“Zaxarova ermənipərəst adamdır” Siyasət

“Zaxarova ermənipərəst adamdır”

Qüdrət Həsənquliyev: "Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu xanıma başa düşdüyü şəkildə layiq olduğu səviyyədə cavab verməlidir"

"Ziyad Səmədzadənin təklif etdiyi dəyişikliklər müsbətdir və ona səs verəcəyəm". Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin son növbədənkənar plenar iclasında deyib. Millət vəkili daha sonra Rusiya Xarici Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun açıqlamasını təkzib etməsinə münasibət bildirib: "Oqtay müəllim, cari məsələlər olmadığına görə istəyirəm ki, bir neçə cümlə ilə çox vacib bir məsələyə münasibət bildirim. Ruslarda bir gözəl ifadə var: "durnaya jenşina". Amma mən rəsmi statusunu nəzərə alıb bu sözü onun barəsində səsləndirmirəm". Millət vəkili Rusiya XİN sözçüsünün Azərbaycan Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədovun dediklərinə reaksiyasından bəhs edib: "Amma görünür ki, bu arvad özünün kimliyini, hansı rəsmi status daşıdığını unudub. Əslində onun bu əsəbi reaksiyası göstərir ki, Novruz Məmmədov həqiqəti söyləyib və bu danışıqlar ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir və ona görə də danışıqlarla bağlı açıqlamaya belə reaksiya verib. Görünür Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı Novruz müəllimin söylədikləri düzdür ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri belə aqressivləşib. Hansı ki, faşist olan və sovet vətəndaşlarının qətlində əlində silah birbaşa iştirak edən Qaregin Nijdeyə abidə qoyulması ilə bağlı verilən sualın cavabında bu arvad cavabında demişdi ki, "bu, bizi təəccübləndirir ki, Ermənistan niyə belə iş görür". Fərqə baxın! Bu, onu göstərir ki, Zaxarova özü ermənipərəst bir adamdır. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu xanıma başa düşdüyü şəkildə layiq olduğu səviyyədə cavab verməlidir".