“Bu qərarı bütün türklərə qarşı çıxarıblar...” Siyasət

“Bu qərarı bütün türklərə qarşı çıxarıblar...”

Fazil Mustafa: "Səylər birləşdirilməlidir"

Əli Məsimli: "Almaniya Bundestaqının qətnaməsi Xocalı soyqırımını törədən, ana və uşaq qatilləri olan erməni faşizminə dəstəkdir"

Almaniya Bundestaqı 1915-ci il hadisələrini "soyqırım" olaraq tanıyıb. Məlumata görə, Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə qırıldığı iddia edilən və həmin hadisələri "soyqırım" kimi tanıyan qətnamənin bir nəfər əleyhinə çıxıb, bir nəfər isə bitərəf qalıb. Bundestaqın təsdiqlədiyi sənəddə bildirilir: "Birinci dünya müharibəsi illərində Osmanlı İmperiyası tərəfindən ermənilərn məhv edilməsi, erməni xalqının minillik tarixində böyük iz buraxmış dəhşətli faciə idi. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərə qarşı törədilmiş bu cinayəti soyqırım hesab edirlər". Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, bu qətnaməni qəbul etməklə Almaniya Bundestaqı erməni yalanlarına və tarixi saxtalaşdıranlara şəriklik edib: "Bundestaq nə məhkəmə, nə də hansısa araşdırma qurumu deyil. Hansı tarixi hadisələrin və ya proseslərin soyqırım kimi, yaxud da digər suç kimi qəbul edilməsi, ziddiyyətlidir. Birləşmiş Ştatlarda yüz minlərlə aborogen xalqlar-hinduları, Qərb müstəmləkəyə aldığı ölkələrdə on minlərlə insanı qətlə yetirib. Almanlar birinci və ikinci dünya müharibəsində təxminən 40 milyondan çox insanın həyatına bais olub. Əgər 1-ci cahan savaşında Osmanlı dövlətinin köçürmə ilə bağlı verdiyi qərar soyqırım adlanırsa o zaman Qərbin törətdikləri qətliamlar, kütləvi qırğınlar və köçürmələr də soyqırm sayılmalıdır. Bu absurd yanaşmadı. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci ildə qüvvəyə minmişdir) da soyqırım termininin hüquqi anlayışı və məsuliyyəti konkret öz əksini tapıb. Və soyqırımla bağlı iddialara yerli yaxud da beynəlxalq məhkəmələr baxaraq qiymət verir. Ermənilərin əlində ciddi və təkzibedilməz faktlar və sübutlar olsaydı çoxdan məhkəmələrə üz tutmuşdular. Lakin həmin
idialar saxta və yalan olduğundan bunun nə tarixçilər, nə də məhkəmələr tərəfindən araşdırılmasına nəinki maraq göstərmirlər, hətta maneçilik törədirlər." Əli Orucovun fikrincə, Almaniya Bundestaqının 1915-ci il hadisələrinin soyqırım kimi tanınması kəskin şəkildə qınanılmalı, Ankara ilə Bakı koordinasiyalı şəkildə addım atmalıdırlar:"Bu siyasi xarakterli qətnamədir və heç bir hüquqi təsiri yoxdur. Lakin məlum qətnamənin arxasında çirkli siyasi məqsədlər gizlənib. Təəssüflər olsun ki, "erməni soyqırımı" iddiaları əslində Türkiyəyə qarşı bir təzyiq aləti kimi istifadə edilir. Birdən-birə Alman Bundestaqının belə bir qətnaməni qəbul etməsi təsadüfi sayıla bilməz. Hesab edirəm ki, məqsədlərdən biri Türkiyə ilə Avropa Birliyi arasına imzalanan qnunsuz miqarantlarla bağlı razışmanın Ankaraya qeyd-şərtsiz qəbul etdirilməsi və qardaş dövlətin Avrointeqrasiyaya yolunu bağlamaqdır. Avropa Birliyində həlledici söz sahiblərindən olan Almaniya bu cür təsir vasitəsinə əl atmaqla Türkiyənin maraqlarını nəzərə almadan öz şərtlərini diqtə etdirmək istəyir. Eyni zamanda Ərdoğanın tutduğu ideoloji xətt və idarəçilik sistemi, həmçinin regionda güclənməsi və təsirinin artması Qərbi narahat etməyə başlayıb. Ona görə də hədəfdə Ərdoğanlı Türkiyənin uzun müddət qalması gözləniləndir və belə addımlar sonucu da olmayacaq. Baxmayaraq ki heç bir hüquqi mahiyyət kəsb etməsə də, bu qətnamə Azərbaycan üçün də təhlükəlidir". AMİP yetkilisi qeyd edib ki, bu Ermənistanın işğalçılıq niyyətlərinə və qonşu dövlətlərə qarşı yeni ərazi iddialarına düşmələrinə həvəsləndirəcək: "Ermənilər Azərbayacanla yanaşı Gürcüstana və Türkiyəyə qarşı ərazi iddiasını gizlətməyib. Nəticə etibarı ilə Alman Bundestaqı regionda, böyük bir coğrafi ərazidə sülh və əminamanlığa qarşı ciddi və real təhlükə yaradılmasına xidmət edən addım atıb. Çox keçməz ki, Almaniya parlamenti nə dərəcədə böyük yanlışlıq və tarixi xətaya yol verdiklərini anlayacaqlar".
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da Almaniya Bundestaqının məlum qərarını sərt tənqid edib: "Hərdən özünüzə bir sual verin Türkiyə nə cür addımlar atsaydı, Almaniya bəzi başqa Avropa ölkələri kimi saxta soyqırımı tanımaq barədə qərar çıxarmayacaqdı?. Bunun təqribi cavabı belədir ki, gərək Türkiyə, Almaniyanın dediklərini qulaqardına vurmayaydı. Bəli, Osmanlı İmperiyası 1915-ci ildə Kayzer Almaniyasının dediklərini qulaqardına vurmayıb onunla müttəfiq olaraq müharibəyə qoşulmuşdu və nəticədə dövlət olaraq tarixə qovuşdu. Almaniyanın bu dəfə də istədiyi eyni şey deyilmi? Əgər soyqırımın baş verməsi ilə bağlı Almaniyanın şübhəsi varsa, o zaman bunun bu işdə daha təcrübəli almanlarla birlikdə həyata keçirilməsi barədə iddialar ortaya çıxa bilər. Türklər açıq şəkildə soyqırım olmadığını bildirirlər, almanlar isə əminliklə söyləyirlər ki, soyqırım olub. O zaman bu "soyqırım"ı Osmanlının müttəfiqi olan Almaniyanın törədə biləcəyini niyə Türkiyə iddia etməsin? Almaniyanın o dövrün arxivlərini açmaması da belə bir şübhə üçün əsas verir. Demək ki, Osmanlı hökumətinin xəbəri olmadan alman hərbçiləri ermənilərə qarşı soyqırım həyata keçirmişlər. Hər halda diqqətəlayiq iddia ola bilər". Fazil Mustafa deyir ki, bəzi dərin siyasət biliciləri bu qərarı Türkiyə Prezidenti Ərdoğana qarşı atılmış addım kimi təqdim etməyə çalışırlar: "Ərdoğanın siyasət anlayışında qaneedici və ya tənqid oluna biləcək kifayət qədər məqamlar var. Ancaq tam əmin ola bilərsiniz, bu qərarı Türkiyəyə, Azərbaycana, digər tərəfdən bütün türklərə qarşı çıxarıblar və bütün türklər də bu qərarı əhəmiyyətsizləşdirmək üçün yaşadırları məkanlardan asılı olmayaraq səylərini birləşdirməlidirlər. Bizə də yaxşı dərs oldu ki, masanın arxasında oturan alman siyasətçisinə bundan o tərəfə elə erməni siyasətçisi kimi baxacağıq. Bax indi bu məqamda Türkiyənin ən sağduyulu addımı İsrail və Rusiya ilə münasibətləri bərpa ertmənin uğurlu variantlarını tapmaq olardı".
Millət vəkili Əli Məsimli də Almaniya Bundestaqında qondarma "erməni soyqırımı" ilə bağlı qəbul olunan qətnaməyə etiraz edib. Əli Məsimlinin fikrincə, qardaş Türkiyəyə təzyiq vasitəsi kimi ortaya atılan "erməni soyqırımı" adlı absurd teatrının növbəti komediyası iyunun 2-də Almaniya Parlamentində baş tutdu. Deputat qeyd edib ki, Almaniya Parlamentinin qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qətnamə həmin tarixi saxtakarlıq faktına Avropanın bir nömrəli ölkəsi olan Almaniyada onun parlamenti səviyyəsində münasibətin bildirilməsi təəssüf doğurur: "İndiyədək qondarma "erməni soyqırımı" kampaniyasına qoşulmuş digər ölkələrdə olduğu kimi bu qətnamə də əslində heç bir tarixi və hüquqi əsası və deməli reallaşma mexanizmi, Türkiyə üçün heç bir təsir gücü olmayan əhəmiyyətsiz, amma qərəzli bir kağız parçasıdır. Bu qətnamə ilə genosidin ən dəhşətli nümunələrinin daşıyıcısı olan Almaniya özünü həmin kampaniyada iştirak edən digər ölkələrlə müqayisədə ikiqat urvatsız etdi. Bu qətnamə Türkiyənin getdikcə artan gücündən, onun perspektivlərindən qorxuya düşən və sən demə içərilərində daşımağa davam etdirdikləri faşizmin Xocalı soyqırımını törədən, ana və uşaq qatilləri olan erməni faşizminə dəstəyidir. Bir qədər aşağı, bir qədər yuxarı olmaq şərtilə, Almaniya Avropa üçün Amerikanın dünya üçün oynadığı rolu oynayır. Almaniya öz çəkisinə heç cür uyğun gəlməyən belə ucuz bir kampaniyaya qoşulub, öz düşüncəsiz addımı ilə özünə böyük ziyan vurdu, nüfuzuna xələl gətirdi, ölkədaxili gərginliyə yeni amil qoşdu. Almaniya həmin qətnamə ilə özünü Türkiyə və Azərbaycan ictimaiyyətinin bu ölkəyə münasibətdə formalaşmış xoşməramlı münasibətini müsbətdən mənfiyə dəyişdirməkdədir. Bu qətnamənin qəbulu Türkiyə ilə Almaniya arasında siyası münasibətləri xeyli zədələdi, bəlkə də humanitar və iqtisadi münasibətlərə də mənfi təsir edəcək. Bu qətnamə ikili standartın yeni nümunəsi olmaqla, həm də Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına davamlı xarakter verilməsinə xidmət edir". Əli Məsimli hesab edir ki, bu qətnamə qondarma "erməni soyqırımı"nın növbəti komediyalarına yeni nəfəs, impuls verə bilər: "Qondarma "erməni soyqırımı"nın növbəti komediyalarının əhəmiyyətsiz aksiyalara çevirməkdən ötrü, bu məsələyə soyuq başla zəruri tədbirlərin birləşdirilməsi yönümündən yanaşıb, türk dövlətlərinin və diasporunun birgə fəaliyyətinin və fəallığının artırılması lazımdır".