Azərbaycan, Rusiya və İran prezidentləri birgə bəyannamə imzaladılar
"Bu gün tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçirilir. Zirvə görüşündə iştirakına görə İran və Rusiya prezidentlərinə təşəkkür edirəm. Bu günkü görüş yeni əməkdaşlığa təkan verəcək".
Bu barədə prezidenti İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.
"Ölkələrimizi sıx dostluq münasibətləri bağlayır, ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir birilərini dəstəkləyirlər. Qonşularımızla dostluq əlaqələri milli maraqlarımıza uyğundur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir", deyə prezident İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status kvo qəbul edilməzdir: "Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizin 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsində erməni silahlı qüvvələrinin qeyd şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsuslar olsun ki, yerinə yetirilmir".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək.
Üçtərəfli görüşdə çıxış edən Rusiya və İran prezidentləri siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmini vurğulayıblar.
Görüşün sonunda Azərbaycan, Rusiya və İran prezidentləri birgə bəyannamə ni imzalayıblar.
Bəyannamədə qeyd olunur ki, Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən "Şimal-Cənub" dəhlizinin inkişafı üçün tədbirlər görəcək: "Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir. Tərəflər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir".
Bəyannamədə həmçinin qeyd olunub ki, rəsmi Bakı, Moskva və Tehran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin effektivliyini artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir.
Bəyannamədə Rusiya, İran və Azərbaycanın bir sıra sahələr üzrə işçi qruplar yaradacaqları da vurğulanıb.
İşçi qruplar qarşılıqlı maraq kəsb edən sahələri əhatə edəcək.
Bəyannamədə Azərbaycan, Rusiya və İranın energetika və nəqliyyat sahələri də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəldikləri bildirilir: "Tərəflər bərabərlik və qarşılıqlı mənfəət əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əlaqələri gücləndirmək niyyətindədir. Tərəflər investisiyaların təşviqi və müdafiəsi sahəsində regional və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin vacibliyini yenidən dəstəklədiyini təsdiqləyir, investisiya layihələrinin reallaşması və yeni texnologiyaların cəlbində mühüm rola malik olan bank sahəsində əməkdaşlığın yaxşılaşdırılması da daxil olmaqla əlverişli şəraitin qorunmasının zəruriliyini vurğulayır".
Bəyannamədə o da qeyd olunub ki, tərəflər regionda iqtisadi artıma, beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional, eləcə də beynəlxalq energetika və nəqliyyat dəhlizlərinin inkişafı məqsədi ilə hər iki sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir: "Tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının sabit fəaliyyəti üçün Azərbaycan, İran və Rusiyanın töhfəsinin zəruriliyini qeyd edir və gələcəkdə bu sahədə qarşılıqlı fəaliyyətin daha da yaxşılaşdırılmasının, o cümlədən qazın nəqli və tədarükü ilə bağlı texnologiyaların təqdim edilməsinin tərəfdarı olduqlarını bəyan edir. Bununla əlaqədar tərəflər gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq və qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir".
Bəyannamədə qeyd olunur ki, Rusiya, İran və Azərbaycan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasını vacib hesab edirlər:
"Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi olduğunu nəzərə alaraq, Xəzərin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasının vacibliyini qəbul edirlər".