AŞ PA-nın aşpazlığı Siyasət

AŞ PA-nın aşpazlığı

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan əleyhinə son qətnaməsi UEL qrupu ( Unified European Left Group - Vahid Avropa Sol Qrupu) tərəfindən hazırlanıb və təqdim olunub.

Qeyd edim ki, sözügedən qrupda Yunanıstan 5, Türkiyə (Cümhuriyyət Xalq Partiyası - CXP) 4, Almaniya və İrlandiyanın isə hər biri 3 deputatla təmsil olunur. Rusiya təmsilçilərinin sayı da dörddür. Amma onlar bəlli səbəblərdən qrup iclaslarında və sessiyalarda iştirak edə bilmirlər. Almaniyanı Vahid Avropa Sol Qrupunda təmsil edən deputatlardan birinin – Gökay Akbulutun da türk olduğunu nəzərə alsaq, o zaman qrupdakı türk solçuların sayının 5 olduğunu müəyyənləşdirə bilərik. Və hələlik dəqiqləşdirilməsi mümkün olmayan məlumata görə, qətnamənin hazırlanmasında Yunanıstanlı deputatlarla yanaşı CXP-çilər və onların Almaniyadan olan solçu yoldaşları da fəal iştirak ediblər. Sola gediblər yəni... Hətta fəal iştirak etməsəydilər belə, qətnamənin mətnindən gülünc iddialara CXP-çilərin etiraz etmədiklərini anlamaq mümkündür.

Şübhəsiz ki, plenar iclasda Fransadan olan deputatlar da məsələyə fransız qalmayıblar. Kəsəsi, qətnaməni İrlandiyadan olan deputatın təqdim etməsi isə onun, sadəcə məruzəçi olması ilə bağlıdır.

İndi keçək mətləbə:

Ermənistandan və Yelisey sarayından ötürülən tezislər əsasında rəsmi İrəvana və separatçılara müftə və yalan-palandan ibarət AŞ PAylamaq qərarına gələn AŞ PA-nın qətnaməsinə görə, biz öz torpaqlarımızda “üçbaşlı əşdaha” kimi yolun, suyun, işığın, qazın qarşısını kəsib əli qanımıza bulaşmış qnunsuz silahlı dəstələrə, terrorçu və separatçılara nə gün, nə işıq, nə su, nə qaz, nə də elektrik enerjisi vermirik.

Deməli qətnamədə qeyd olunur ki, həmin bu AŞ PA Azərbaycanın öz ərazisində və sərhədlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlığını tam, istisnasız şəkildə qəbul edir, amma mövcud vəziyyətdən irəli gələn insan haqları və humanitar məsələlərlə bağlı problemlərə rəsmi Bakının əhəmiyyət verməməsindən heyrətə gəlib.

Ay sizi... riyakar filan-filan şudələr, biz onillərlə sizin simasızlığınızdan, ağa qara deməyinizdən, işğala, vandalizmə, soyqırım aktlarına “şam” tutmağınızdan heyrətə gəldik, nə dəyişdi ki? Yenə də əvvəlki kimi ədaləti edam kötüyünə müşayiət etməkdə israrlı görünürsünüz.

AŞ PA-nın məlum qətnaməsində daha sonra qeyd olunur ki, Azərbaycan “özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaşayan hər kəsin təhlükəsizliyini qorumaq və təmin etmək öhdəliyi” daşıyır. Bəli, Azərbaycanın belə bir öhdəliyi var və bu öhdəliyin yerinə yetirilməsi, həmçinin sərhədlərinin, ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atır.

Maraqlıdır, nə üçün AŞPA hələ də Azərbaycan ərazilərində mövcudluqlarını davam etdirən Ermənistan hərbçilərinin cəhənnəm olub getmələrini təıəb etmir, mülki əhalini girov saxlayan separatçıların qanunazidd hərəkətlərini pisləmir, Qarabağda yaşayan erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya olmağa çağırmır? Səbəbini şübhəsiz ki, bilirəm. Amma AŞPA, nədənsə bu, olduqca sadə, ritorik suallara cavab vermək istəmir və soz oynatmaqla vəziyyətdən çıxmağa çalışır. Halbuki əgər AŞ PA-nın qətnaməsində qeyd etdiyim tələb və çağırışlar yer alsaydı, bu, tamamilə məntiqli olardı. Çünki daha öncə qətnamədən gətirdiyim iqtibasda AŞ PA-nın Azərbaycanın öz ərazisində və sərhədlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlığını tam, istisnasız şəkildə qəbul etdiyi vurğulanır. Əgər AŞ PA, həqiqətən də Azərbaycanın narahatlıqlarını tam qəbul edirsə, deməli, o zaman bu narahatlıqların aradan qaldırılması üçün bu narahatlıqları yaradanlara çağırışda bulunmalıydı. Əgər bunu etmirsə, o zaman getsin...

Bir daha xatırladım ki, qətnamənin əsas tezislərinin Yelisey sarayından ötürüldüyünə qətiyyən şübhə etmirəm. Çünki bu kağız parçasında da Makron-Paşinyan cütlüyünün tez-tez təkrarladığı “neytral beynəlxalq mexanizmlər”dən danışılır.

Hələ bu azmış kimi, AŞ PA-nın gülməşəkərləri elə hesab edirlər ki, biz, hətta Ermənistana da “gərginliyi azaltmaq üçün” ölkəmizin daxili işlərinə müdaxilə etməyə imkan yaratmalıyıq. Təsəvvür edin, Ermənistan və “gərginliyin azaldılması” – bir-biri ilə uzlaşması mümkün olmayan iki fərqli anlayış... Bunlar ya özləri axmaqdırlar, ya da bizi axmaq yerinə qoyduqlarını düşünürlər.

Qətnamənin müddəalarını oxuduqca yalanın, böhtanın, həyasızlığın, simasızlığın, həqiqətən sərhəd tanımadığına bir daha əmin olursan. Elə bil uşaq başı aldadırlar. İddialarına baxın: Azərbaycan öz suveren ərazilərini Ermənistanın da iştirakı ilə beynəlxalq monitorinqlərə açmalıdır ki, AŞ PA “rəsmi Bakının Qarabağa qanunsuz silah gətirilməsi ilə bağlı iddialarının doğruluğunu qiymətləndirsin”. Maraqlıdır, görəsən silah Azərbaycan ərazisinə - ermənilərin yaşadığı yaşayış məntəqələrinə haradan daşınır? Bəlkə Ağdamdan, Füzulidən, yaxud Cəbrayıldan? Silah Ermənistandan daşınır da? Ermənistan, özünün də iştirak etdiyi hansısa beynəlxalq missiyanın gözü qarşısında silah daşıyıb öz-özünü ifşa edəcək? Yekə-yekə adamlardır, yığışıblar heç bir işə yaramayan bir təsisata, səfeh-səfeh iddilarla çıxış edirlər.

Qətnaməni hazırlayanların, həmin anda ruh hallarının necə olduqlarını deyə bilmərəm, amma sağlam təfəkkürə malik olan bir kimsə bu qədər cəfənc və gülünc iddiaları cümləyə düzə bilməzdi.

AŞ PA qətnaməsi bölgədəki “gərginlik qazanı”nın qaynadılmasına xidmət edir, burası aydındır. Amma “çömçə”lərin arasında CXP-dən olan deputatların da yer alması, qənaətimə görə, bizi və qardaş ölkəmizi daha dərindən düşündürməlidir.

Elçin Mirzəbəyli