"Prezidentin cavabı Paşinyana dərs oldu" Siyasət

"Prezidentin cavabı Paşinyana dərs oldu"

Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Prezident İlham Əliyev də xüsusi qonaq qismində iştirak etdi və toplantıda çıxış edərək Ali Avrasiya İqtisadi Şurasına üzv ölkələrlə əlaqələrimizin hazırkı durumu və perspektivləri barədə, eyni zamanda Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi göstəricilər haqda fikirlərini bölüşdü. Bu sammitdə təmsil olunmağımız iqtisadi əlaqələrimizi tənzimləmək və genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Bunu "Xalq Cəbhəsi"nə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri qeyd edib ki, həmçinin Avrasiya İqtisadi Şurasının iclasından bir neçə saat sonra keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də günün ən önəmli hadisəsi kimi yadda qaldı. Düzdür, budəfəki üçtərəfli görüşdə bəzi vacib sənədlərin imzalanacağı barədə öncədən proqnozlar səsləndirilsə də, bu baş vermədi. Lakin Rusiya Prezidentİ Vladimir Putinin həm Avrasiya İqtisadi Şurasının iclasında, həm də üçtərəfli görüş zamanı çıxışında qeyd etdiyi kimi Ermənistan və Azərbaycan arasında vəziyyət nizamlanma istiqamətində inkişaf edir və ən mühüm nəticələrdən biri də bu oldu ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha vurğuladı. O, bunu Moskva görüşündən əvvəl Ermənistan parlamentinin iclasında da bəyan etmişdi, üçtərəfli görüşdə də təsdiqləd:

"O ki qaldı Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında çıxışlar zamanı protokol qaydalarını pozan Ermənistanın baş nazirinin Azərbaycan əleyhinə bəzi təxribatçı fikirlər səsləndirməsinə, mənə elə gəlir ki, Paşinyan bundan sonra mötəbər görüşlərdə, zirvə toplantılarında bir də heç vaxt bu cür nadanlığa, cığallığa yol verməyəcək. Çünki dövlətimizin başçısı Avrasiya İqtisadi Şurasının iclasında Zəngəzur dəhlizi məsələsinin gündəmə gətirilməsindən narahat olan, Azərbaycanı ərazi iddiasında ittiham edən, Laçın yolunda post qurmağımızı qeyri-qanuni hesab edən və yolu bağladığımızı iddia edən Paşinyana dərhal sərrast cavab verdi, onu tutarlı məntiq və faktlarla susdurdu, Ermənistanın baş nazirinin çılğın fantaziya sahibi olduğunu qeyd etdi. Prezident İlham Əliyevin diplomatik ustalıqla səsləndirdiyi istehzalı cavab replikası zənnimcə, Paşinyan üçün yaxşı dərs oldu. Böyük siyasətə birbaşa küçədən, meydanlardan gəldiyinə görə beynəlxalq etiket qaydalarını bilməyən Nikol Paşinyan məhz bu sammitdə aldığı dərsdən sonra siyasi nəzakətin, diplomatik etiketin önəmini dərk edəcək".

Cavid