Almaniya uydurma “erməni soyqırımı”nı tanıdı Siyasət

Almaniya uydurma “erməni soyqırımı”nı tanıdı

Ərdoğan: "Almaniya parlamentinin qərarı ikitərəfli əlaqələrə ciddi təsir edəcək"

Almaniya Bundestaqı uydurma "erməni soyqırımı"nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.
"101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqlara tətbiq edilən soyqırımın xatırlanması və anılması" adlanan qətnamə layihəsinin təşəbbüskarları iqtidardakı xristian birlik partiyaları (CDU/CSU) və müxalifətdəki Yaşıllar Partiyası olub. Layihənin əleyhinə 1 nəfər səs verib, daha 1 parlament üzvü isə bitərəf qalıb.
İclas Bundestaqın sədri Norbert Lammertin çıxışı ilə başlayıb. 1915-ci il hadisələrini soyqırım adlandıran Norbert Lammert o vaxtkı Almaniya İmperiyasının cinayətin iştirakçısı olduğunu bildirib: "Yüz il öncə baş verənlərə görə bugünkü Türkiyə məsuliyyət daşımır. Amma gələcək üçün məsuliyyət daşıyır".
Sosial Demokrat Partiyasının xarici siyasət üzrə sözçüsü Rolf Mützenich deyib ki, qırğınların müharibə zamanı baş verməsi bunun soyqırım olmadığı mənasına gəlmir. O da Almaniyanın cinayətin iştirakçısı olduğunu vurğulayıb. Yaşıllar Partiyasının həmsədri, türk əsilli Cem Özdəmir də layihənin qəbuluna tərəfdar olduğunu söyləyib.
Çıxışlar 1 saat 15 dəqiqə davam edib. Baş nazir Angela Merkel, baş nazirin müavini Sigmar Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer başqa proqramları olduğu səbəbilə səsverməyə qatılmayıblar. Toplantını Türkiyənin Berlindəki səfirliyinin nümayəndəsi Gül Özgə Kaya da izləyib. İştirakçılar arasında Almaniyadakı erməni icmasının təmsilçiləri və erməni din adamları da olub.
Qətnamədə bildirilir ki, Almaniya parlamenti Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara qarşı 100 il öncə başlayan məcburi köçürülmə və qətliamın qurbanlarının xatirəsi önündə hörmətli əyilir: "O dövrün "gənc türklər" rejiminin təlimatı ilə 24 aprel 1915-ci ildə Osmanlı Konstantinopolisində 1 milyondan artıq etnik erməninin sistematik köçürülməsi və qətli başladı. Onların taleyi XX əsrdə yaşanan qorxunc kütləvi qətllərin, etnik təmizliklərin, köçürülmələrin və hətta soyqırımların bir örnəyidir".
Mətndə Osmanlının müttəfiqi Alman İmperiyasının yaşanan hadisələrdəki rolu "utancverici" olaraq qiymətləndirilir, bildirilir ki, Almaniya diplomatik nümayəndəliklərinin və missionerlərin xəbərdarlıqlarına baxmayaraq, Almaniya insanlıq əleyhinə bu cinayəti dayandırmayıb.
Sənəddə Osmanlıda yaşayan assuriyalılar, süryanilər və keldanilər kimi xristian azlıqların da soyqırıma məruz qaldığı iddia edilir, bu mövzunun Almaniyada dərs kitablarına salınması və gələcək nəsillərə çatdırılması tövsiyə olunur. Qeyd edilir ki, bu məsələ Almaniyada yaşayan türk və erməni əsilli vətəndaşların uyğunlaşmasına kömək edəcək. Almaniya hökumətindən isə Ermənistan və Türkiyə arasındakı uzlaşma cəhdlərini təşviq etmək və dəstəkləmək tələb olunur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin uydurma "erməni soyqırımı"nı tanımasına münasibət bildirib.
Keniyada səfərdə olan Ərdoğan baş nazir Binəli Yıldırımla əlaqə saxladığını və qərarla bağlı ilk addımı müəyyənləşdirdiklərini bildirib: "İlk addım kimi səfiri geri çağırdıq. Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcək. Geniş təhlil apardıqdan sonra addımlarızı müəyyənləşdirib, yekun qərar verəcəyik".
Türkiyə Baş naziri Binalı Yıldırım Almaniya parlamentinin qondarma erməni soyqırımını tanıması qərarını qınayıb. Baş nazir bu qərarı qəbuledilməz adlandırıb: "Səhv qərardır. Türkiyə bu qərarı heç vaxt qəbul etməyəcək. Bu millət keçmişi ilə fəxr edən millətdir. Bizim keçmişimizdə üz qaraldacaq, başımızı aşağı edəcək heç bir olay yoxdur. Türkiyənin Almaniyadakı səfirini geri çağırdıq. Atılacaq addımlarda tərəddüd etməyəcəyik. Bu millət heç kimdən əmr almayıb, heç kimə boyun əyməyib. Biz Allahın önündə əyilirik, millətimiz nə istəsə, onu edəcəyik". Baş nazirin müavini Numan Kurtulmuş da bu qərarı kəskin tənqid edib: "Almaniya parlamentinin "soyqırım" iddiasını qəbul etməsi tarixi səhvdir. Bu qərar iki ölkə arasında dostluq əlaqələrinə ciddi təsir göstərəcək. Bu məsələ siyasətçi və parlamentarilərin deyil, elm adamları və tarixçilərin nəticələri əsasında müzakirəyə çıxarılmalıdır. Türkiyə olaraq, hər platformada lazımi cavabı verəcəyik".
Azərbaycan Parlamentinin deputatları da Bundestaqın bu qərarına münasibət bildiriblər.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Rövşən Rzayev bildirib ki, Bundestaqın bu qərarı qərəzli və tarixə əsaslanmayan hadisədir: "Almaniyanın "erməni soyqırımı"nı tanıması Türkiyəyə qarşı qərəzli münasibətdən irəli gəlir. Burada şəxsi ambisiyalar əsas götürülüb. Cem Özdəmir Türkiyənin mövqeyini ifadə edə bilməz"
Deputat bildirib ki, Almaniya gerçək həqiqəti axtarırsa, tarixi faktlara əsaslanmalıdır: "Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanındadır. Bundan sonar da qardaşlarımıza dəstək olacağıq"
Millət vəkili, politoloq Rasim Musabəyov isə bildirib ki, bu heç bir əhəmiyyəti olmayan və vəziyyəti dəyişməyən qərardır. Politoloqun sözlərinə görə, Bundestaqın qərarı ölkələrin ikitərəfli münasibətlərinə xələl gətirəcək: "Bu qərar Türkiyəyə informasiya təzyiqi etmək üçün qəbul olunub. Türkiyə güclü və qüdrətli dövlətdir. Belə addımla Türkiyəni sarsıtmaq və qorxutmaq mümkün deyil. Amma bu ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Türkiyə buna soyuqqanlı yanaşmalıdır. Çünki Fransa, İtaliya bu qərarı qəbul etmişdi. Bununla nə əldə etdilər?
Onlarda olduğu kimi Almaniyanın da bu qərarının heç bir hüquqi nəticəsi olmayacaq. Bir müddətdən sonra belə bəyənatları yada salan olmur. Ermənilər bunu bayraq edib, bəlkə də bir ay özlərinə təsəlli verəcəklər".
Rasim Musabəyov qeyd edib ki, Almaniya Parlamentinin qərarı Merkel-Ərdoğan əlaqələrinə mənfi təsir edəcək: "Bundan sonra Angela Merkel Ərdoğana necə zəng edib, nəisə xahiş edəcək? Amma bundan sonra xahiş etməli çox şey olacaq. Almaniya Türkiyədən ehtiyat etdiyi üçün bu addımı atdı. Bu qərarı 50 il bundan qabaq da qəbul edərdilər. O zaman Türkiyədən ehtiyatlanmırdılar. Amma indi Türkiyədən çəkindikləri üçün belə bir addım atıblar. Türkiyə əvvəllər hansısa kredit üçün xahiş edirdi. İndi isə Türkiyə heç kimdən heç nə istəmir. Düşünürlər ki, bu kağız parçasını qəbul etməklə Türkiyəyə təsir edəcəklər. Bu ikitərəfli münasibətlərə mənfi təsir edəcək və pislik onların özünə qalacaq".