“Artıq Müsvat partiyası çox zəif bir durumdadır” Siyasət

“Artıq Müsvat partiyası çox zəif bir durumdadır”

Niyaməddin Orduxanlı: "Müsavat Partiyasında bu gündən sonra da qalmaq vaxt itkisindən başa bir şey deyil..."

Ehtiram Mehdiyev: "Bu adamlar şəxsi çıxarları üçün hər kəsi ayağından asmağa hazırdırlar"

Bu gün siyasi səhnədə durğunluq olsa da Müsavat Partiyası sükutu pozub. Artıq bir neçə gündür ki, olay medianın gündəmindən düşmür. "Yeni Müsavat"çılarla Müsavat başqanı Arif Hacılı arasında baş verən qarşıdurmadan sonra qəzetçilər partiyadan istefa verib. Bir sıra siyasilər məsələnin bu səviyyəyə gəlib çatmasında və Müsavatın zəifləməsində başqan Artf Hacılını günahlandırılar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksioneri Niyaməddin Orduxanlı "Müsavat Partiyasından ölkənin tanınmış jurnalistləri- Azər Ayxan, Elşad Paşasoy, Ələsgər Süleymanov Etibar Seyidağa və digər şəxslərin istefa verməsi onun göstəricisidir ki, bu təşkilat tam iflasa uğrayıb. Adını çəkdiyim insanlar həyatlarının 20 ildən çoxunu bu partiyaya sərf ediblər və bu partiyanın inkişafına yönəldiblər. İnsanların bu qədər əziyyətinin müqabilində partiyanın rəhbərliyində olan şəxslər çox asanlıqla xətt çəkirlər",- deyə bildirdi: "Rauf Arifoğlu Müsavat Partiyasının bərpası ilə bağlı yaradılan ilk 10 nəfərdən biri olub. 25 il ərzində bu partiyaya çox böyk xidmətlər göstərib. Özünün yaratdığı mətbuat orqanları vasitəsi ilə çox böyük dəstək olub. İsa Qəmbərin prezident olması üçün çox əziyyətlər çəkib, həbsxana həyatı yaşayıb, döyülüb, təhqir olunub. Ancaq sonda bəlli oldu ki, İsa Qəmbər və Müsavat partiyası bu insanlara çox laqeyd yanaşdılar və insanların gəldiyi yola belə heç bir əhəmiyyət vermədilər. Bəlli oldu ki, Müsavat rəhbərliyi çox dəyaz və naşükür imiş".
O, həmçinin əlavə etdi ki, bundan sonra partiyanın güclənəcəyindən söhbət belə gedə bilməz: "Artıq Müsvat Partiyası çox zəif bir durumdadır. Məncə, partiyanın bu səviyyəyə düşməsinin əsası, birbaşa İsa Qəmbərlə bağlıdır. Çünki bu partiya bir nəfərin iradəsinə tabe idi. İsa Qəmbər də 25 ildə heç bir ciddi uğur qazanmadığına görə, partiya indiki durumuna gəlib çıxıb. Müsavatın heç bir perespektivi yoxdur. Faktiki bu gün Arif Hacılı başqan olsa da, hər kəs yaxşı bilir ki, bütün proseslərə İsa Qəmbər nəzarət edir. Son aylarda , son illərdə Müsavat Partiyasında istefa verənlərin sayı hesabı yoxdur. Vurğun Əyyubdan tutmuş Tural Abbaslıya qədər. Əksinə artıq hər kəs çox yaxşı bilir ki, 25 il də heç bir uğur qazanmayan Müsavat Partiyasında bu gündən sonra da qalmaq vaxt itkisindən başa bir şey deyil...".
Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Ehtiram Mehdiyev isə bildirib ki, Müsavat Partiyası ilə "Yeni Müsavat" arasındakı baş verənlər Arif Hacılının intriqabazlığının, şəxsi ambisiyalarının, qeyri-obyektivliyinin nəticəsidir: "Biz 2014-cü ildə şahidi olduq ki, Müsavat uçuruma gedir. Bütün tanınmış simalar partiyadan istefa verdilər. Məhz Arif Hacılının "əməyi" sayəsində bu proses bu gün də davam edir. Heç kəs bu adamla işləmək istəmir, onunla eyni əqidənin daşıyıcısı, eyni yolun yolçusu olmaq heç kimin istəyi deyil". Arif Hacılı ilə Rauf Arifoğlu arasında baş verən insidentə münasibət bildirən E.Mehdiyev onu da qeyd edib ki, son üç il ərzində bir daha bəlli oldu ki, Əli Kərimli, Arif Hacılı kimi şəxslərin rəhbərlik etdiyi partiya heç bir siyasi uğur qazana bilməz: "Çünki bu adamlar şəxsi mənafelərini milli mənafedən, partiya maraqlarından üstün tuturlar. Yadınızdadırsa, elə bu yaxınlara qədər Arif Hacılının ən çox təbliğatını aparan mətbu orqan məhz "Yeni Müsavat" qəzeti idi. Rauf Arifoğlu ona dəfələrlə kömək edib. Bir sözlə, bu adamlar şəxsi çıxarları üçün hər kəsi ayağından asmağa hazırdırlar. İndi təsəvvür edin ki, Arif Hacılı Rauf Arifoğluna qarşı belədirsə, gör sıravi müsavatçılara qarşı necə ədalətsizdir!".