“Ermənistanın rəhbərliyi altında KTMT texnoloji aktivliklərdən istifadə edəcək” Siyasət

“Ermənistanın rəhbərliyi  altında KTMT texnoloji aktivliklərdən istifadə edəcək”

Piter Teys: "KTMT Xüsusi Qüvvələri Azərbaycan ərazilərində kəşfiyyat apara bilər"

Asim Mollazadə: "KTMT-də də Ermənistanla bağlı fikir birliyi yoxdur"

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeni baş katibinin SSRİ dövründə hərbi təcrübə almış, yüksək rütbəli sabiq erməni hərbçi və ya hər iki əllərini günahsız azərbaycanlıların qanına batırmış şəxs olacağına şübhə etmirəm". Bunu amerikalı siyasi ekspert Piter Teys deyib. O qeyd edib ki, KTMT Müstəqil Dövlətlər Birliyi (MDB) tərəfindən yaradılıb: "1992-ci il mayın 15-də yaradılan KTMT-nin Baş katibi postu bu il Ermənistan təmsilçisinə veriləcək. Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstandan ibarət olan təşkilata Azərbaycan 1999-cu ildə üzvlükdən imtina edib. Şübhə yoxdur ki, KTMT-yə Ermənistan təmsilçisinin Baş katiblik etməsi nəticəsində qoşunların təmas xəttində erməni təxribatlarının sayı artacaq və regional stabillik pozulacaq".
P.Teys qeyd edib ki, növbəti illər ərzində KTMT çərçivəsində 2014-cü ilin avqustunda Qazaxıstanda keçirilən hərbi təlimlər kimi təlimlərin keçirilməsi mümkündür. Onun sözlərinə görə, bu təlimlərə 20 helikopter və döyüş təyyarələri cəlb edilmişdi: "KTMT-nin Qazaxıstanda keçirdiyi təlimlərdə kiber müharibə və fiziki treninqlər aparılıb. Təlimlərdə üzv dövlətlərin hər birindən 30 əsgər iştirak edirdi. Ermənistanın da KTMT çərçivəsində 2016-cı il ərzində, qar yağmazdan öncə növbəti hərbi təlimlər üçün zəmin hazırlaması gözlənilir".
Ekspert hesab edir ki, KTMT Xarici İşlər Nazirləri Şurası diplomatik dialoqları gücləndirəcək və bütün KTMT üzv dövlətləri çərçivəsində xarici siyasət planını koordinasiya edəcək. P.Teys vurğulayıb ki, KTMT Baş katibi Nikolay Bordyujanın erməni xələfinin rəhbərliyi ilə qlobal səviyyədə Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılacaq: "Ermənistanın rəhbərliyi altında KTMT texnoloji aktivliklərdən istifadə edəcək. Hesab edirəm ki, KTMT Xüsusi Qüvvələri Azərbaycan ərazilərində kəşfiyyat apara bilər. Azərbaycanın KTMT-yə üzv dövlətlərlə - Ermənistan və Qazaxıstanla qonşu olması faktına adekvat olaraq, Azərbaycan və Gürcüstanda Aİ İnstitutları, ABŞ və NATO-nun kəşfiyyat personalı ola bilər".
Ekspert onu da qeyd edib ki, KTMT Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə dialoqları genişləndirir: "Hər iki təşkilatın ortaq üzvləri var və KTMT yeni Baş katibinin ŞƏT-lə əməkdaşlığı genişləndirməsi mümkündür. Biz qeyd etməliyik ki, ŞƏT Asiyanın təhlükəsizliyinə məsuliyyət daşıyan təşkilatdır. KTMT ilə birgə ŞƏT NATO-nun Avrasiya məkanındakı rolunu provokasiya edə bilər. Rusiyanın Mərkəzi Asiya ölkələrinin 5-də bazaları var, ona görə də Moskvanın Asiyada üstünlüyü ələ alıb təhlükəsizliyə təmin etmək avantajı var".
Ekspert sonda qeyd edib ki, KTMT-nin növbəti Baş katibi oktyabrın 2-ci həftəsində elan ediləcək: "Hesab edirəm ki, KTMT-nin növbəti rəhbəri Moskvadan tam dəstək alan fiqur olacaq".
Millət vəkili Asim Mollazadə deyib ki, ümumiyyətlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni baş katibin erməni olacağı ilə bağlı məlumatlarda təəccüblü heçnə yoxdur: "Bildiyiniz kimi Ermənistan Rusiyanın və sözügedən təşkilata daxil olan digər ölkələrin hərbi müttəfiqidir". Onun sözlərinə görə, KTMT-də da Ermənistanla bağlı fikir birliyi yoxdur: "Burada söhbət Rusiyadan və s. gedir. Zənnimcə, Ermənistan bir müstəqil dövlət kimi hansısa qərarları qəbul etmək imkanına malik deyil. Ona görə də bu təşkilatda həmişə olduğu kimi aparıcı söz və qərarlar Rusiya ilə bağlıdır. Ümumiyyətlə Rusiyanın qərarları olmadan Ermənistan hansısa qərarlar qəbul etmək imkanına malik deyil".