

Qarabağlı separatçıların lideri Araik Arutyunyanın dünən istefa verməsi və Samvel Şahramanyanı "dövlət naziri" təyin etməsi ümumi vəziyyəti daha da gərginləşdiəcək amil sayıla bilər.
Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət etdiyi məkanlardakı erməniləri idarə edən xuntada indi dəyişiklik gedir. Kabinetlərin sahibləri otaqları tərk edir, onların yerini yeni fiqurlar tuturlar.
Adi, orta statistik qarabağlı ermənini bu proses zahirən maraqlandırsa da, onu düşündürən əsas məsələ gələcəyi və ümumiyyətlə, perspektivlədir.
Bundan sonra nə olacaq, proseslər hansı məcrada cərəyan edəcək, Azərbaycan cəmiyyətinə reinteqrasiya nə zaman başlayacaq və ümumiyyətlə başlayacaqmı? Ən əsas sual isə hərbi əməliyyatların yenidən başlanma riski ilə bağlıdır.
İllüziyalar və romantikanı bir kənara qoysaq, görərik ki, qarabağlı ermənilərin yetkinlik yaşına çatmışları arasında istisnasız olaraq hamısı Ermənistan pasportu daşıyırlar. Yəni de-yure Ermənistan vətəndaşlarıdır.
Onların da total əksəriyyəti separtizm ideyalarının daşıyıcıları, Azərbaycan vətəndaşı olmaq istməyən, şüurları «miasum» və «Karabax merna» idefiksləri ilə zəhərlənmiş insanlardır.
Reinteqrasiya prosesinin şərtləri çox sadədir: Azərbaycan pasportunu alaraq vətəndaşlığımızı qəbul edənlər qalacaq, etməyənlər getmək labüdlüyü ilə üzləşəcəklər.
Ermənistanın hakimiyyət dairələri böyük sayda qarabağlı erməninini köçkün qismində qəbul etməyə hazırdır? Düşünmürük. Daha doğrusu, hadisələrin belə inkişaf variantı rəsmi İrəvan üçün ən arzuolunmaz ehtimaldır. Qarabağlı ermənilərin Ermənistana üz tutacaq kəsimi qonşu ölkədə «qarabağlılar» adlandırılan və yerli ermənilərin sözdə dəstəklədikləri, əslində nifrət etdikləri düşərgəni daha da gücləndirəcəklər.
Həmin düşərgənin güclənməsi isə sabiq prezidentlər, əslən qarabağlı ermənilər olan Robert Köçəryanla Serj Sarqsyanın imkanlarını daha da artıracaq və beləcə, baş nazir Nikol Paşinyan hələ məruz qalmadığı açıq müqavimətlə sərt təzyiqin nə olduğunu hiss edəcək.
Nikol Paşinyan diplomatiyada və strategiyada bisavad olsa da, intriqalarda və hakimiyyəti əldə saxlamaq yollarının aranmasında ustadır. O gözəl anlayır ki, Azərbaycana reinteqrasiyadan boyun qaçıraraq Ermənistana yollanacaq ermənilər hakimiyyətdəki mövcud siyasi qrupa nifrət edən, sözügedən qrupu devirməyə çalışan radikallara qatılacaqlar.
Qarabağı Azərbaycanın tərkib hissəsi qismində tanıdığını bəyan etməklə Nikol Paşinyan ermənilər arasındakı revanşistləri, radikalları və daşnakları özünə düşmən edib.
Onlar rəsmi İrəvanı faktiki olaraq qarabağlı ermənilərdən imtina etməkdə suçlayırlar.
Bölgədəki vəziyyətsə gerçəkdən də, mürəkkəbdir.
Fransanın liderlik etdiyi, spontan yaranmış “Ermənistana dəstək dəstəsi”nə qatılan Yunanıstan və Hindistan indi Ermənistanı silahlandırmaq, siyasi və maliyyə dəstəyi verərək qismən də olsa gücləndirmək istəyirlər. Məqsəd ermənilər arasında Qərbə meylli fərdlərin sayının artırılması, Rusiyanın bölgədəki mövqelərinin zəiflədilməsidir.
Rusiya Federasiyası hakimiyyətinin əsas diqqəti Ukraynadakı hərbi əməliyyatlara yönəldiyindən Fransa-Hindistan-Yunanıstan triosu mövcud vəziyyəti fürsət bilərək məqsədlərinə çatmaq üçün istisnasız olaraq bütün vasitələrdən istifadə edirlər.
Məhz bəhs etdiyimiz proseslərin səbəbidir ki, ermənilər aqressivləşiblər, sülh danışıqlarında süni maneələr yaradırlar, rusiyalı sülhməramlıları söyürlər, döyməyə çalışırlar və ümumiyyətlə, “sonadək mübarizə aparacağıq” deyirlər.
Ermənilər hələ də dərk etmirlər ki, onların ən böyük, fəlakətli problemi hamının onlara borclu olduğunu, “böyük dövlət”lərin ermənilərə mütləq tam dəstək vermək məcburiyyətini əbədi hiss etmələrini düşünmələridir.
Halbuki ermənilər kimsəyə gərək deyil. Ermənistan və ermənilər Robert Köçəryanla Serj Sarqsyanın hakimiyyətləri dönəmlərində də beynəlxalq münasibətlərin və geosiyasətin obyekti yox, subyekti idilər. İndi də belədir - statusları dəyişməyib.
Hazırda ermənilərdən vasitə kimi istifadə edən Fransa və Hindistan gec də olsa, anlayacaqlar ki, bu etnosa stavka etmək, ona güvənmək və etibar etmək strateji yanlışlıqdır, çünki xəyannət və satqınlınla üzləşmək ehtimalı 100 faiz səviyyəsindədir.
Qarabağlı ermənilərin guya məruz qaldıqları “humanitar fəlakət və aclıq”la bağlı BMTİ-nin Təhlükəsizlik Şurasında təkrar müzakirələrə və bu dəfə Azərbaycana qarşı yönəlmiş qətnamənin qəbuluna nail olmağa çalışan Fransa isə bəyanatlarına, vədlərinə və açıqlamalarına rəğmən, vəziyyətə heç bir real təsir imkanlarına malik deyil.
Xankəndidə baş verən hadisələrə gəldikdə isə, Araik Arutyunyanın istefası, daha doğrusu, təcili geri çəkilməsi Robert Köçəryan və Serj Sarqsyanın qarabağlı ermənilər arasındakı tərəfdarları ilə Rusiyanın Xankəndinə ezam etdiyi Ruben Vardanyanın dəstəsinin sərt təzyiqləri ilə bağlıdır.
Xankəndidəki xuntanın yeni rəhbəri Samel Şahramanyan “sabiq”lərin adamları, Vardanyanın dəstəsi və daşnakların birgə, təmərküzləşmiş qüvvələrinin təmsilçisidir.
Şahramanyanın «dövlət naziri» olması qarabağlı erməni separatçılarının mövqelərində radikallıqla aqressivliyin artmasına təkan verəcək.
Zatən Köçəryan-Sarqsyan dueti və Vardanyan 2020-ci ildə Nikol Paşinyanın seçimi ilə təyinat almış Araik Arutyunyanın istefasını aşkar qələbələri sayırlar.
Onlar “sonadək mübarizə” strategiyasını seçərək Azərbaycan Ordusuna qarşı silahlı təxribatları, mövqelərimizin atəşə tutulmasını rutin oalaylara çevirməyə çalışacaqlar.
Xankəndidəki xunta ilə rəsmi İrəvan arasında münasibətlər isə daha da gərginləşəcək, çünki Ruben Vardanyanla daşnaklar Araikin istefasından ruhlanaraq yeni proseduru Nikol Paşinyana qarşı təkrarlamaq niyyətlərini gizlətmirlər.
Sadalanan məqamlardan dolayı, Paşinyanı xəyanətdə, yarıtmazlıqda, qorxaqlıqda və bacarıqsızlıqda suçlayan ermənilərin sayı daha da artacaq, onlar fəallaşacaqlar.
Çünki Robert Köçəryan və Serj Sarqsyan 2018-ci ildəki məğlubiyyətin intiqamını almağa çalışırlarsa, Ruben Vardanyan Ermənistanda hakimiyyətə gəlməyə can atır.
Fransa prezidenti Emmanuel Makronun göstərişi və təlimatları əsasında Rusiya ilə münasibətləri bilərəkdən gərginləşdirən Nikol Paşinyan onu da anlayır ki, Araik Arutyunyanın istefaya vadar edilməsinin arxasında məhz Moskva durur.
Moskvanın məqsədləri isə məlumdur: Ermənistanda anti-Rusiya meyllərinin zəiflədilməsi və Rusiyanın mövqelərinin güclənməsi, Qərblə Azərbaycan arasında münasibətlərin sərinləşməsi, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmaması, rusiyalı sülhməramlıların 2025-ci ildən sonra da Qarabağda qalmalarının təminatı.
Nikol Paşinyan qarabağlı ermənilərin aktivləşən qüvvələrinin qarşısını təcili şəkildə almazsa, ilkin olaraq İrəvan meri postuna seçkilərdə müxaliflərinin qələbəsi və Rusiyanın idarə etdiyi düşərgənin güclənməsi ilə üzləşəcək.
Ermənistanın indiki “iqtisadi uğurları” bilavasitə Rusiyanın sanksiyalardan yayınmasına yönəlmiş təkrar ixrac və Rusiya şirkətləri ilə vasitəçilik əməliyyatlarına borclu olduğundan, “Şimal hamisi” ilə münasibətləri korlamamaq və böyük gəlir mənbəyini itirmək istəməyən erməni biznes elitası da indi dəstəklədikləri Paşinyana arxa çevirə bilərlər.
Göründüyü kimi, vəziyyət gərginləşir. Lakin Azərbaycan yoluna davam edir və problemin həllinə addım-addım yaxınlaşır.
Bakıya qarşı çıxan və çıxmağa hazırlaşan qüvvələrə rəğmən…