

“4 azərbaycanlı diplomatın “persona-non-qrata” elan edilməsi həm də İranın Azərbaycan Prezidenti İlham Əliyevin mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı İran haqda dedikləri fonunda diqqət çəkir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib: “Belə ki, ölkə başçısı çıxışı zamanı İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı bir çox məqama toxundu və faktiki olaraq Tehranı onun terrorçu siyasətini ifşa etdi:
Birincisi, ölkə başçısı çıxışı zamanı Tehrandakı səfriliyimizə edilən hücum haqda danışarkən deyib ki, “Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi”.
İranın səfirliyimizin əməkdaşlarına silah daşımağa icazə verməməsi hücum edən şəxsin isə “Kalaşnikov” avtomatı və “Molotov kokteyli” daşıması ciddi faktdır. Təsadüfi deyil ki, Prezident “Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?” sualını ünvanladı.
Bundan başqa Prezident hadisəni törədən şəxsin həmin gün mətbuata açıqlama verməsi, iki gün sonra hər hansı hüquqi prosedur olmasın deyə ruhi xəstə olduğunun açıqlanması faktlarına da toxundu.
İkincisi, Prezident millət vəkili Fazil Mustafaya edilən hücumda da İranı günahlandırıb. “Sonra Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar” – Prezident deyib.
Görünür, ölkə başçısının son hadisələrdə faktlarla İranı günahlandırması və “İran “qırmızı xətti” keçdi” deməsi Tehranı bərk narahat edib.
Bu mənada 4 azərbaycanlı diplomatın “persona-non-qrata” elan edilməsi həm də Tehranın Prezidentin son çıxışına verdiyi reaksiya hesab eləmək olar”.