“Məhkəmə qərar verəcək” Siyasət

“Məhkəmə qərar verəcək”

"Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına federal məhkəmə qərar verəcək".
Bunu Türkiyədə səfərdə olan ABŞ-ın vitse prezidenti Co Bayden deyib.
"Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək" -deyə o, əlavə edib.
Xatırladaq ki, Türkiyə hökuməti Fətullah Gülənin ABŞ-dan ekstradisiya edilməsi ilə bağlı 85 qutu sənədi Vaşinqtona göndərib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 77 yaşlı Fətullah Gülənlə bağlı ifşaedici materiallar Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə Gülən camaatı təşkilatının Türkiyənin dövlət strukturlarına necə sızması detalları ilə göstərilib.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfərə gəlib.
Ankara Esenboğa hava limanında onu Türkiyənin ABŞ-dakı səfiri Serder Kılıc və ştatların Türkiyədəki səfiri Con Bass qarşılayıb.
Bayden Türkiyə Böyük Millət Məclisini ziyarət etdikdən sonra baş nazir Binəli Yıldırımla görüşəcək. Rəcəb Tayyib Ərdoğanla isə prezident sarayında görüşəcək. Media üçün qapalı keçiriləcək bu görüşlər başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.
Görüşlərdə əsas müzakirə mövzuları Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, Suriya məsələsi və ikitərəfli əlaqələrin perspektivi olacaq.