Təhlükəli təlxək erməniləri silahlandırır Siyasət

Təhlükəli təlxək erməniləri silahlandırır

Ermənistanı silahlandırmağa başlayan Fransa bölgədəki güc nisbətini dəyişməyə, əsas vasitəçi rolunu əldə etməyə və proseslərə təsir imkanlarına yiyələnməyə çalışır

Hindistanın ən böyük özəl korporasiyalarından olan "Kalyani Group"un tərkibindəki "Bharat Forge Limited" şirkəti Ermənistana 155 mm çaplı özüyeriyən artilleriya qurğuları (ÖAQ) satacaq. Anlaşmanın həcmi 155 milyon dollardır.

Baş ofisi Puna şəhərində yerləşən "Kalyani Strategic Systems Limited"in (KSSL) istehsalı olan 155/39 çaplı "MArG 155-BR" haubitsaları 4x4 tipli şassidədir.

Rəsmi Dehli anlaşmanın təfərrüatlarını açıqlamayaraq "milli istehsalımız olan özüyeriyən artilleriya qurğuları dost, münasibətlərimizin yaxşı olduğu, münaqişə zonasında yerləşməyən ölkəyə satılacaq" tipli bəyanatla kifayətlənsmə də, həmin "dost ölkə"nin Ermənistan olduğu şübhə doğurmur.

MArG 155-BR ÖAQ-ı "yüngül haubitsa" kimi reklam edilən ULN (Ultra-Light Howzitzer) və 4x4 tipli avtomobildən ibarətdir.

Sözügedən ÖAQ əslində "VAE Systems"in istehsalı olan M77-in klonu və təkrarı sayıla bilər.

Hindistan Ermənistana habelə, 155 mm çaplı (155/52) "Trajan" özüyeriyən artilleriya qurğularını da satmağa hazırlaşır. Fransa istehsalı olan "Caesar" ÖAQ-ın hind analoqu olan bu haubitsa Fransanın "Nexter Systems" şirkətinin icazəsi və iştirak ıilə Hindistanda istehsal olunur.

"Trajan" və MArG haubitsalarınnı satışı rəsmi Dehli tərəfindən birtərəfli olaraq həyata keçirilə bilməz. Bu səbəbdən də Fransa prezidenti Emmanuel Makronun şəxsi göstərişindən sonra ölkənin hərbi-sənaye kompleksindəki şirkətlər Hindistanda lokalizasiya edilərək istehsal olunan artilleriya sistemlərinin Ermənistana satılması üçün hinduslara icazə veriblər.

Hindistanda istehsal olunan özüyeriyən artilleriya qurğuları (ÖAQ) gəmilərlə İrana çatdırılacaq, oradan isə ağırtonnajlı yük avtomobilləri (TIR) vasitəsilə Ermənistana daşınacaq.

Paradoks budur ki, Fransa bir tərəfdən Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə vasitəçilik etməyə çalışmaqla kifayətlənməyərək, həmin missiyanı az qala təkbaşına icra etmək və prosesi geosiyasi inhisara almaq istəyir.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdə, daha sonra Moldovanın paytaxtı Kişineudakı Avropa Siyasi Sammitində E.Makron "vasitəçi tərəf" obrazı yaratmağa çalışdı.

Hətta Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Almaniya kansleri Olaf Holtsun masa arxasında olduğu danışıqlar başa çatandan sonra Emmanuel Makron "beştərəfli bəyanat"ın qəbul olunmasına çalışıb.

Fəqət Prezident İlham Əliyevin və Şarl Mişelin qətiyyətli mövqeyi səbəbindən Makronun bu intriqası baş tutmayıb.

Moldovadakı kafeteriyada "beştərəfli format" kimi marazmatik və absurd təklifini səsləndirən Emmanuel Makron heç olmasa bu formatda vasiətçiliyə can atır.

Kişineudakı rüsvayçılıqdan sonrasa Fransa birmənalı olaraq sülh prosesini yox, Ermənistanın silahlandırılması yolunu seçib.

Geosiyasi ambisiyalarını reallaşdırmağa çalışaraq siyasi təlxəyə çevrilən Makron Cənubi Qafqaz bölgəsini yeni siyasi eskalasiyaya, gərginliyə doğru aparır.

Səbəb yetərincə sadədir: İkinci Qarabağ Müharibəsində ordusu darmadağın edilən, özü kapitulyasiyaya məruz qalan Ermənistanın "bacısı" Fransa tərəfindən sürətlə silahlandırılmasını Bakı laqeydliklə seyr edən deyil.

Fransanın Ermənistana 50 zirehli transportyor və "Mistral" hava hücumundan müdafiə sistemlərini yollamaq qərarının Bakı ilə Paris arasındakı münasibətlərə necə dağıdıcı təsir etməsinin fərqində tam olmayan Makron administrasiyası sonu məğlubiyyət və uğursuzluq olan oyuna başlayaraq həmin oyunda ermənilərdən vasitə kimi istifadə etmək qərarına gəlib.

İllüziyaların əsrinə çevrilən Makron erməniləin silahlandırılması və Ermənistan ordusunun gücləndirilməsi planlarının Avropa İttifaqı, ümumiyyətlə Qərb üçün təhlükə kəsb etdiyini anlamamış deyil.

Parisin İrəvana yollayacağı silahlar, sursatlar və hərbi texnikanın bir qisminin çox qısa müddətdən sonra Rusiya Federasiyası ilə İrana istiqamət alacağı şübhəsizdir.

İran təbii ki, Fransa hərbi-sənaye kompleksinin məhsulu olan bu silahlarla texnikanın klonlarının hazırlanmasına və bu minvalla öz ordusunun hücum qabiliyyətini artırmağa başlayacaq.

Ermənistana silah və hərbi texnika satmaqla Fransa Cənubi Qafqazda İranla Rusiyaın geosiyasi mövqelərini də gücləndirəcək.

Və ən nəhayət, Emmanuel Makronun bu absurd siyasəti ABŞ-ın mövqelərinə də zərbə sayıla bilər, çünki Azərbaycanla Ermənistan arasında slüh sazişinin imzalanmasını hədəfləyə prosesdə təşəbbüsü Vaşinqtonun əlindən almaq, müzakirələrlə danışıqların Brüssel formatını Paris formatı müstəvisinə keçirərək Vaşinqton formatını ümumiyyətlə, qeyri-aktual etmək E.Makronun taktikasıdır.

O, Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası üçün Azərbaycanla şərti dövlət sərhədində 3 daimi məntəqənin yaradılmasını təklif edib.

Təklif həmin məntəqələrdə Fransanın jandarmeriya qüvvələrinin xidmət etməsini nəzərdə tutur.

Fransa Prezidentinin bu təklifi faktiki olaraq Avropa İttifaqının tarixində ilk dəfə xaricdə hərbi baza yaratmağa sövq olunması deməkdir.

Fransalı hərbçilərin Ermənistanda yerləşdirilməsi indi bu ölkədə 7 daimi müşahidə məntəqəsinə malik Rusiyanı ifrat dərəcədə qıcıqlandırmaqla yanaşı, Moskvanı cavab tədbirlərinə əl atmağa vadar edəcək.

Yəni minimal cavab qismində Rusiya məntəqələrin sayını artıracaq.

Fransa və Rusiyanın belə aktivləşməsi fonunda Tehranın baş verənləri donuq nəzərlərlə seyr etməsi nonsensdir: Tehran da mütləq şəkildə Ermənistanda öz müşahidəçilərinin yerləşdirilməsinə çalışacaq və məqsədini reallaşdırmaq üçün Gorusdakı konsulluğundan yararlanacaq.

Ermənistanın sürətlə suriyalaşması prosesinin bölgə üçün hansı təhlükə kəsb etməsi aydındır.

Yaşanaları hazırda səbrlə izləyən Türkiyə sonda destruktiv təmayüllərin qarşısını almaq üçün olaylara müdaxilə edəcək və təbii ki, yeni geosiyasi hekayə Azərbaycanın ən fəal iştirakı, dəstəyi və istəyi ilə olacaq.

Bölgədə Fransa ilə yanaşı, Rusiya və İranın möhkəmlənməsini istəməyən ABŞ-ın necə davranacağını təxminləməksə əsla çətin deyil.

Göründüyü kimi, Emmanuel Makron siyasi klounadaya başlayaraq bölgəmizdə gərginliyi sürətlə artırır.

Fransanın dövlət başçısı artıq bacarıqsız yox, təhlükəli təlxəkdir.