Prezident: Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır Siyasət

Prezident: Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır

“Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Ulu Öndərin strateji baxışı, uzaqgörənliyi və müdrik siyasəti nəticəsində 25 il əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA yaradılmışdır. ANAMA hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurumdur”.

Bu barədə Prezident İlham Əliyevin “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirilir.

“Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Milli minatəmizləmə potensialımızın gücləndirilməsi istiqamətində davamlı olaraq iş aparılır və son iki il ərzində bu sahədəki imkanlarımız ciddi şəkildə artmışdır. Qeyd etmək istərdim ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. Biz, eyni zamanda, bir sıra xarici tərəfdaşlarımızla bu sahədə səmərəli əməkdaşlıq edir və bizə dəstək göstərən ölkələrə və beynəlxalq təşkilatlara buna görə minnətdarıq. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur”, - müraciətdə qeyd olunub.