Avropada Qarabağ gündəmi Siyasət

Avropada Qarabağ gündəmi

Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Varşavada Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib. Görüşdə Azərbaycanı Milli Məclissədrinin müavini Valeh Ələsgərov təmsil edib.
Parlamentdən verilən məlumata görə, tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılıb.
Valeh Ələsgərov Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açaraq enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, Azərbaycanın Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata keçirməsindən, investisiya yatırımlarından danışıb: "Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onu bərabərhüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə əməkdaşlığa hazırıq".
Valeh Ələsgərov çıxışında Azərbaycanın və regionun inkişafına böyük maneçilik törədən mövcud təhdidlər barədə də danışıb. O qeyd edib ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon işğal olunub, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşüb, ölkənin 20% torpağı zəbt edilib. O Ermənistanın bu işğalçılıq siyasətini regional inkişafa əsas təhlükə kimi dəyərləndirib.
Səfər çərçivəsində Valeh Ələsgərov Polşa Seyminin sədr müavini Riçard Terletski ilə görüşüb. Görüş zamanı vitse-spiker Varşavada belə bir tədbirin təşkili və dəvətə görə Polşa tərəfinə öz təşəkkürünü bildirib. Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, bölgədə cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.