“Ermənistanın sülh sazişinə dair dəyişməyən istəkləri var” Siyasət

“Ermənistanın sülh sazişinə dair dəyişməyən istəkləri var”

Asif Nərimanlı: “Azərbaycan daxilində “etnik problem”i saxlamaq, məsələni “hüquqi münaqişə” müstəvisinə daşımaqdır”

“Moskva Bakının istəyini qəbul etmədən Laçın yolunun yüklər üçün açılmasının mümkünsüz olduğunu da anlayır. Buna görə Laçın və Ağdam yollarının paralel açılmasını irəli sürür. Ağdam yolu açılacaqsa, Bakı ilə erməni əhalisinin təmasları qaçılmaz olacaq. Bu halda Bakı ilə danışıqlara erməni əhalisinin “təmsilçisi” kimi separatçıların nümayəndəsini daxil etməyi planlaşdırırlar və məqsəd separatçıları de-fakto “tərəfə” çevirməkdir”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Asif Nərimanlı deyib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirib.
- Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına dair müəyyən gözləntilər olsa da, İrəvanın qeyri-konstruktiv mövqeyi müşahidə olunur. Sərəddə baş verən təxribatlar, eləcə də Nikol Paşinyanın son açıqlamaları sülhdən uzaq olduqlarını göstərdi. Ermənistanın mövqeyi niyə dəyişir, nəyə nail olmaq istəyirlər?
- Ermənistanın sülh sazişinə dair dəyişməyən istəkləri var. Bu, Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyi adı altında Azərbaycan daxilində etnik problemi saxlamaq, məsələni “hüquqi münaqişə” müstəvisinə daşımaqdır. Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Qarabağa dair iddialarını bu kontekstdə davam etdirmək niyyətindədirlər. Lakin bu, rəsmi Bakı üçün qəbuldilməzdir, həm Qərb, həm Rusiya masasındakı danışıqlarda da Azərbaycanın güclü tərəf olması İrəvanın bu planlarının baş tutmasının qarşısını alır. Danışıqlar prosesinin inkişafına baxdıqda görürük ki, Ermənistanın cəhdləri baş tutmadı və artıq bölgədə iştirakçı olan oyunçular da ondan ərazi bütövlüyünün tanınmasına dair şifahi bəyanatın rəsmiləşdirilməsini istəyirlər. Paşinyanın kartları qarışdırmağa hesablanmış son açıqlamasının səbəblərindən biri budur. Ermənistanın məqsədi danışıqlar masasındakı vəziyyəti dəyişdirmək, Qarabağa dair iddialarına beynəlxalq dəstəyi əldə etmək və sülh sazişi prosesində maraqlarını təmin etməkdir. Bunun üçün Qarabağda “humanitar fəlakət” iddialarını beynəlxalq müstəviyə daşıdılar, lakin BMT Təhlükəsizlik Şurasında nəticə əldə edə bilmədilər. Çünki Qarabağ Azərbaycan ərazisi olaraq beynəlxalq hüquqda tanınır və burada baş verənlərə müdaxilə imkanı hüquqi baxımdan çətindir, digər tərəfdən, Rusiyanın bölgədəki maraqları Moskvanı bunu bloklamağa vadar edir. Bu vəziyyətdə Ermənistana hədəfinə nail olmaq üçün sərhəddə toqquşmalar lazımdır. BMT Təhlükəsizlik Şurasına təqdim etdikləri məsələ də ötən ilin sentyabr döyüşləri ilə bağlı idi, Qarabağ iddialarını bunun üzərindən irəli sürürdülər, indi də sərhəd toqquşmasını təzələmək və bunun üzərindən hərəkət etmək istəyirlər. Fransa bu prosesdə əsas dəstəkçi olaraq çıxış edir. Sülh gündəliyinin arxa plana keçməsi, Paşinyanın Azərbaycana qarşı ərazi iddialarını yenidən dilə gətirməsinin məqsədi budur.
Burada Ermənistanın daxili siyasəti də müəyyən qədər rol oynayır. Çünki Qarabağda Araik Arutyunyanın istefasından sonra Koçaryan-sarkisyan qruplaşması, yəni keçmiş “Qarabağ klanı” separatçı rejimi ələ alır və əsas hədəf Qarabağ üzərindən Ermənistan siyasətini dizayn etmək, hakimiyyəti ələ almaqdır. 90-cı illərin ssenarisini yenidən təkrarlamaq niyyətindədirlər. Paşinyan daxili atmosferin ən azından tam əleyhinə çevrilməməsi üçün də Qarabağ məsələsi üzərində dayanır.
- Bu vəziyyət regionda yeni toqquşmalara yol aça bilərmi?
- Sülh sazişi gündəmdən uzaqlaşdıqca gərginlik ön plana çıxır, xüsusilə Ermənistanın təxribatları fonunda. Artıq prosesləri hansı istiqamətə aparmaq istədikləri aydın görünür. Fransa BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim etməyə hazırlaşır, lakin qeyd etdiyim kimi, “arqumentləri”ni gücləndirmək və nəticə əldə etmək üçün sərhəddə yeni toqquşmalara ehtiyacları var. Məqsəd Azərbaycanı “hücum edən tərəf” kimi göstərməkdir. Sentyabrın 1-də ilk cəhdlərini etdilər, istisna deyil ki, belə cəhdləri davam edəcək.
- Sərhəddə təxribatların baş verdiyi vaxt Qarabağda nələr gözlənilir?
- Ermənistan sərhəddə təxribatlara davam etdiyi vaxt separatçılar da Qarabağda analoji addımlar ata bilərlər. Separatçıların məqsədi Ağdam-Xankəndi yolunu bloklamaq və Laçın yolunun yüklər üçün açılmasına nail olmaq, erməni əhalisinin reinteqrasiyasının qarşısını almaq, bir sözlə, öz mövcudluqlarını qoruyub saxlamaqdır. BMT Təhlükəsizlik Şurasında növbəti müzakirələr keçirilərsə, bu sərhəd toqquşmları üzərindən Qarabağdakı “humanitar fəlakət” olacaq. Separatçılar təxribat törətməklə Qarabağda eskalasiya yarada, bununla Azərbaycan “erməniləri qətlə yetirir” iddialarını irəli sürə bilərlər. Bütün bunlar eyni oyunun tərkib hissəsidir.
- Araik Arutyunyanın “istefası”nın arxasında hansı səbəblər dayanır, bu Xankəndindəki proseslərə necə təsir edə bilər?
- Araik “Qarabağ klanı”nın nümayəndəsi olsa da, Nikol Paşinyanla daha çox işləyirdi və Ağdam-Xankəndi yolunun açılması məsələsinə nə qədər etiraz etsə də, buna razılaşmağa məcbur olacağı gözləntisi var idi. Belə demək mümkünsə, o, zəif fiqur kimi sıradan çıxarıldı. Bununla Ermənistan hakimiyyətinin separatçılar üzərindəki təsiri zəiflədildi, “Qarabağ klanı”nın və onların arxasındakı Rusiyanın əli gücləndi. Lakin burada Ağdam-Xankəndi yolunun açılması məsələsi də fikrimcə həlledici amillərdən biridir. Çünki Laçın yolunun yüklər üçün bağlı qalması Fransanın timsalında digər oyunçuların bölgəyə müdaxiləsinə zəmin yaradır ki, Rusiya bunu istəmir. Hərçənd, Moskva Bakının istəyini qəbul etmədən Laçın yolunun yüklər üçün açılmasının mümkünsüz olduğunu da anlayır. Buna görə Laçın və Ağdam yollarının paralel açılmasını irəli sürür. Ağdam yolu açılacaqsa, Bakı ilə erməni əhalisinin təmasları qaçılmaz olacaq. Bu halda Bakı ilə danışıqlara erməni əhalisinin “təmsilçisi” kimi separatçıların nümayəndəsini daxil etməyi planlaşdırırlar və məqsəd separatçıları de-fakto “tərəfə” çevirməkdir. Bunu Araik edə bilməzdi, onu göndərib yerinə faktiki olaraq Samvel Şahramanyanı gətirdilər. Şahramanyan Xocalıda keçirilən ilk görüşdə iştirak etmişdi. İstisna deyil ki, Araikin istefası və Şahramanyanın gəlişi Ağdam yolunun açılması fonunda aparılacaq danışıqlara hesablanıb. Bu səbəblərdən biridir. Digər səbəb Qarabağ məsələsi üzərindən Ermənistan siyasətinə təsir etməkdir. İstisna deyil ki, Rusiya Xankəndindəki proseslər üzərindən İrəvandakı siyasəti dizayn etməyi planlaşdırır.
- Bu vəziyyətdə Azərbaycan hansı addımları ata bilər?
- Rəsmi Bakının Ağdam-Xankəndi yolunun açılması istiqamətində israrlı mövqeyinin davam edəcəyi, nəticədə buna nail olacağı gözləntisi böyükdür. Bu marşrut açılarsa, Laçın yolundan yüklərin keçidinə də icazə verilə bilər, lakin sonrakı dövrdə əsas yük daşımaların Ağdam-Xankəndi marşrutu üzrə aparılması istiqamətində addımların atılacağı ehtimalı da böyükdür. Mövcud vəziyyətdə erməni əhalisi üzərində separatçıların təsir imkanlarını nəzərə alsaq, aparılacaq danışıqlarda onlara alternativin tapılması çətinliyi də ortadadır. Bu baxımdan, rəsmi Bakının şərtləri çərçivəsində danışıqların müəyyən dövr üçün onların “nümayəndəsi” ilə aparılması da istisna edilməməlidir, lakin bütün müzakirə Xankəndi və ermənilərin yaşadığı digər ərazilərdə mərkəzi hakimiyyətin bərpası və erməni əhalisinin reuinteqrasiyası üzərində olacaq. Bütün bunların fonunda Qarabağdakı qanunsuz silahlı dəsgtələrin zərərsizləşdirilməsi, separatçıların hərbi mövqelərinin sıradan çıxarılması istiqamətində praktiki addımlar da daim gündəmdədir.

Əli