənin başlayacağı barədə xəbərlər də təsadüfi sayıla bilməz.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da deyir ki, yaxın iki ay ərzində danışıqlar başlamasa və bu danışıqlarda real nəticə olmasa yay aylarında müharibənin yenidən başlaması ehtimalı yüksəkdir: "Bu arada Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığı olan bir neçə hadisəni göstərmək olar. Birinci hadisə. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov ötən həftə ərzində bir neçə sensasiyalı açıqlama verdi. Sergey Markov birinci açıqlamasında dedi ki, Ermənistan yaxın müddətdə Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaldacaq. Markovun ikinci açıqlaması isə bundan ibarət idi ki, ilin sonuna qədər azərbaycanlı qaçqınlar həmin 5 rayona geri qayıdacaqlar. Sergey Markov Kremlə yaxın siyasi ekspertlərdən sayılır. Ona görə də Azərbaycanın siyasi və ekspert dairələrində onun Qarabağla bağlı fikirləri pozitiv qarşılandı. Markovun Kremlin istəklərini söylədiyini vurğulamaq çətindir. Məsələ burasındadır ki, Markovdan başqa Rusiyada heç bir rəsmi, diplomat və ya siyasi ekspert torpaqların boşaldılmasıyla bağlı bu qədər optimist deyil. Ancaq əgər Markov torpaqların boşaldılacağını deyirsə, onun bu açıqlamasının arxasında Rusiyada hansısa güclər dayana bilər. Həmin güclər Markov vasitəsilə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətlərinə və cəmiyyətlərinə mesaj göndərirlər. Mesajın mənası budur ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını sürətləndirə bilər. Ancaq bunun əvəzində Kremlin Azərbaycandan nə istəcəyək – sualına Markov hələ ki, cavab vermir. Görünür, yaxın müddətdə Kreml Markov vasitəsilə bu istəyini də səsləndirəcək. Ikinci hadisə. Azərbaycanın siyasətçiləri və siyasi ekspertləri Laçın dəhlizinin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətinə verilməsinin əvəzində Azərbaycanla onun bir hissəsi olan Naxçıvanı birləşdirən Mehri dəhlizinin də açılması vacibliyini müzakirə edirlər. Ermənistan Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağla daimi əlaqənin olmasını tələb edir. Bu sülh danışıqlarının da əsas mövzularından biridir. Eyni zamanda rəsmi Bakının da sülh danışıqlarında Laçın dəhlizinin əvəzində
Mehri dəhlizinin açılması tələbini irəli sürməsi hüququ var". Ermənistan prezidenti Serj Sərkisyanın aprelin 19-da Dağlıq Qarabağın paytaxtı Xankəndinə gəlişinə diqqət çəkən politoloq deyib ki, Ermənistan prezidentinin Xankəndinə gəlməsində iki məqsədi var idi. Elxan Şahinoğlunun sözlərinə görə, Sərkisyanın birinci məqsədi Dağlıq Qarabağ əhalisinə dəstək vermək idi: "Yəni Sərkisyan Xankəndində olmaqla sanki Dağlıq Qarabağın erməni əhalisinə demək istəyirdi ki, qorxmayın, arxanızda Ermənistan və onun ordusu dayanıb. Əslində bu o deməkdir ki, Sərkisyan da anlayır ki, 2-5 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun. Sərkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkmək idi. Yəni Sərkisyan ona ümid edirdi ki, o Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşəcək və o, da bunula beynəlxalq aləmə deyəcəkdi ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozub. Ancaq Azərbaycan ordusu Sərkisyanın Xankəndində olduğu müddətdə atəşkəsi pozmadı və bununla Sərkisyan ikinci məqsədinə də nail olmadı. Serj Sərkisyan Xankəndində separatçıların rəhbərliyi ilə qapalı müşavirə keçirib helikopterlə Ermənistana qayıtdı. Onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq. Generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verməklə Sərkisyan heç bir problemi həll edə bilməyəcək. Bunu Ermənistan cəmiyyəti də anlamağa başlayıb". Mərkəz rəhbəri bildirib ki, hazırda Ermənistanın ordu komandanlığı başqa təxribatlara da əl atır: "Artıq neçənci dəfədir ki, İrəvandan belə bir açıqlama verilir ki, Ermənistan ordusu Mingəçevir su elektrik stansiyasına raket zərbəsi endirə bilər. Mingəçevir su elektrik stansiyası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Stansiyaya raket zərbəsinin vurulması həm bölgədə ekoloji fəlakət yaradacaq, həm də Azərbaycanın böyük hissəsini elektriksiz qoyacaq. Əgər Ermənistanın ordu komandanlığı Mingəçevirə raket zərbəsi endirərərsə, bu halda nə baş verəcək? Birincisi, Azərbaycan ordusu da eyni ilə Ermənistandakı stansiyaları uzaq mənzilli raketlərlə vuracaq. Hətta Ermənistanın "Metsamor" atom elektrik stansiyası da hədəf götürülə bilər. İkincisi, Mingəçevir su elektrik stansiyasına raket zərbəsindın sonra Azərbaycan ordusu Dağlıq Qarabağ iqtiqamətində hücuma başlayacaq və bu müharibəni dayandırmaq mümkün olmayacaq. Üçüncüsü, Azərbaycan müharibəni Ermənistan ərazisinə keçirəcək və bu halda Azərbaycan üçün Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyü əhəmiyyət kəsb etməyəcək".