“Rusiya total hücuma keçib” Siyasət

“Rusiya total hücuma keçib”

Elçin Mirzəbəyli: "Moskva belə sorğular keçirməklə münaqişənin tənzimlənməsində istifadə oluna biləcək bütün mexanizmləri öz əlinə cəmləmək istəyir"

Rusiya Dağlıq Qarabağ probleminin yalnız və yalnız öz maraqları çərçivəsində tənzimlənməsi istiqamətində total hücuma keçib.
İctimai fikrin öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin keçirdiyi sorğu da bunu sübuta yetirir.
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli mətbuata açıqlamasında belə deyib.
Elçin Mirzəbəylinin qənaətinə görə, səhmlərinin 100 faizi Rusiya dövlətinə aid olan mərkəzin keçirdiyi sorğunun nəticələri Rusiya vətəndaşlarının deyil, rəsmi Moskvanın mövqeyini ifadə edir: "İctimai fikrin öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin icrimailəşdirdiyi sorğu və hesabatlar ictimai fikri istiqamətləndirmək, yaxud mesaj xarakterlidir. Reallığı əks etdirən sorğular bir qayda olaraq açıqlanmır".
Elçin Mirzəbəyli sorğuda yer alan mesaj xarakterli bir neçə məqama diqqət çəkməyi vacib hesab edir: "Zənnimcə ilk növbədə sorğunun Rusiya əhalisinin 26 faizinin Dağlıq Qarabağı "müstəqil dövlət" kimi qəbul etməsi barədə olan hissəsinə nəzər salmaq lazımdır. Bu, təhdid xarakterli bir mesajdır. Sorğunun "Rusiya əhalisinin 11 faizinin Dağlıq Qarabağı Azərbaycanın, 13 faizinin isə Ermənistanın tərkib hissəsi kimi qəbul etməsi" ilə bağlı hissəsi də bunu sübuta yetirir. Açıq şəkildə bildirilir ki, Dağlıq Qarabağı "müstəqli dövlət" kimi qəbul edənlərin sayı işğal altında olan bu ərazini Ermənistanın və Azərbaycanın tərkib hissəsi kimi görənlərdən daha çoxdur".
Elçin Mirzəbəyli sorğuda yer alan başqa bir mesaj xarakterli məqamın Rusiyanın vasitəçilik missiyası ilə bağlı olduğunu düşünür: "Sorğunun "nəticəsinə" görə respondentlərin 44 faizi Rusiyanın bu münaqişədə qanlı toqquşmaların baş verməməsi üçün vasitəçi kimi çıxış etməsini, 36 faiz isə neytral mövqe sərgiləməli olduğunu vacib sayır. Göründüyü kimi, 44 faizlə 36 faiz arasındakı fərq bir o qədər də çox deyil. Bu da məqsədyönlü xarakter daşıyır. Burada hər iki tərəfə, xüsusilə də Ermənistana mesaj verilir. Yəni, hər şey sizdən asılıdır, neytral da qala bilərəm. Sorğuda "iştirak edənlərin" 4 faizi Rusiyanın bu münaqişədə Ermənistan və separatçı Xankəndi rejiminin rəhbərliyini, 2 faizi isə Azərbaycanı dəstəkləməyi məqsədəuyğun etməsi də təsadüfi deyil. Bu ilk növbədə sorğunun nəticələrinin ictimai rəyə sırınması və Moskvanın vasitəçilik missiyasına tərəfsizlik donu geyindirilməsi üçündür".
Elçin Mirzəbəyli bildirib ki, Rusiya belə sorğular keçirməklə münaqişənin tənzimlənməsində istifadə oluna biləcək bütün mexanizmləri öz əlinə cəmləmək istəyir: "Düşünürəm ki, bundan sonra Rusiyada münaqişənin tənzimlənməsi ilə bağlı çoxsaylı sorğuların, debatların keçirilməsinə cəhd göstəriləcək. Rusiya proseslərin yalnız onun meydançasında həyata keçirilməsi, hər iki tərəfin maksimum asılı vəziyyətdə saxlanılması üçün əlindən gələn hər şeyi edəcək. "