“Putinsiz münaqişənin çözülməsi qeyri-mümkün olacaq” Siyasət

“Putinsiz münaqişənin çözülməsi qeyri-mümkün olacaq”

Zahid Oruc: "Rusiyanın hərbi və siyasi cəhətdən Qafqazda tarix boyu oynadığı rol bunu deməyə əsas verir"

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə 3 tərəfli görüşü keçirilə bilər. Rusiya mediasının yaydığı məlumatlara görə, görüş iyun ayının sonlarında planlaşdırılır. Bəs bu görüş münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinə necə təsir göstərəcək? Bu məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Zahid Oruc deyib ki, baxmayaraq ki, Rusiya KİV-lərində belə xəbərlər yayılır, tam sona qədər hər 3 tərəflə razılığın əldə olunduğunu söyləmək mümkün deyil. Deputatın fikrincə, bunu aydın şəkildə görmək mümkündür ki, Parisdə keçiriləcək görüşləri qabaqlamaq üçün hansısa plan mövcuddur: "Ancaq aprel ayındakı 4 günlük döyüşlər, onun genişlənməsinin qarşısının alınması üçün Rusiyanın rolu, eləcə də Rusiyanın hərbi və siyasi cəhətdən Qafqazda uzun tarixboyu oynadığı rol onu deməyə əsas verir ki, Putinsiz münaqişənin çözülməsi qeyri-mümkün olacaq".
Zahid Oruc qeyd edib ki, Qərb qüvvələri 4 günlük hərbi əməliyyatların gedişinə yalnız bəyanatlar vasitəsilə təsir göstərməyə çalışdılar. Və 5 apreldən başlayaraq bir neçə dəfə ABŞ dövlət katibi Con Kerrinin, sonra ABŞ-ın vitse-prezidenti Jozef Baydenin Azərbaycan və Ermənistan prezidentlərinə telefon zəngləri oldu.
Millət vəkilini sözlərinə görə, bu onun sübutu idi ki, Avropa dairələri prosesdən kənarda qalmaq istəmirlər: "Əgər 5 apreldə yalnız Putinin real təsiri ilə tanklar, toplar susursa, hər 2 tərəf Rusiyanın iradəsini qəbul edirsə bu o deməkdir ki, ABŞ-ın və ya Fransanın qoşunları Qafqazda yoxdur ki, bu vasitə ilə kimsə düşünsün ki, bölgədə elə tematik vəziyyətdir ki, bir neçə beynəlxalq qrup burada real hərbi cəhətdən savaşa bilər. Məsələn Suriyadakı kimi".
Deputat bildirib ki, Qərb təşəbbüsü ələ götürərək çalışdı ki, Vyanada müxtəlif vasitələrlə Azərbaycan və Ermənistanın diqqətini özünə cəlb etsin, ən yaxşı həll reseptinin onlarda olduğunu söyləsin: "Ancaq açıq deməliyəm ki, hətta Parisdəki görüş Rusiya planının–yəni yenilənmiş Kazan prinsiplərinin müzakirəsi ətrafında da olsa, həm Strasburqdan, həm Brüsseldən, həm Vaşinqtondan görünən mövqe bundan ibarətdir ki, Qərb Putin planını əngəlləmək üçün bütün təxribatlarını işə salmağa hazır olacaq. Bu dəqiqdir".
Ona görə də bu 3 tərəfli görüşün reallığına və Ermənistan tərəfindən irəli sürülən iddiaların Putin vasitəsilə neytrallaşdırılacağına və Azərbaycanın mövqeyinin daha çox qəbul olunacağına inandığını deyən Z.Oruc vurğulayıb ki, hazırkı dövrdə Bakı və Moskva arasında münasibətlər bəlkə də ötən 100 ildə ən yaxşı vəziyyətinə gəlib çatıb: "Bununla bərabər Rusiyanın elitası yaxşı hesablayır ki, Azərbaycan hansısa Qərb koalisiyalarında yer alaraq anti-Rusiya blokuna qoşulmayıb. Bu regiondan həmin ölkə əleyhinə təhlükə gözlənilmir. O cümlədən, Qarabağ nə Türkiyənin, nə də Qərbin gələcəkdə hərbi bazası olmayacaq. Belə olan təqdirdə münaqişəni əvvəlki vəziyyətində saxlamaq mümkün deyil".
Zahid Oruc 3 tərəfli görüş keçirilərsə, onun reallığına və Qarabağ məsələsi üçün mühüm həll planlarının işə düşəcəyinə inandığını vurğulayıb: "Düzdür, onu da ehtimal edirəm ki, əgər Putin tərəfindən Ermənistana elə bir əmr verildiyi təqdirdə, orada siyasi situasiya bir az da gərginləşəcək və mümkündür ki, Sarksiyanı hakimiyyət devirsinlər. Məncə elə onun hazırkı dövrdə iqtidarı bundan ötrü mövcuddur. Bu görüş baş verəcəksə, əlbəttə Qərb orada özünü iştirakçı kimi göstərəcək, amma çalışacaq ki, ya Bakının ya da İrəvanın vasitəsilə Putini planını əngəlləsinlər".
Zahid Oruc həmçinin Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında saziş imzalamasından da danışıb. O, deyib ki, Ermənistan özünə strateji tərəfdaş, dost hesab etdiyi istənilən dövlətlə öz hava məkanı, yəni 28 min kvadrat kilometrlik hava ərazisi üzərində Raket Əleyhinə Müdafiə Sistemi qura bilər və ölkəmiz bundan narahat deyil: "Lakin indiki reallıqda Rusiya Ermənistanı havadan qorumaq istəyərkən təhlükənin Azərbaycandan qaynaqlandığını düşünmək qətiyyən doğru olmazdı".
Deputat qeyd edib ki, Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalmasına baxmayaraq, biz müharibəni hazırkı reallıqda məhz Qarabağda və digər işğal olunmuş torpaqlarımızda aparırıq. Lakin bununla bərabər bəzən Qazax-Tovuz ərazisindən, eyni zamanda Naxçıvandan bu təhlükələr müxtəlif dövrlərdə hiss olunub: "Ermənistanla bütün sərhəd zolağı boyunca təhlükə proporsional paylanmayıb. Bəzi yerdə onlar hərbi-taktiki cəhətdən bizim gücümüzü özlərinə qarşı yönəltmək üçün daha böyük təxribatlar törədib, Azərbaycanın hərbi imkanlarını parçalamağı hədəfləyiblər".
Müsahibimiz bildirib ki, Gümrü və onun istehkamlarının başlıca hədəfinin Qərbə qarşı olduğunu açıq demək lazımdır: "Ermənilər zamanla düşünürdülər ki, bu hərbi baza onların müdafiəsi üçün ən yaxşı çətirdi. İndi isə əksinə, qiymətləndirənlər var ki, bu, öz-özlüyündə təhlükəsizlik amilindən çox təhlükə faktoruna çevrilib. Çünki bir çoxları hesab edir ki, Ermənistan bir cinah kimi səngərə çevrilirsə, o, Rusiyanın oradakı bazasına görə Qərbin və Türkiyənin istənilən vaxt hücumunun əsas hədəfinə tuş gələ bilər. Ona görə də heç şübhəsiz ki, burada Rusiya tərəfinin başlıca niyyəti Ermənistan üzərindən öz mənafelərini Qafqazda qoruyub saxlamaqdır. Bu da başadüşüləndir. Azərbaycan bu mövqedən ötrü rəsmi Moskva ilə münasibətlərini qətiyyən korlamayıb. Biz dəfələrlə bəyan etmişik ki, müharibəni İrəvanda aparmaq istəmirik.
Hətta, Qarabağ erməniləri də yaşadıqları ərazilərdə öz yaşayışlarına davam edə bilərlər. Ancaq Ermənistan əsgəri gəlib Laçında, Cəbrayılda, Füzulidə özünə hansısa bir səngər qazacaqsa, bu, mütləq onun üçün qəbir yerinə də çevriləcək. Belə olan təqdirdə Qarabağı hər hansı bir şərtlə Ermənistanın hava məkanının tərkib hissəsinə çevirmək də cinayət olardı. Düzdür, coğrafiyalar üzərində tankları, topları yerləşdirmək olur. Amma hava məkanında səngər qazmaq mümkün deyil.
Ona görə də düşünürəm ki, Azərbaycan istənilən şəraitdə vaxtilə Xocalıda tikilmiş hava limanının işləməsinə, onun Ermənistanla digər əlaqələrinin qurulmasına, həmin təyyarələr vasitəsilə ora müxtəlif yüklərin daşınmasına və sair məsələlərə kəskin etirazını bildirməlidir. Bugünki reallıqda da Türkiyə-Azərbaycan əlaqələri də o səviyyədədir ki, bizim üçün hazırkı dövrdə əsas hədəf Ermənistanın hava məkanından daha çox Qarabağdır. Müharibənin aparılmasının dəqiqi hədəfləri, məkanı bəllidir. Azərbaycanı hansısa provokasiyaya çəkmələrinə baxmayaraq bu gün Ermənistan özü belə dərk edir ki, öz səmasını Rusiyaya təslim etməklə artıq Ermənistanın göyləri də tutulmaqdadır.
Ermənistanın faktiki olaraq yer məkanında onsuz da əlindən vermədiyi bir mühüm strateji obyekti qalmamışdı. Hesab edirəm ki, bu, hazırkı Rusiya-Azərbaycan münasibətləri kontekstində bizim əleyhimizə işləmir. Mən anlayıram ki, ölkəmizdə Rusiyanın keçmiş siyasətlərinə görə hər bir şəkildə hər zaman bu addımlardan ehtiyatlılığımızı nümayiş etdirmişik. Lakin bir daha vurğulamaq yerinə düşər ki, bu gün ən önəmli məsələ Rusiya tərəfindən Qarabağ məsələsində obyektiv, müəyyən qədər neytral, balanslı bir mövqenin tutulmasıdır. Bu da erməniləri hiddətləndirib. Ona görə də biz müharibəni onların göylərində aparmazdan öncə Qarabağı öz nəzarətimizə qaytarmaq istəyirik".