Azərbaycan prezidenti ABŞ Konqresinin nümayəndəsini qəbul edib Siyasət

Azərbaycan prezidenti ABŞ Konqresinin nümayəndəsini qəbul edib

Azərbaycan prezidentiİlham Əliyev avqustun 11-də ABŞ Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri, eyni zamanda, Xarici İşlər üzrə Palata Komitəsində və Hüquqi İşlər üzrə Palata Komitəsində fəaliyyət göstərən Stiv Şabotu qəbul edib.
Cənubi Qafqazın mühüm region olduğunu qeyd edən Stiv Şabot regiona səfərlərinə Cənubi Qafqazın ən vacib ölkəsi olan Azərbaycandan başladıqlarını vurğulayıb. Səfərinin regionun, o cümlədən Azərbaycanın daha yaxşı tanınması işinə öz töhfəsini verəcəyini bildirən Şabot əldə etdikləri məlumatları Konqresdəki həmkarlarına çatdıracağını deyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın artıq 25 ildir, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutmasına baxmayaraq, hələ də bəzi dünya siyasətçilərinin və beynəlxalq ictimaiyyət nümayəndələrinin ölkəmizin reallıqları, yürütdüyü siyasət, əldə etdiyi nailiyyətlər və gələcək planları barədə məlumatlandırılmasına ehtiyac duyulur. Stiv Şabotun səfərinin ölkəmizi və insanlarımızı daha yaxından tanımaq, inkişaf proseslərini müşahidə etmək, prioritetlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyən dövlət başçısı səfərin uğurlu keçəcəyinə əminliyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycanda son illərdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar, həmçinin bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.